Araz Əsgərli: “Bizim ən böyük problemimiz Qarabağ idi ki, onu da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həll etdik…“
…Avropanın mərkəzində yerləşən Almaniya dövləti haqqında həmişə müsbət fikirlər eşitmişik. «Alman dəqiqliyi» ifadəsi də elə-belə yaranmayıb… Onun demokratik ölkə olması, qayda-qanunların yüksək səviyyədə işləməsi, alman dəqiqliyi və düzlüyü həmişə dillərdə əzbər olub. İllər öncə Azərbaycan televiziyasının Almaniyadakı kəm-kəsirləri göstərərək bu ölkənin heç də demokratik ölkə olmadığnı qeyd edəndə, hamımız ağız büzürdük ki, bu yalan təbliğatdır. Sən demə, AzTV o vaxt öz mövqeyində haqlı imiş.
***
Əvvəlki yazılarımda da qeyd etmişəm ki, 31 ildir Hollandiyada yaşayan, Avropada nəşr olunan “Xudafərin” jurnalının, həmçinin eyni adlı saytın təsisçisi və baş redaktoru Elman Mustafazadənin yaratdığı “Ya Qarabağ, ya ölüm” vatsapp qrupunda dünyanın müxtəlif ölkələrində yaşayan vətənpərvər, dövlətini sevən insanlarla tez-tez ünsiyyətdə oluram. Bu ünsiyyət zamanı bir çox məqamlar üzə çıxır, Azərbaycanın tarixindən və Avropa haqqında çox maraqlı faktlar, söhbətlər dinləyirəm. Belə maraqlı söhbətlərdən biri də 21 ildir Almaniyada yaşayan iş adamı, hüquqşünas Araz və Asəf Əsgərli qardaşları ilə oldu.
Məlumat üçün qeyd edim ki, Araz və Asəf Əsgərli qardaşları Azərbaycan ictimaiyyətinə tanış olmalıdır. Haradasa, 5-6 il əvvəl Azərbaycan qəzetlərində və saytlarında bir məlumat yayıldı. Həmin məlumatda qeyd edilirdi ki, Rusiyada istehsal olunan erməni konyaklarının üstünə Qarabağın xəritəsi vurulub və həmin konyaklar da Almaniyaya satış üçün göndərilib. Azərbaycanın Almaniyadakı səfirliyi bu məsələyə o qədər də ciddi cəhdlə yanaşmadı, əhəmiyyət vermədi və üstündə Qarabağın şəkli olan erməni konyakları Almaniyanın mağazalarını bürüdü. Belə bir məqamda, bax həmin bu qeyrətli, vətənpərvər Araz və Asəf Əsgərli qardaşları Almaniya məhkəməsinə rəsmən müraciət edirlər və məhkəməni də uddurlar. Məhkəmənin qərarı ilə üstündə Qarabağın şəkli olan erməni konyakları bütün satış məntəqələrindən yığışdırılır. Mənim kimi çoxlarına da bu qardaşlar haqqında elə də böyük informasiya məlum deyildi. Dediyim kimi, Elman Mustafazadənin sayəsində “Ya Qarabağ, ya ölüm” vatsapp qurupunda Araz və Asəf Əsgərli qardaşları ilə yaxından tanış oldum. Xüsusilə, Araz Əsgərli ilə Azərbaycanın və Almaniyanın müqayisəli müzakirəsinə və təhlilinə yönəlmiş söhbətlərimiz olduqca maraqlı alındı.
Bir daha göründü ki, bu qardaşlar Azərbaycanı, dövlətimizi necə böyük məhəbbətlə sevirlər. Araz Əsgərli ilə olan söhbətimizi “Təzadlar”ın oxucularına da təqdim etməklə, inanıram ki, Almaniya haqqında, doğrudan da “Amerika” kəşf edirəm. İndiyə qədər bizə nümunə kimi göstərilən bu dövlət, sən demə, el dili ilə desək, üstü bəzək, altı təzək imiş. İndi Araz Əsgərli ilə olan söhbətimizi "Təzadlar"ın oxucularına təqdim edirəm:
-Araz bəy, Almaniyanın demokratik ölkə olmadığı haqqında fikirlər səslələndirirsən. Amma biz başqa cür düşünürdük. Məsələn, götürək səhiyyəni. Bidiyimiz kimi, bir çox imkanlı adamlar müalicə üçün Almaniyaya üz tuturlar. Sən necə bilirsən, doğrudanmı Alman səhiyyəsi belə inkişaf edib və oradakı həkimlərin hamısı çox bacarıqlıdır?
