Zərərçəkmiş, Qarabağ Müharibəsi qazisi  Nurəddin Xasay oğlu Niftəliyev: ««Şakir» MTK-nın rəhbəri Tural Şakir oğlu Hüseynov nə 90 min dollar pul ödədiyim mənzilimi verir, nə pulumu qaytarır, bu azmış kimi, məni cangüdəni ilə iki dəfə döyüb ağır bədən xəsarət yetirib…»

 Bakı şəhər sakini Niftəliyev Nurəddin Xasay oğlunun «Təzadlar»a etdiyi müraciətinin kömək gözləmə ünvanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Zərərçəkmişin cənab Prezidentə ünvanlı şikayətini oxuduqca ciddi düşünməyə və həm də təəssüflənməyə bilmirsən. Axı niyə Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov Prezidentin imzaladığı «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş vəzifəsini qanuni səviyyədə icra etmir ki, şikayətçi də Azərbaycanın Qarabağ kimi yüzillik problemini həll etməkdə olan, dünyanın ermənipərəst dövlətləri ilə mübarizə aparan Prezident İlham Əliyevdən kömək istəsin?! Hansı ki, prokuror fəaliyyət göstərdiyi rayonda polisin istintaq icraatına nəzarət etməlidir. İndi belə çıxır ki, Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun özünün fəaliyyətinə nəzarət edilməlidir! Elə şikayət də bu barədədir…

***

 Beləliklə, 2017-ci ildə 90 min dollar pul ödəyərək «Şakir» MTK-dan mənzil alan, sonradan isə dələduzluğun qurbanı olan N.Niftəliyevin başına əməlli-başlı müsibətlər gəlib. Ən pisi budur ki, əvvəllər Qax rayonunda prokuror vəzifəsində çalışmış, 2020-ci ildən  Nərimanov rayon prokuroru təyin olunmuş  Hidayət Nurəlibəyov müavini olan Tural Haqverdiyevlə birlikdə zərərçəkmiş, 1-ci Qarabağ Müharibəsi qazisi N.Niftəliyevi açıq şəkildə dələduzların ayağına verməkdədir… Bu mənada, Nərimanov rayon Prokurorluğunda nə baş verdiyini daha ətraflı izləmək üçün zərərçəkmiş şikayətçinin (220060535 saylı cinayət işi üzrə) redaksiyamıza təqdim etdiyi rəsmi sənədləri, təqdim etdiyi və «Şakir» MTK-nın rəhbəri Tural Şakir oğlu Hüseynov və onun yaxın dostu, cangüdəni (?), özünü «qanuni oğru» kimi təqdim edən «İzi» adlı şəxs, eləcə də Tural Hüseynovun vəkili Asif Mədətov və başqalarının qanunsuz hərəkətlərini ehtiva edən arayışları, həmçinin dələduzlardan pulunu tələb edən Qarabağ qazisinin döyülüb şikəst edilməsini təsdiqləyən rəsmi həkim Ekspert Rəyinin məzmununu və s. araşdırdıq. Qısası, rəsmi sənədləri təhlil edəndən sonra şikayətçinin Prezident İlham Əliyevə, Azərbaycanın Baş prokuroru Kamran Əliyevə, Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazova, eləcə də Azərbaycan Prezidentinin köməkçisi Fuad Ələsgərova ünvanlı şikayətini əsaslı bilib təqdim etməli olduq:

 nur-1

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə!

Azərbaycanın Baş prokuroru cənab Kamran Əliyevə!

Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazova!

Azərbaycan Prezidentinin köməkçisi cənab Fuad Ələsgərova!

Çox hörmətli cənab Prezident!

Hörmətli cənablar!

