1 Oktyabrda baş vermiş mühüm hadisələr

1827 – Rus qoşunu İrəvan qalasını işğal etmişdir.
1918 – Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə Baı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlamışdır. Bu gün Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur.
2001 – Azərbaycan Respublikası "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya"ya qoşulmuşdur.

Doğum günləri: 

1912 – Məşhur tarixçi alim, etnoqraf Lev Nikolayeviç Qumilyov Rusiyanın Tsarskoe Selo əyalətində şairə Anna Axmatova və yazıçı Nikolay Qumilyovun ailəsində doğulub.

Uşaqlığı Tversk quberniyasının Slepnevo Bejetsko adlanan ərazisində keçib.

Lev Qumilyovu dərin, üslub baxımından olduqca yenilikçi araşdırmaların müəllifi idi.

Levin tarixini araşdırdığı xalqlar və tayfalar arasında Orta və Mərkəzi Asiyadakı köçərilər, Tibet və Pamir xalqları, qədim ruslar, türklər və s. vardı.

Lev Qumilyov  1961-cü ildə "Qədim türklər” mövzusunda tarix üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Türkiyə xalqlarının həyatından bəhs edən "Qədim türklər”, "Hunnlar”, "Xəzəristanın kəşfi”, "Etnogenez və Yerin biosferi” kimi məşhur əsərləri vardır.

Lev Qumilyov 1992-ci ilin 15 aprelində vəfat edib.

*** 

1935—  Tanınmış rejissor, ssenari müəllifi, baş redaktor, təcrübəçi rejissor, film direktoru, prodüser, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi  Ziyafət Abbasov Bakıda anadan olub.

1963-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1968-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio şirkətində, 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. Əməkdar İncəsənət xadimidir. "Mozalan" kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkmişdir.

Ziyafət Abbasov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.

Abbasov 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunmuş, 1994-2001-ci illərdə "Azərbaycanfilm”in direktoru vəzifəsində çalışmışdır.

***

1948 —Tanınmış  şair, tərcüməçi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odər Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur.

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləmişdir (1981-1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989-1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak etmişdir. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı" laureatı olmuşdur.

 ***

1950 - Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Əliyev İmişli rayonunda anadan olmuşdur.


Qarabağ Һadisәlәri başlayanda İmamverdi Cəbrayıl rayonunda mübarizəyə atılmışdı. Bu cəbhədə döyüşlərin birində dörd ermәni tankını mәһv edәn, Hadrud rayonunun Şaqax kәndi yaxınlığında iki yüz azğın düşmənə qarşı on altı saat döyüşüb, 28 nәfәr ermәni quldurunu yerә sәrәn İmamverdi Әliyev özü dә 1991-ci il 15 noyabrında Vətən yolunda şәһid oldu.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əliyev İmamverdi Barat oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
İmişli rayonunda dəfn edilmişdir.
İmişli sakinlәri bu gün İmamverdi Əliyev adı ilә ünvanlanmış küçədən iftixar һissi ilә keçirlәr.
İmamverdi Әliyevn doğulub boya-baş çatdığı Qulubәyli kәnd orta mәktәbi hal-hazırda igid döyüşçünün adını daşıyır.
İmişli Daxili İşlər Şöbəsi önündə büstü qoyulmuşdur.

***

1960 - Azərbaycanın Xalq artisti, xanəndə Mənsum İsrafil oğlu İbrahimov Ağdamda anadan olmuşdur.

1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil almışdır. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunmuşdur. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa etmişdir. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların gözəl ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində — İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanadada ləyaqətlə təmsil edir. Bununla bərabər pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. 2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına əsasən Şöhrət ordeni ilə təltif olunmuşdur. Azərbaycan Milli Konservatoriyasının professorudur.

***

1969 - Azərbaycanın Milli Qəhrəmanı Kazım Məmmədov Cəbrayıl rayonunda anadan olmuşdur.


Ermənilərin torpağlarımıza hücum edəndə Kazım Məmmədov Cəbrayıl rayonu Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə daxil olmuşdu, qəhrəmanın cəbhə həyatı da elə buradan başlayır. Kazım bir neçə döyüşdə şücaətlə vuruşmuşdu. 1991-ci il 15 noyabr erməni qəsbkarları Xocavənd rayonunun Dərəkənd kəndinə hücum etmişdi. Kazım boş evlərdən birini özünə mövqe seçərək erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv etdi, azğınlaşmış ermənilər binaya od vurdular kiçik çavuş Məmmədov Kazım qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Böyük Mərcanlı kəndində dəfn edilib.
Oxuduğu 1 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.
Kazım Məmmədovun adına üç mükafat təsis edilib.