-Deyilənlərin hamısı heç də düz deyil. Mən burada bir çox çıxışlara qulaq asıram və görürəm ki, Azərbaycandakı müəyyən problemlərdən söhbət açırlar. Sizi əmin edirəm ki, o problemlər dünyanın hər yerində, Avropada, o cümlədən Almaniyada da var. İlk vaxtlar Almaniyaya gələndə elə fikirləşirdim ki, burada hər şey, səhiyyəsi də, təhsili də, xidməti də, qayda-qanunları da yüksək səviyyədədir. Amma bu yaşadığım 21 il ərzində bunun belə olmadığını gördüm. Söhbətlərdən eşidirəm ki, Azərbaycan səhiyyəsində problemlər mövcuddur. Tutaq ki, Azərbaycan müstəqilliyini yenicə əldə etmiş bir dövlətdir. Bəs dünyanın aparıcı dövlətlərindən, 7-likdə və ya 3-lükdə olan Almaniya kimi bir dövlətin niyə səhiyyəsində ciddi problemlər var? Bu ki dünən yaranan dövlət deyil. Almaniyada çox ciddi səhiyyə problemi və həkim çatışmazlığı var. Görün nə günə qalıb ki, keçmiş SSRİ respublikalarında iş tapa bilməyən həkimlərin hamısı Almaniyaya gəlib, rahatca işləyə bilirlər. Düzdür, almanların içərisində yaxşı, bacarıqlı həkimlər var, ancaq bunlar olduqca azdır. Almaniyada xəstəyə yaxşı baxmırlar. Kim buna inanmırsa, mənimlə əlaqə saxlasın, ona faktla sübut edim ki, dediklərim həqiqətdir. Burada təbii ki, sığorta sistemidir. Gedirsən həkimə, kartından pulu çəkir, bundan sonra dəxli oldu, olmadı, deyir ki, get su iç, parastamol qəbul elə. Ən yaxşı klinikalarına getmişəm, baxmırlar, rəhbərliyi ilə müzakirə, mübahisə edib, getmişəm. Əsas odur ki, sənin sığorta kartından pulu çəksin, çəkən kimi müxtəlif bəhanələrlə sənə baxmaqdan imtina edir. Heç olmasa, bir qan analizi götürsünlər, hansısa bir müayinə etsinlər, yoxdur belə şeylər. Şikayətə də baxmırlar. Ümumiyyətlə, şikayət etməyə yer də yoxdur. Hələ Almaniya dünyanın ən yaxşı ölkələrindən biri sayılır. Etdiyin şikayətə guya baxırlar, amma verdiyi cavablarda özlərini haqlı çıxarırlar. Tanıdığım bir çox adamlar koronavirusa yoluxmuşdular. Gedirlər həkimə, deyirlər ki, su iç, parastamol qəbul elə, vəssalam. Amma Azərbaycan Almaniyaya baxanda çox rahat, qayda-qanunları olan bir dövlətdir. Adam belə pisi görəndən sonra, yaxşının qədrini bilir. Azərbaycanda həkimə gedəndə ən azından həkim səninlə normal söhbət edir, səni dinləyir, tövsiyələrini verir və dava-dərman yazır. Burada isə, həkimə gedirsən, heç beş dəqiqə səninlə düz-əməlli söhbət etmir. Çalışır tez-bazar səni yola salsın.
Bu yaxınlarda yaşadığım yerin bir qəsəbə xəstəxanasına getmışdim. Qaraciyərimin üst nahiyyəsində bir az problem var idi. Özüm də təxmini bilirdim nədir. Getdiyim xəstəxanada həkim Bolqarıstandan gəlib, heç Alman dilini də bilmirdi. Mənə heç bir müalicə yazmadı. Səhəri günü mən xəstəxananın rəhbərliyinə şikayət etdim. Cavab verdilər ki, bura şəxsi xəstəxanadır, bura gəlməyə də bilərsən… Bu da sizin üçün Almaniya. Normal həkimin olmadığından bəzən bir xəstəni eyni problemdən üç dəfə əməliyyat edirlər. Bəzən də şikayət edəndə, sənə elə cavab yazırlar ki, bir də şikayət etməyə həvəsin olmur. Avropanın mərkəzi olan Almaniyada səhiyyə belə acınacaqlı vəziyyətdədir. Covid-19-u heç müalicə etmirlər. Covidlə müraciət edəndə deyirlər, get otur evdə, boğulsan, ölsən zəng edərsən. Ağırlaşıb boğulanda da zəng edirsən, deyirlər gəl xəstəxanaya. Gəlirsən, 3-4 saat səni orda gözlədirlər, axırda da deyirlər səndə heç nə yoxdur, get evə. Azərbaycanda bilirəm ki, gedib özün kompüter tomoqrafiyasından keçə bilirsən ki, görüm ciyərimdə buzlaşma varmı? Amma burada deyirsən ki, kompüter tomoqrafiyasından keçmək istəyirəm, deyir, ona sənin nə ixtiyarın var ki? Bu qərarı ancaq həkim verə bilər? Həkim də heç bir qərar vermir. Çünki həkimə də sığorta tapşırıb ki, o bahalı müayinədir, eləməsin. Poliklinikaya gedirsən, dərman yazmır. Soruşanda deyir ki, mənim 100 xəstəm var və ona uyğun da dərman verirlər, əlavəsini yaza bilmərəm. Deməli, yıxılıb ölməlisən. Kim Almaniyanı tərifləyirsə ki, yaşamalı ölkədir, kökündən yalnış fikirdir. Çünki həmin adam Almaniyada yaşamayıb, sadəcə, turist kimi gəzib, gedib. Azərbaycanda həkimə əməliyyat üçün gedəndə danışırsan və arxayın olursan ki, bu həkim də səni əməliyyat edəcək. Burada isə, yalnız əməliyyat vaxtı bilirsən ki, səni kim əməliyyat edəcək. Bu gürcü də, rus da, erməni də, alman da ola bilər. Bu isə düzgün yanaşma deyil, insan hüquqlarının pozulması deməkdir. Çünki mənim sığortamdan pul çıxılır, yəni mən pul ödəyirəm. Ona görə də haqqım var ki, bilim, hansı həkim məni əməliyyat edəcək? Bəlkə mənim o həkimə etirazım olacaq? Bunları nəzərə alan yoxdur. Əsasən də İraqdan, Livandan, Ukraniyadan gələn həkimlər əməliyyat edirlər ki, onlar da ucuz işçi qüvvəsi sayılır. Bunlara da hər şeyi etibar etmək olmaz. Burada əməliyyat çox bahadır.
-Araz bəy, Almaniyadakı səhiyyə sisteminin necə bərbad olduğunu faktlarla göstərdin. Bəs Almaniyada məhkəmə, polis, prokurorluq işləri nə yerdədir? Yəni alman düzlüyünə onlar da əməl etmirlər?