Bildirirəm ki, 2017-ci ildə «Şakir» MTK-nın rəhbəri Tural Şakir oğlu Hüseynova 90 min dollar pul ödəyərək Nərimanov rayonu ərazisindən 165 kvm. sahəli mənzil aldım. Sonradan məlum oldu ki, həmin mənzil başqa vətəndaşa-Rüstəmova Venera Əhəd qızına məxsusdur. Bunu biləndən sonra «Şakir» MTK-nın rəhbəri Tural Şakir oğlu Hüseynovdan ya mənzilimi, ya da pulumu qaytarmasını tələb etdim. Uzun müddət pulu qaytaracağını deyən Tural Hüseynov məni aldatmağında davam etdi. Bu arada mənə məlum oldu ki, mənim kimi aldadılanların sayı xeylidir. Nəhayət, bir gün məni Nərimanov rayonu ərazisindəki «Dostlar» kafesinə dəvət etdi ki, gəlin, məsələni yoluna qoyaq. Mən deyilən ünvana çatanda kafedə 3 nəfərin olduğunu gördüm. Onlar spirtli içki olan masada yemək yeyirdilər. Mən yemək yemək istəmədiyimi bildirib Tural Hüseynova üzümü tutub dedim ki, «Oğlum, xahiş edirəm, axı biz düşmən deyilik, atandan da yaşlı adamam, ya mənzilimi, ya da pulumu ver, niyə məni incidirsən?». Bu vaxt gözləmədiyim halda Tural ağır söyüş söyərək dizimdən güclü zərbə endirdi. Ardınca da özünü «qanuni oğru» kimi təqdim edən «İzi» adlı şəxs (Səfərov İlizbar Vəliyəddin oğlu) məni boğmağa başladı, sonra isə sol çənəmə güzlü zərbələr endirərək qarnıma dizi ilə və təpiklə vurdular. Bu vaxt dişlərim qırılıb yerə töküldü və sonradan məlum oldu ki, qarnımda yırtıq əmələ gəlmişdir, 6 dişim sınmışdır. Turalın  bu qanunsuz və cinayətkar əməlinə özünü qanuni oğru kimi təqdim edən «İzi» adlı ikinci şəxs də qarışmışdı. Lakin üçüncü şəxs- Vasif Vaqif oğlu  Kərimov onların bu hərəkətlərinə qəti etirazını bildirdi, onları sərt tənqid etdi. Sonradan V.Kərimov Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində verdiyi ifadəsində də baş verənləri olduğu kimi təsdiqləmiş oldu. Hətta o, sonuncu dəfə 2023-cü ilin sentyabrın son günlərində Nərimanov rayon Prokurorluğuna və Polis İdarəsinə bu barədə rəsmi ərizə ilə də müraciət etmişdir. O, həm də bu ərizəsinin əsasında baş müstəntiq Elnur Məmmədova ifadə verən zaman Tural Hüseynovla özünü «qanuni oğru» kimi təqdim edən «İzi» ləqəbli Səfərov İlizbar Vəliyəddin oğlu ilə üzləşməsini tələb etmişdir. Lakin müstəntiq hələ də bunu etməkdə israrlı deyil. Niyə, bu barədə əlavə şərhə ehtiyac görmürəm. Artıq İstintaq Şöbəsinin rəisi Bəkir Qarayev və müstəntiq E.Məmmədovun barəsində daxili işlər naziri cənab Vilayət Eyvazova və Baş Prokurorluğa teleqram vurmuşam.  

 Beləliklə, onlar məni üst-başım qan içində kafedən küçəyə atdılar, sənədlər olan çantamı da üstümə tulladılar. Yetirilmiş ağır xəsarətlər nəticəsində ilkin olaraq Nərimanov rayon Polis İdarəsinə şikayət ərizəsi verdim, cinayət işi başlanılmasını xahiş etdim. Lakin Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Hüseyn Səddam heç bir araşdırma aparmadan «Cinayət işinin başlanmasının rədd olunması barədə» qərar qəbul etdi. Bundan sonra müstəntiqin qanunsuz hərəkətindən Nərimanov RPİ-nin istintaq şöbəsinin rəisi Bəkir Qarayevə ərizə ilə müraciət etdim. O isə mənimlə kobud danışıb ərizəmi qəbul etmədi, dedi, get hara istəyirsən şikayət et. O da MTK rəhbərinin müdafiəçisinə çevrildi. Məsələ mənə aydın oldu. Mən də qeyd etdiyim əsassız qərarın ləğvi ilə bağlı Bakı şəhər Prokurorluğuna müraciət etdim. 3 aydan sonra mənə cavab verdilər ki, araşdırdıq, müstəntiqin rədd qərarının ləğvinə əsas görmürük və s.

Nəhayət, Baş Prokurorluğa müraciət etdim. Bundan sonra Nərimanov RPİ İŞ-nin müstəntiqi Hüseyn Səddamın «Cinayət işinin başlanmasının rədd olunması barədə» qərarı qanunsuz olduğundan ləğv edilərək Nərimanov RPİ-nin istintaq şöbəsinə qaytardılar. Bu dəfə baş müstəntiq Elnur Məmmədovun icraatına verildi. E.Məmmədov araşdırma apararaq xəsarətlərimlə bağlı təkrar eksertiza təyin etdi. Ekspert rəyində mənə vurulmuş ağır xəsarətlər təsdiqini tapdı. Bununla da Tural Hüseynovla özünü «qanuni oğru» kimi təqdim edən «İzi» ləqəbli Səfərov İlizbar Vəliyəddin oğlunun əlbir olaraq mənə ictimai yerdə ağır xəsarətlər yetirmələri ilə bağlı cinayət işi başlandı (Az.CM-nin 221.2.1 maddəsi, 220060535 saylı cinayət işi üzrə), mən zərərçəkmiş kimi tanındım.

