Jurnalistlər Salyanda Xəzərin duzlu suyunun göz yaşı kimi içməli suya necə çevrilməsinə şahidlik etdilər...
...Bu gün oktyabrın 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ənənəvi təşkilatçılığı ilə Salyana mediatur təşkil edildi. Bir qrup TV və sayt (elektron media) əməkdaşlarının bu dəfəki səfəri daha bir maraqlı və yaddaqalan tədbirlərə meydan oldu. Onu da deyim ki, bu dəfə də nazirliyin mətbuat xidmətinin rəhbəri İradə xanım İbrahimova səfərin məqsədi barədə yol boyu məlumatlandırıb bəzi sualları cavablandırmaqla jurnalistlərin bilgilərini zənginləşdirirdi... Hətta İ.İbrahimova deyəndə ki, Salyanda dəniz suyunun təmizlənib içməli suya çevrilməsini özünüz dadmaqla görəcəksiniz, bunun nə dərəcədə mümkünlüyü hamını düşünmürməkdə idi...
Nazir müavini Vüqar Kərimovun yolumuzu qısaldan eksklüziv müsahibələri...
...Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovla nazirliyin Salyandakı "Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin 4 saylı Yaşıllaşdırma İdarəsinin tingliyinədək olan məsafəni minimuma endirən maraqlı söhbətini dinlədikcə onun peşəkarlığına heyran olmamaq mümkün deyildi. O, Azərbaycanın hər bölgəsinə aid bitki örtüyünün xarakterini incəliklə izahlayır, bilgimizi daha da cilalayırdı.
Onu da deyim ki, adı çəkilən tinglikdə 20-dən çox həmişəyaşıl ağac və kollar toxumdan cücərdilib yetişdirilir. 1-ci, 2-ci, 3-cü və 4-cü tinglik sahələrində yetişdirilib əkinə hazırlanan ağacların ümumi sayı 700 mindən çoxdur. Bu ağaclar nazirliyin təyinatı üzrə Azərbaycanın müxtəlif bölgələrinə paylanılır və əkilir. Nazirliyin ümumi tingliyinin isə sahəsinin 200 hektar olduğu bildirildi. Salyandakı bölmədə isə həm də dəniz suyunu duzsuzlaşdırma zavodu fəaliyyət göstərir. Jurnalistlər isə səbrsizliklə çıxışda içməli su səviyyəsinə çatdırılan dənizin duzlu suyunun son məhsulundan-təmiz suyundan dadmağa tələsirdilər...
Nazir müavini Vüqar Kərimov hələ yolda ikən bizi bu mövsümdəki yaşıl marafonun coğrafiyası və əhatə dairəsi ilə tanış etdi: “...Biləsiniz ki, ənənəvi “Yaşıl marafon” çərçivəsində paytaxt Bakı, eləcə də Abşeron yarımadası da daxil, indiyədək ümumilikdə 400 minə yaxın ağac əkilib. Eləcə də payız-qış mövsümündə daha 800 min ağacın əkilməsini nəzərdə tutmuşuq. Bakı-Sumqayıt yolunun üzərində, həmçinin Xocahəsən və Müşfiqabad qəsəbəsində, ölkənin şimal- qərb, şimal-cənub istiqamətinə uzanan yol boyu ağac əkini həyata keçiriləcək”.
Nazir müavini onu da bildirdi ki, bu işdə bir sıra dövlət və özəl şirkətlər də fəaliyyətə qoşulub: “...Mətbuata yaxın günlərdə onların adını da açıqlayacayıq ki, digər şirkətlər də bu vacib fəaliyyətə qoşulsunlar. Məsələn, biz Xocahəsən ərazisində onların hər birinə 20 ha ərazi ayırmışıq və indi ərazi yaşıllıqlara bürünməkdədir...”.
V.Kərimov işğaldan azad edilmiş ərazilərdə aparılan ağacəkmə kampaniyasına da toxundu. Məlum oldu ki, Zəngilanda 32 ha, Cəbrayılda 40 ha və Türkiyədən olan iş adamlarının 20 hektarlıq “Dostluq parkı” və Ağdamda 10 hektarlıq yaşıllıq salınmaqdadır.