***
Vəfat etmişdir:

1965 -
 Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi, Cabbar Qaryağdıoğlunun "Şərq musiqisinin incisi" adlandırdığı Seyid Şuşinski  vəfat etmişdir.


Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şerlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şerini "Müxalif"də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şer və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. "Ayıl ey millət", "Mən bir türkəm", "Millət istərsə" və s.
Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərmişdi. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox gömək etmişdi, özü də aktyor kimi bir sıra rolları oynamışdı. Seyid Şuşinski "Cahargah"dan başqa "Mahur", "Nəva", "Məsnəvi", "Mani", "Arazbarı", "Heyratı" kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxumuşdur. ("Rast-Humayun", "Qatar-Bayatı", "Şur-Şahnaz") "Rast"da və "Kürdi-Şahnaz"da "Dilkəş"i ilk dəfə Seyid Şuşinski ifa etmişdi.
Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı "Şur" və "Kürdi-Ovşarı" simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdu.

***
1965 - Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) Bakıda vəfat etmişdir.


Əliağa Vahid 18 fevral 1895- ci ildə Bakıda doğulmuşdur. İlk təhsilini mollaxanada almış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: "Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s. yazmış, "Kommunist" qəzetində, "Molla Nəsrəddin" jurnalında əməkdaşlıq etmişdir. "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri", 1943; "Qəzəllər", 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.

***
1987 -
 Teatr xadimi, aktyor Nüsrət Fətullayev 74 yaşında vəfat etmişdir. 

Nüsrət Fətullayev aktrisa Hökümə Qurbanovanın həyat yoldaşı və aktrisa Vəfa Fətullayevanın atasıdır.

Sırf səhnə ilə bağlı olan, teatr-dekorasiya sənətçisi Nüsrət Möhsün oğlu Fətullayev ömrünün son günlərinə kimi yaradıcılıq axtarışlarından qalmayıb. Milli teatr rəssamlığımızın inkişafında və formalaşmasında böyük xidmətlər göstərib. 25 sentyabr 1913-cü ildə Lənkəran rayonunda doğulan Nüsrət Fətullayev Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb (1930-1934). Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31-43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Akademik Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni ləyaqətlə icra edib. Sənətdəki xidmətlərinə görə respublikanın əməkdar incəsənət xadimi (4 may 1940) və xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb. "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasına görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramının tamaşasının tərtibatı üçün isə 1972-ci ildə Azərbaycanın Dövlət mükafatı laureatı olub. Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasına (1938), Musiqili komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1943), Fikrət Əmirovun "Ürəkçalanlar" (1944), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (1945), Vladimir Dolidzenin "Keto və Kote" (1945), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib. Milli Dram Teatrında əllidən çox tamaşanın rəssamı olub. Onların arasında estetik səciyyələrinə, forma əlvanlığına və monumentallıq xüsusiyyətlərinə görə səhnəqrafiyada xüsusi yer tutanları bunlardır: "Almaz", Cəfər Cabbarlı (1936), "Skapenin kələkləri", Jan Batist Molyer (1936), "Həyat", Mirzə İbrahimov (1937), "Hacı Qara", Mirzə Fətəli Axundzadə və "Vaqif", Səməd Vurğun (1938), "Pəri cadu", 

Əbdürrəhim bəy Haqverdiyev (1940 və 1957), "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı (1940), "Xoşbəxtlər", Sabit Rəhman və "Fərhad və Şirin", Səməd Vurğun (1941), "Dumanlı Təbriz", Məmməd Səid Ordubadi (1945), "Nüşabə", Abdulla Şaiq (1946), "İşıqlı yollar", İlyas Əfəndiyev (1947), "Rəqs müəllimi", Lope de Veqa (1949), "Müfəttiş" Nikolay Qoqol (1952), "Qış nağılı", Vilyam Şekspir (1955), "Səyavuş", Hüseyn Cavid (1963), "Xanuma", Avksenti Saqareli (1975), "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə (1978), "Cehizsiz qız", Aleksandr Ostrovski (1979), "Yad adam", Leonqard Frank (1980), "Təhminə və Zaur", Anar (1985).

Nüsrət Fətullayev əsasən realist səhnə tərtibatına üstünlük verib. Yaradıcılığının bir qolunu da monumental-romantik üslub təşkil edib. Teatrın texniki prinsiplərini dərindən bilməsi, səhnə ölçülərinə dəqiqliklə riayət etməsi onun işlədiyi tərtibatlara tamlıq, əzəmət və obrazlılıq gətirirdi. Tərtibat verdiyi tamaşalarda aktyorların sərbəst səhnə davranışlarını yaradıcı həssaslıqla nəzərə alırdı. Milli etnoqrafiyanı dərindən bilirdi. Nüsrət Fətullayev tərtibat rəssamlığında klassik üslub ənənələrini yaşadırdı. Ancaq o, dövrün qaynar, mürəkkəb, təzadlı, işıqlı ruhunun rəng təzə-tərliyinə, təravətli ovqatına da cəsarətlə can atırdı. Onun tərtibatında janr-üslub qarışıqlığı olmurdu, ancaq müxtəlif formaların harmonik sintezi, bir poetikada füsunkarlıqla birləşməsi həm tamaşaya möhtəşəm obrazlılıq gətirir, həm də tamaşaçını heyrətdə saxlayırdı.