Cənab Prezident! Bütün maddi sübutların, şahid və xəsarətlərlə bağlı həkim ekspert rəyinin olmasına baxmayaraq 13 aydan çoxdur ki, Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov və müavini Tural Hayqverdiyev Azərbaycan qanunlarını tapdayaraq mənim Konstitusion hüquqlarımın pozulmasına şərait yaradırlar. Onlar müstəntiqə təsir və təzyiq edərək mənə qarşı dələduzluq etmiş, pulumu və ya mənzilimi tələb edərkən isə mənə ağır xəsarət yetirmiş Tural Hüseynovla onun cangüdəni, özünü «qanuni oğru» kimi təqdim edən «İzi» ləqəbli Səfərov İlizbar Vəliyəddin oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinə imkan vermirlər. Hətta mən məcbur olub neçə dəfə prokurorun qəbulunda da olmuşam. O məni yox, cinayət törətmiş şəxsləri müdafiə etməyə başladı. İndiyədək ən azı on dəfə onun qəbulunda olmuşam. Sonuncu dəfə böyük bir çətinliklə 2023-cü ilin setyabrın sonlarında Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovla görüşə gedəndə isə o, prokurorluğun dəftərxana müdiri Ramin Hacıyevlə birlikdə mənim Konstitusion hüquqlarımı kobud surətdə pozdu. Belə ki, o, R.Hacıyevin məsləhəti ilə məni dinləməkdən imtina etdi və mənə açıq şəkildə bildirdi ki, bu cinayət əməli üzrə cinayət işi başlanmasına imkan verməyəcək! Ardınca məni təhqir etdi. Prokuror onun qəbuluna getmiş digər vətəndaşların gözü qarşısında məni ələ saldı. Aydın şəkildə bildirdi ki, hətta o, ekspert rəyini belə ləğv etdirərək «Şakir» MTK-nın rəhbəri Tural Hüseynovla özünü «qanuni oğru» kimi təqdim edən «İzi» ləqəbli Səfərov İlizbar Vəliyəddin oğlunun cinayət məsuliyyətinə cəlb olunmasına imkan verməyəcək. Bu artıq o demək idi ki, prokuror və onun müavini cinayət törətmiş şəxslərə himayədarlıq və vəkillik edir. Dəfələrlə şahidiyəm ki, mən müstəntiq E.Məmmədovun qəbulunda olarkən Nərimanov rayon prookurorunun müavini Tural Haqverdiyev ona zəng edərək deyirdi ki, «Mən sənə göstəriş vermişəm, niyə eksertin rəyini ləğv etmirsən?». O isə bildirirdi ki, mən yox, vəkil Şəmsəddin Quliyev ləğv etdirməli idi, çünki rəy Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin» Baş direktoru, Professor Ədalət Həsənov tərəfindən təsdiq olunub. Ona görə də bu iş mənlik deyil» və s.

Cənab Prezident!

Bütün bunlarla onu demək istəyirəm ki, bir tərəfdən Nərimanov rayon prokuroru və onun müavini, digər tərəfdən Nərimanov RPİ-nin istintaq şöbəsinin rəisi Bəkir Qarayev və onun təzyiqi və təsiri nəticəsində baş müstəntiq Elnur Məmmədov tərəfindən Konstitusion hüquqlarım kobud surətdə pozulmaqdadır. Prokurora və polisin istintaq şöbəsinin rəisinə çoxsaylı vəsatətlər verməyimə baxmayaraq, heç bir tədbir görülmür. Halbuki cinayət işinin istintaqı barədə yekun qərar qəbul etmənin prosessual qanunveericilikdə müddəti var. Artıq 13 aydır ki, mən süründürməçiliyin qurbanı olmaqdayam. Bilmirəm ki, mənə qarşı 90 min dollarlıq dələduzluq etmiş «Şakir» MTK-nın rəhbəri ilə mübarizə aparım, qanuni hüquqlarımın bərpasını tələb edim, yoxsa Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov və müavini Tural Haqverdiyev, eləcə də Nərimanov RPİ-nin İstintaq Şöbəsinin rəisi və müstəntiqi ilə. Odur ki, xahiş edirəm, mənim pozulmuş hüquqlarımın bərpası üçün aidiyyəti üzrə tapşırıq verəsiniz.

 Hörmətlə,

Nurəddin Xasay oğlu Niftəliyev,

220060535 saylı cinayət işi üzrə zərərçəkmiş, Qarabağ Müharibəsi qazisi.

Redaksiyadan: xatırladırıq ki, zərərçəkmiş Nurəddin Xasay oğlu Niftəliyev dünən tezadlarTV-nin studiyasında bu və ya digər məsələrlə bağlı videomüsahibə vermişdir. Tezliklə efirə veriləcək.

Elçin MƏMMƏDLİ,

Qarabağ Müharibəsi veteranı

nur-2

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN