“Moderator.az” saytı tərəfindən martın 4-də dərc edilmiş “Məktəbdə bədbəxt hadisə: 8-ci sinif şagirdinin barmağı qopdu” sərlövhəli materialda “Media haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının kobud şəkildə pozulması faktı qeydə alınıb.
MEDİA-dan bildirilib ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən zorakılığı və qəddarlığı nümayiş edən informasiya dövriyyəsi məhdudlaşdırılan informasiyaya aiddir.
“Media haqqında” Qanuna görə isə mediada informasiya dərc edilərkən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunda nəzərdə tutulmuş tələblərə əməl olunmalıdır.
Qeyd olunan pozuntunun aradan qaldırılması və belə hallara yol verilməsinin qarşısının alınması məqsədilə “Moderator.az” Məhdud Məsuliyyətli Cəmiyyəti media subyektinə məxsus “moderator.az” onlayn media redaksiyasına xəbərdarlıq edilib, qanunvericiliyin tələblərinin bu və ya digər formada pozulması hallarında digər hüquqi tədbirlərin görüləcəyi bildirilib.
TEZADLAR.AZ