*** 

1992- Azərbaycanın Milli Qəhrəmanı Kərəm Ərşad oğlu Mirzəyev Vətən naminə döyüşlərdə canını qurban vermişdir.


Kərəm Mirzəyev 20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Azərbaycan İnşaat Universitetini yenicə başa vurub kəndlərinə qayıtmışdı. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Kərəm Arxangelsk və Murmansk şəhərlərində tank bölüyündə xidmət etmişdi. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayır. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Bir müddət Kalininqrad şəhərində təhsil aldığdan sonra Vətənə dönür. 30 yaşını yenicə başa vurmuş Kərəmin gələcəklə bağlı çox böyük arzuları vardı. Lakin müharibə onun bütün gələcək arzularını arxa plana keçirdi.
Vətən torpağının xilas olması Kərəm Mirzəyevin hələlik yeganə arzusuna çevrildi. Bir sıra döyüşlərdə şücaət və cəsarət göstərdi. Qızğın döyüş nöqtələrindən çəkinmədi. Kərəm Novlu, Seytas, Əyin və başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdu. "Laləzar" əməliyyatının keçirilməsində büyük xidməti olmuşdur. 1992-ci il aprel ayında keçirilən bu əməliyyat zamanı erməni quldur dəstəsi tam məhv edildi faşistlərin başçısı Karen döyüş meydanında gəbərdi, onun cəsədini 30 azərbaycanlı əsirə dəyişdilər. 1992-ci il oktyabr ayının əvvəlləri idi. Erməni quldurları Laçın rayonunun Mazutlu kəndinə hücum etdilər. Mühasirəyə düşən döyüşçü yoldaşlarını xilas edən Kərəm 1992-ci il 1 oktyabrda Mazutlu kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə rast gəldi və qəhrəmancasına həlak oldu.
Yenicə ailə qurmuşdu, bir oğlu vardı.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Özü isə anadan olduğu və ürəyi qədər sevdiyi Qubadlı rayonunun Xanlıq kəndində torpağa tapşırıldı.
Xanlıq kənd orta məktəbi onun adını daşıyır, bu məktəb hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərir.

***
1992 - Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılov vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.


İlqar İsmayılov 29 mart 1959-cu il Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Bakı şəhərindəki 45 saylı orta məktəbə getmiş, 1976-cı ildə təhsilini başa vurmuşdur. Daha sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitunda təhsil almışdır. 1981-ci ildə hərbi xidmətə çağırılımış, 1983-cü ildə ordudan tərxis edilmişdir.
İlqar 1991-ci ildən başlayaraq tez-tez döyüş bölgəsinə gedərdi. Onun şücaəti nəticəsində ermənilərlə vuruşan xeyli xarici vətəndaş ələ keçirilmişdir. Onun rəhbərliyi ilə 128 nəfər döyüşçümüz Qızartı yüksəkliyini erməni basqınçılarından azad etmişdir. İgid komandir 1992-ci il 1 oktyabr qəhrəmancasına həlak olmuşdur.
Ailəli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önündə büstü qoyulub.

***
1992 - Azərbaycanın Milli Qəhrəmanı Əli Məmmədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Əli Məmmədov 11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə almışdır.

1975-ci ildə ordu sıralarına çağırılmışdır. Əli  xidmətini Macarıstanda başa vurmuşdur.

1982-ci ildə Polis Akademiyasına daxil olmuşdur. Əli Məmmədov 1992-ci ildən cəbhəyə getməyə başlayır.

Əli Məmmədov 1992-ci il 24 sentyabr Laçın cəbhəsində vuruşmağa başlayır. Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz 1 oktyabr 1992-ci il tarixində səhər tezdən güclü hücuma məruz qalırlar. Yaralıları təhlükəsiz yerə çaıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli başından ağır yaralanır. Mərd və cəsur döyüşçü bu yaradan da əbədiyyətə qovuşur.
Ailəli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakı küçələrindən biri Əli Məmmədovun adını daşıyır.

*** 

Bayramlar və xüsusi günlər:

 1.Dünya Memarlıq Günü 1949-cu ildə Lozannada təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd edilir.