Ən maraqlısı, əkilən və əkiləcək bütün ağaclar nazirliyin zona tinliklərində yetişdirilir, yəni daxili əkin məhsullarıdır, xarici ölkələrdən gətirilmir. Bu da ağacların yerli şəraitin iqliminə tez uyğunlaşması deməkdir. “...Ağac əkiləcək ən böyük sahə Xocahəsəndədir. 100 hektarlıq ərazi nəzərdə tutulub... Bu ilin oktyabrın 20-dən mövsümi əkinə başlanılıb. Üzümüzə gələn həftədən isə nazirliyin, eləcə də İDEA İctimai Birliyinin təşəbbüskarlığı çərçivəsində mövsümü əkinə başlanılacaq...”.
Yaşıllaşdırma tingliyi –gələcəyimizin meşəliyi...
...Bura isə Nazirliyin tabeliyində olan “Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin 4 saylı Yaşıllaşdırma İdarəsinin tinglik sahəsidir. ASC-nin sədri Ramik Əşrəfov jurnalistlərə maraqlı bilgi verdi. Məlum oldu ki, böyük ərazini əhatə edən bu tinglik sahəsində 20 növdən çox həmişəyaşıl ağacların tingi yetişdirilir. Bu tinglər toxumdan və çilikdən istifadə edilməklə ərsəyə gətirilir. Jurnalistlər nəinki toxumların əkilməsi prosesinə şahidlik etdilər, eləcə də özümüz toxum əkməklə bu nəcib işə dəstəyimizi nümayiş etdirdik.
R.Əşrıfovun bilgisindən o da bəlli oldu ki, tinglik 2013-cü ildən fəaliyyət göstərir və burada hazırda 700 mindən çox ting və toxmacalar yetişdirilir: “Biləsiniz ki, cəmiyyətin ümulikdə 4,4 min ha əkinlik şitilyetişdirmə ərazisində 5,5 milyondan çox tinglər böyüdülür...”.
Tingliyin suvarılmasında Xəzərin duzlu suyu necə kara gəlir???
Diqqətimizi bir məsələ çəkdi: məlum olurdu ki, bu qədər ərazidə istifadə edilən su Xəzərin duzlu suyundandır. Təsəvvür edirsinizmi, Xəzərin duzlu suyu əkində və digər sahələrdə təmiz texniki su səviyyəsinə gətirilir, uğurla istifadə olunur. Və məlum oldu ki, jurnalistləri təəccübləndirən Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu 2013-cü ildə istifadədir, sutkalıq emal gücü 4 min kubmetrdən çoxdur. Və emal edilərək fiziki-kimyəvi texnoloji proseslərdən keçən su təxminən 12-13 km məsafədən qəbul edilir və emaldan sonra həm də suvarmada istifadə edilən 2 min kubm.-lik təmiz texniki su əldə edilir.
Məlumat üçün bildirək ki, Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi 2013-cü ildə Prezident İlham Əliyevin göstərişi əsasında pilot layihə kimi istismara vəsiqə alıb... Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su ehtiyatlarının idarə edilməsi şöbəsinin bölmə müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında əlavə edərək bildirdi ki, dünyada içməli su qıtlığının yarandığı bir vaxtda, Prezidentin təsdiq etdiyi 2020-ci ilin sosial-iqtisadi inkişaf Proqramında Xəzər dənizinin suyundan istifadə starateji vəzifə kimi qarşıya qoyulub. Bu müəssisə də pilot layihə kimi yaradılıb. “...Bu müəssisə pilot layihə olsa da, fəaliyyəti onu deməyə əsas verir ki, hansısa məqamda lazım olarsa, belə müəssisələri Azərbaycanın istənilən ərazisində istismara verilib əhalini içməli su ilə də təmin edə bilərik... Məsələn, Bakıya içməli su Kür çayından və Oğuz-Qəbələ su kəməri ilə Oğuzdan, eləcə də Ceyranbatan gölünə Qusar-Xaçmaz istiqamətindən gətirilir. Məsrəfi böyükdür... Hesab edirik ki, Bakı ətrafında-Xəzərin sahilində belə təyinatlı müəssiələr yaradılarsa, lazımi anda əhalinin içməli və ya texniki su ilə tələbatını ödəmək mümkündür. Yaxud, bütün yaşıllıq əraziləri məhz bu müəssisənin suyu ilə suvarmaq olar ki, bu da ənənəvi içməli suya qənaət etməkdir... ”, -deyə Faiq Mütəllibov “Təzadlar”a açıqlamasında söylədi.
Bəs Xəzərin suyu necə duzsuzlaşdırılır?
...Jurnalistlərin sonsuz marağına səbəb olan Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodunun fəaliyyətinin texnoloji mahiyyətini burada sərgilənmiş məlumat lövhəsindən də öyrənirik. Məlum olur ki, su Xəzərdən təxminən 12 km-lik məsafədən boru vasitəsilə müəssisənin qatı duzlu çəninə daxil olur, sonra texnoloji xəttə ötürülür. Burada ilkin çökmə prosesi baş verir, sonra filtrlərdən keçirilərək fiziki təmizləmə prosesindən keçirilir... Nəhayət, emaldan çıxan təmiz su növbəti dəfə mikron filtrlər bazasından keçirilib tam təmizləmə halına gətirilir.
***
Müəssisənin rəhbəri Qabil Teymurov isə bunları əlavə etdi: “...Dəniz suyunun Duzsuzlaşdırılması Zavodu dənizdən 12 kilometr uzaqlıqda yerləşir. Duzlu su yüksək təzyiq nasosu ilə texnoloji membranlara vurulur, burada duz sudan ayrılaraq ilkin daxil olan duzlu suyun təxminən 45 faizi şirin (texniki) suya çevrilir, duzsuzlaşdırılmış çənə vurulur. Suyun yerdə qalan 55 faizi isə ikiqat duzlaşdırılmış şəkildə dənizə axıdılır. İstehsal olunan suyun təxminən 10 faizi isə mineralizasiyadan keçirilərək məişətdə istifadə olunma səviyyəsinədək təmiz hala gətirilir...”.
Jurnalistlər Xəzərin duzlu suyunu necə içdi???
Açığı, jurnalistlər Xəzərdən götürülən duzlu suyun filtirdən keçiriləndən sonra içməli hala gətirilməsinə əvvəlcə inanmırdılar. Lakin nazir müavini Vüqar Kərimov filtirlənmiş və duzsuzlaşdırılmış su çəninə gedən boru üzərindəki krantını açaraq stəkanı su ilə doldurub içəndə, hamı təəccübünü kənara qoyub növbə ilə həmin sudan içməyə başladı. İnanılmaz idi: Xəzərin duzlu suyu bulaq suyu qədər tərtəmiz olmaqla, içməli idi... Mən də bu sudan dadmalı oldum. Etiraf edim, əvvəlcə elə bildim bu, sadəcə, reklam xarakterlidir, müəssisənin pilot layihə kimi uğurlu olması təbliğ edilir və s. Amma özüm həmin sudan içəndə müasir texnologiyanın daha bir möcüzəsinin canlı şahidi oldum...
...Jurnalistlərin Salyan rayonunun Xıdırlı kəndi ərazisindəki belə bir möcüzəli məkana səfəri olduqca maraqlı təəssüratla yekunlaşdı... Sonda ağacəkmə aksiyasında da iştirak etdik. Simvolik mərasim olsa da, burada jurnalistlərin izi qaldı, təsəvvürlərimiz daha da zənginləşdi.
Lap sonda: jurnalistlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Salyandakı "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin 4 saylı Yaşıllaşdırma İdarəsindəki tingliyinə mediaturu müəssisə əməkdaşlarının qonaqpərvərliyinin açıq havada süfrələrə gətirilən samovar çayı ilə tamamlandı... Və yoladüşmə məqamında müəssisə əməkdaşları ilə xatirə fotosu çəkildi...
Bir daha Ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayevə və nazir müavini Vüqar Kərimova, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya, eləcə də nazirliyin bölgə əməkdaşları- Ramik Əşrəfova, Söhrab Abbasova, Faiq Mütəllimova, Qabil Teymurova ... jurnalistlərin daha bir mediaturunun tarixləşməsinə yaratdıqları şəraitə görə təşşəkkür borcumuzu çatdırıram...
Asif MƏRZİLİ
(Bakı-Salyan –Bakı)
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst.6.3.17)