-Əlbəttə, əməl etmirlər. Əgər bir hadisə baş verirsə, mən Almaniya vətəndaşı olsam da, hüquq həmişə yerli almanın xeyrinə olur. Mən sizə bir faktı deyim. 6 il bundan əvvəl atam yanıma gəlmişdi. Üç aylıq vizası var idi. Üç ayın tamam olmasına 10 gün qalmış ürəyində ciddi problem yarandı. Özünün də Azərbaycanda «Əmrah» Sığortadan sığortası var idi. Atamı təcili yardım çağırıb, xəstəxanaya apardıq. Orada yoxlamadan sonra məlum oldu ki, atamın ürəyi infarkt halına çatıb. Üç damardan ikisi tutulub və ona stend qoyulmalıdır, ya da açıq əməliyyat olunmalıdır. Xəstəni gətirən adamın oğlu olduğunu biləndə, mən bir neçə kağıza imza atdım. Bu, o deməkdir ki, sığorta bu əməliyyatları qarşılayır, əgər çatmasa, qalan məbləği mən ödəməliyəm. Stendi dərhal qoya bilmədilər, ikinci cəhddə qoydular. Sonra başladılar pulları hesablamağa. Təcili yardım çağırmaq 1000 avrodur. Azərbaycanda isə təcili yardım havayı gəlir, əlavə olaraq, öz istəyinlə 5-10 manat verəndə təşəkkür edirlər. Stendin biri Azərbaycanda 1500-2000 manatdır. 40 min avroya yaxın mənə hesab çıxartdılar. Atam əməliyyatdan bir müddət sonra Azərbaycana qayıtdı. «Əmrah» Sığorta da o pulu ödəmədi və iş getdi çıxdı Almaniyada məhkəməyə. Məhkəmədə deyirlər ki, pulu mən ödəməliyəm. Soruşuram axı niyə? Sığorta hazırda pulu ödəmir, mən də Azərbaycanda həmin sığorta şirkətini məhkəməyə vermişəm. Hakim mənə deyir ki, Azərbaycanda hakimlərə təzyiq göstərin, işi tələsdirin. Mən də cavab verirəm ki, Almaniyada belə iş mümkündürmü? Azərbaycan sizin üçün dərəbəylik meydanı deyil, orada qanunlar işləyir. Hakim deyir ki, sən səhv etmisən. Soruşuram ki, nəyi səhv etmişəm, özümə şəxsi nəsə almamışam axı… İnsanın vəziyyəti ağır idi, onu da xəstəxanaya gətirdik. O vəziyyətə görə mən də oxumadan istənilən kağıza qol çəkdim. Hətta oxusaydım da belə qol çəkəcəkdim. Çünki birinci, xəstəni xilas etmək lazım idi. Onun sözündən belə çıxır ki, mən xəstəyə kömək etməli deyildim. Nə isə, bu iş çox uzandı, bir az mən ödədim, bir az sığorta ödədi. Yəni, deməyim odur ki, insan amili burada heç nədir. Daha bir misal. Elektrik işləri görmək üçün Ukraynanın Xarkov şəhərindən 150-ə qədər işçi dəvət etmişdim. Üç nəfərini otelə yerləşdirdim. Oteldə bir az problem var idi, ona görə küçədə gözləyirdik. Arxamda da bir alman qadını dayanmışdı. Elə bir gözü bizdə idi. Biz də iki maşınla dayanmışdıq. Ukraynadan gələn uşaqlar bir az saqqallı idi. 15 dəqiqədən sonra polis maşını gəldi. Soruşdu ki, bunlar kimdir, cavab verdim ki, işçilərdir. Pasportlarına baxdı, gördü hər şey qaydasındadır. Sual verir ki, bəs burada nə edirik? Bildim ki, həmən qadın bizi şübhəli şəxs kimi qəbul edib və polisə məlumat verib. Cavab verdim ki, oteldə yer almalıyıq. Onu gözləyirik. Məndən tələb etdi ki, maşını açım. Burada belədir ki, maşında yoxlama keçirmək üçün mütləq ya prokrorun sanksiyası olmalıdır, ya da gömrük işçisi maşına baxa bilər. Ona görə də dəfələrlə tələb etsə də, maşının yük yerini açmadım. İşi belə görüb, lazım olan yerlərlə təcili əlaqə saxladılar və qısa müddətə maşını yoxlamaq üçün prokurorluqdan sanksiya aldılar. Yenə də maşını açmadım ki, görüm bunlar nə edəcəklər? Maşının şüşəsini qırdılar, içərini ələk-vələk elədilər, amma heç nə tapmadılar. Mənim şəxsi mülkümə, qiymətləndirməyə görə 7 min avro zərər vurmuşdular. Buradakı mövcud qanunvericiliyə görə polis üç ay ərzində həmin zərəri ödəməlidir. Lakin ödəmədilər. Vəkil tutdum, işi verdim məhkəməyə. Məhkəmə məni haqlı çıxardı və qəbul etdi ki, maşına 7 min avro ziyan dəyib və pul polis tərəfindən ödənməlidir. Söhbətdən 6 il keçib, məhkəmənin qərarı ola-ola həmin pulu hələ də ödəmirlər. Pulu da sanksiya verdiyi üçün prokuror ödəməlidir. Prokurorluq açıq şəkildə bildirir ki, ödəmirlər.