Memarlığı bəzən "donmuş musiqi" adlandırırlar, çünki o, notlar kimi riyazi qanunlar və incəsənət üslublarına tabe olur. İnsan sivilizasiyasının inkişafının hər mərhələsi konkret tarixi dövrü, onun əsas xüsusiyyətlərini, ideologiyasını və xarakterini simvollaşdıran öz tipik Memarlıq üslubuna malikdir.

Tarix boyu sivilizasiyalar onlardan qalan memarlıq abidələri ilə fərqlənmişlər. Misir öz Ehramları, Çin - Böyük Çin Səddi, Roma İmperiyası - Böyük Kolizey və Müqəddəs Pyotr kilsəsi, Afina - qədim Akropol, Paris - Eyfel qülləsi ilə bütün dünyada məşhurdur.

Azərbaycan - qədim tarixə və mədəniyyətə malik ölkədir. Azərbaycan xalqı xarici qəsbkarlarla barışmaz mübarizədə öz azadlığını qorumaqla yanaşı, özünəxas mədəniyyətini nümayiş etdirən əsərlər, o cümlədən də gözəl memarlıq abidələri yaratmışdır. Naxçıvan, Təbriz-Sultaniyyə, Şirvan-Abşeron, Şəki-Zaqatala, Bərdə-Qarabağ və s. memarlıq məktəblərinin məhsulu olan gözəl memarlıq və şəhərsalma əsərləri buna bariz sübutdur.

Bu günlərimizə qədər gəlib çatmış nadir əsərlər Azərbaycan memarlarının fitri istedadını dünyaya nümayiş etdirirlər. Azərbaycan memarları nəinki Azərbaycanda, hətta onun hüdudlarından çox-çox uzaqlarda da (Balkanda, Orta Asiyada, Hindistanda və digər yerlərdə) öz dəsti-xətlərini yadigar qoymuşlar.

 Azərbaycanda   Ustad Tağı (Şamaxı qəbiristanlığındakı "Yeddi günbəz” türbələr kompleksi), Hacı Məhərrəm (Bakıdakı cümə məscidinin hasarları), Mirzə Qədim İrəvani (rəssam-nəqqaş-İrəvanda Sərdar Sarayının divar rəsmləri), Süleyman (xəttat; Abşeronun Əmircan kəndindəki məscidin kitabəsi, XIX yüzil), Usta Qurbanəli və Şükür Qənbər oğlu ( hər iki nəqqaş Şəki xanları sarayının dekortaiv tərtibatı və bərpasında iştirak etmişlər), Cahangirbəy Əliyev (memar-Ağdaşın baş planı), Zirvərbəy Əhmədbəyov (mühəndis-memar- Bakıda Təbriz məscidi və s.), heykəltaraş C. Qaryağdı, memarlar Q. Əlizadə, Ə. İsmayılov (M.Ə.Sabirin heykəli), Sadıq Dadaşov , Mikayıl Hüseynov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, dekorativ-tətbiqi sənətimizin görkəmli sənətkarları Lətif Kərimov, Hüseyn Babayev, Q.Əlizadə, M.Mədətov, Ə.İsmayılov, Ş.Zeynalova, H.Qədimov, T.Xanlarov, R.Əliyev, Ə.Salamzadə, E.Xanıkov və məşhur  sənət adamları vardır.

*** 

2. Beynəlxalq Musiqi Günüisə UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilmişdir.
Bu bayram hər il bütün dünyada ən yaxşı artistlərin və incəsənət kollektivlərinin iştirak etdikləri möhtəşəm konsert proqramları ilə qeyd olunur. Həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.
Bəşəriyyətin musiqi ilə tanışlığı çox qədim dövrlərdən başlamışdır. Afrika mağaralarında aşkar edilmiş qayaüstü rəsmlərdə əlində musiqi aləti tutmuş insanlar təsvir edilmişlər. 2000-ci ildə isə Çin arxeoloqları 2 min illik tarixi olan musiqi alətləri muzeyini aşkara çıxarmışlar.
Azərbaycanda da musiqinin tarixi çox qədimlərə gedib çıxır. Qobustandakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın "Yallı” rəqs səhnələri təsvir olunmuşdur. Bu rəqs Azərbaycan musiqisinin qaynaqlarından soraq verir.

3.Dünya Dostluq Günü 1958-ci ildə bir neçə Cənubi Amerika ölkəsində qeyd olunmuşdur. Xüsusilə Paraqvayda. 27 Aprel 2011-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən rəsmi Beynəlxalq Dostluq Günü kimi 30 İyul elan edilib. Ancaq Hindistan kimi bəzi ölkələr d Dünya Dostluq Gününü Avqust ayının ilk bazar günü olaraq qeyd edir.

4.BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq

hər oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur.
Bu məsələyə Respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.

Hazırladı: Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN