AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli: «Minnətdarıq ki, Sizin yazıdan sonra AMEA-nın Prezidenti, hörmətli Akademik Ramiz Mehdiyev göstəriş verdi, zirzəmidəki yeməkxana boşaldılır, ərazi instituta təhvil verilir…»
«Təzadlar»ın ötən buraxılışında «AMEA-NIN ƏLYAZMALAR İNSTİTUNDAKI QİYMƏTLİ ƏLYAZMALARI BOZBAŞ İYİNƏ QURBAN VERƏNLƏR» sərlövhəli məqalə dərc edilmişdi. İkikinci dəfə idi Əlyazmalar İnstitutundan “Təzadlar”a şikayət daxil olurdu ki, onların qiymətli əlyazmalar saxlanan otaqlarının düz altında -zirzəmidə uzun müddətdir yeməkxana fəaliyyət göstərir (ərazi AMEA-nın balansındadır). Yeməkxanadan qalxan yağların buxarı, soğan, sarımsaq və s. digər ərzaq məhsullarının, yeməklərin iyi bütün günü otaqlardan çəkilmir. İnstitut əməkdaşlarının narazılıq dolu şikayətindən aydın olurdu ki, yeməkxanada bişən yeməklərin iyi, qaynadılan sudan, xörəkdən qalxan buxarın hamısı qiymətli əlyazmalar saxlanılan saxlanc otağına ciddi təsir edir, nəmişliyin əsas mənbəyinə çevrilir.
Şikayəti yerində araşdırmaq üçün deyilən ünvanda olmuş, institut əməkdaşları ilə söhbət etmişdik və narazılıq doğuran məsələ ilə bağlı məqalə dərc edilmişdi. İnstitut kollektivinin Prezident İlham Əliyevə və Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, AMEA-nın Prezidenti Ramiz Mehdiyevə geniş müraciətində isə bu və ya digər suallara cavab arzulanırdı. Və həmin müraciəti qəzetin növbəti sayında dərc etməyi qərara almışdıq.
Bu gün İnstitutun direktoru Teymur Kərimli redaksiyamızla əlaqə saxlayaraq xoş bir xəbər söylədi: «…Sağ olun ki, kollektivimizin narazılığına səbəb olan məsələni yerindəcə araşdıraraq qəzetinizdə və saytınızda işıqlandırdınız. Məqalədən sonra AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev dərhal aidiyyəti üzrə göstəriş verdi, problem yerində araşdırıldı, məsələ aydınlaşdırıldı… Bir daha kollektiv adından hörmətli Ramiz Mehdiyevə dərin təşəkkürümüzü bildirirəm ki, məsələyə operativ reaksiya verildi və artıq yeməkxana boşaldılır və zirzəmi ərazisi instituta təhvil verilir…».
Biz də oxucularımız adından Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, hörmətli Ramiz Mehdiyevə təşəkkür edirik ki, həqiqətən də Əlyazmalar İnstitutu kollektivinin haqlı narazılığına səbəb olmuş problemin yerində operativ araşdırılmasına və ərazinin boşaldılaraq instituta təhvil verilməsinə göstəriş vermişdir. Beləliklə, institutut kollektivini uzun müddətdir ciddi narahat edən problem həllini tapdı…
A.Məmmədli