«Almaniyada iş qurub, pul qazanmaq daha mümkün deyil. Hansı ölkədə, qazandığın gəlirin 71 faizini vergi kimi tutub əlindən alırlar?»
Yüz bəhanə göstərirlər. Bir tərəfdən deyirlər ki, pulu qiymətləndirən idarə saxtadır. Halbuki o idarə bu gün də qanuni əsaslarla fəaliyyət göstərir. 30-a qədər işçisi var, hamısı da almandır. Məhkəmə deyir ödəməlisən, prokurorluq isə deyir ödəmirəm. Gördülər çox dirənmişəm və bunlardan əl çəkmirəm, onda təklif etdilər ki, pulun yarısını ödəsinlər. Sonra bundan da vaz keçdilər. Dedilər ki, bəlkə maşının şüşəsi əvvəldən qırıq olub. İndi mənə deyirlər sübut edim ki, maşının şüşəsi əvvəldən qırıq olmayıb. Bunu da ki, sübut etmək mümkün deyil. Bunları misal gətirməklə demək istəyirəm ki, Almaniyada məhkəmə, prokurorluq, polis çox bərbad vəziyyətdədir. Bunları görəndə Azərbaycanda yaşamağın daha yaxşı olduğunu anlayırsan. Onda sual verə bilərsiniz ki, bəs özün niyə gəlib Azərbaycanda yaşamırsan? Gələcəyəm, az qalıb. Bir-iki il müddətə qayıdıb, Azərbaycanda yaşamağımı düşünürəm. Sadəcə pensiya məsələmi həll etməyimi gözləyirəm. Bundan sonra mütləq qayıdacağam və Qarabağdakı bərpa-quruculuq işlərində iştirak etmək niyyətim var. Burada vəziyyət hər gün getdikcə daha da pisləşir. Almaniyada iş qurub, pul qazanmaq daha mümkün deyil. Hansı ölkədə, qazandığın gəlirin 71 faizini vergi kimi tutub əlindən alırlar? Yoxdur heç yerdə bu qədər gəlir vergisi. Burada, hətta, ailələrin dağılmasına dövlət özü şəxsən kömək edir. Azərbaycanda çox gözəl dəyərlər var. İndi bir çoxlarının danışdığı problemlər təbii ki, müəyyən qədər var. Amma ən böyük problem Qarabağ idi ki, o da ki, artıq demək olar həll olundu. 10-15 faiz qalıb ki, o da tezliklə həll olunacaq. Şəhidlərə və qazilərə dövlət səviyyəsində qayğı var. Ali Baş Komandan, Prezident İlham Əliyev özü şəxsən şəhid və qazilərə çox həssaslıqla yanaşır, onlara özü də, xanımı da hər tərəfli dəstək göstərirlər. Məsələn, mənim dayımın nəvəsi II Qarabağ savaşında şəhid oldu, onlara ev verdilər, 20 min manata yaxın kompensasiya verdilər. Əgər hansısa şəhid ailəsinə bu qayğılar tam göstərilməyibsə, mütləq göstəriləcək. Çünki bəzi problemlər hələ də var. Rusiya və İran kimi inkişafımızı istəməyən dövlətlər var. İnşallah hər şey tezliklə yoluna qoyulacaq.
-Araz bəy, sən Almaniya barədə o qədər problemlər sadaladın ki, adam dəhşətə gəlir. Yəni, doğrudanmı kənardan ədalətli, demoktratik gördüyümüz Almaniya bu kökdədir? Bəs 44 günlük Azərbaycanın haqlı savaşında almanlar hansı mövqedə idilər? Kənardan belə görünür ki, Türkiyə ilə Almaniyanın münasibətləri heç də pis deyil. Ona görə də bilmək maraqlı olardı ki, orada türklərə və bizə qarşı münasibət necədir?
-Mən Almaniyanı özümə ikinci vətən sayıram. Çünki 20 ildən artıqdır burada yaşayıram və Almaniyanın vətəndaşıyam. Azərbaycan mənim birinci vətənimdir, Türkiyə də eləcə. 44 günlük II Qarabağ savaşında Almaniya kimin tərəfində durdu? Haqlı tərəf olan bizə hər hansı bir dəstək göstərdilərmi? Yox! Türkiyənin PKK-a ilə savaşında kimin tərəfində durdular? Almaniyada kimə siyasi sığınacaq verirlər? Əsasən PKK-çılara. Başqa terror təşkilatlarının üzvlərini rahatca öz ərazilərində yerləşdirirlər. Almaniyanı sevməyənləri kim tənqid edirsə, onlara mütləq yer verirlər. Belə ziddiyyət təşkil edən məqamlar çoxdur. Sadə bir misal göstərmək istəyirəm. Götürək etibarnamə verməyi. Azərbaycanda gedirsən notariusa, kimə istəsən etibarnamə verirsən. Məsələn, tutaq ki, sən Elçin mən Araza etibarnamə verirsən ki, Almaniyada mənim adımdan hər işi görə bilər. Həmin etibarnaməni tərcümə etdirirsən, gəlirsən bura. Beynəlxalq aləmdə “Apostol” deyilən bir müqavilə var. Ədliyyə Nazirliyində beynəlxalq şöbə var və orada xaricə çıxmaq üçün “Apostol” müqaviləsi mövcuddur. O müqvilə istənilən xarici ölkədə tanınır. Həmin etibarnaməni təqdim edirsən “Apostol”a, orada rəqəmləri sistemə yazan kimi mütləq çıxmalıdır ki, bəli, Elçin bəy Araz bəyə bu etibarnaməni verib. “Apostol” müqaviləsində Ermənistan, Ukrayna, Gürcüstan var. Amma Azərbaycanın bu ölkə ilə “Apostol” müqaviləsi yoxdur. Qəbul etməyiblər. Bu o deməkdir ki, Azərbayan dövlətində hər şey səhvdir. Tutaq ki, sən həmin dövləti qəbul etmirsən. Amma vətəndaş olaraq rəsmi dövlət qurumunun möhürü ilə verilən etibarnamənin düzgünlüyünə niyə inanmırsan? Kim sənə bu haqqı verib? Axı Azərbaycanda hər şey saxta deyil. Azərbaycanda ədalətli hüquqi baza, qayda-qanun, bir sözlə, hər şey var. Azərbaycanda yaşayan talış, udin, tat, ləzgi və digər etniklərdən olan qardaşlarımız üçün də Azərbaycan vətəndir və burada hamının da hüququ bərabərdir. I və II Qarabağ savaşında Azərbaycanda yaşayan etniklər ərazi bütövlüyü uğrunda canlarından keçdilər. Demək istəyirəm ki, Azərbaycan normal dövlətdir. 30 ildir müstəqilik. 30 il tarixin səhifəsində çox az bir vaxtdır. Tədricən bütün problemlər həllini tapacaq. İndi sən o etibarnamənin tanınması üçün burada nə etməlisən? Getməlisən alman səfirliyinə, orada bir kağıza imza atmalısan ki, bu etibarnaməni Araza mən vermişəm. Bu nə deməkdir? Bu həm insanı, həm də dövləti aşağılamaqdır. Amma Ermənistanın etibarnaməsi belə yoxlamalara məruz qalmır. 30 il işağl ərzində ermənilərin ərazilərimizi darmadağın etdiklərini bu Almaniya və digər dövlətlər görmürdülər?
Hörmətli Prezident İlham Əliyev çıxışnda dedi ki, əsgərlərimiz bayraq asmaq üçün Füzulidə bir dənə də olsun bina tapa bilməyiblər. Ağdamda, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında ermənilər tərəfindən törədilən vandallığı niyə görmək istəmirlər? Demokratiya qarın toxluğu demək deyil. Ətrafında baş verən haqsızlıqlara münasibət bildirmirsənsə, haqlının tərəfində durmursansa, hansı demokratiyadan danışmaq olar? Mən bu almanların demokratiyadan kənar olduqlarını sübut etmək üçün daha bir misal gətirmək istəyirəm. Bu yaxınlarda mənim qardaşım maşınla baş yola keçmək istəyirdi. Maşının içində mən və qardaşım oğlu da var idi. Bu zaman, gözümüz görə-görə bir alman qadını velosipedlə dayandığı yerdə gəlib bizim maşınımıza çırpıldı və yerə yıxıldı. Üç alman polisi gəldi. Qardaşım özü də hüquqşünasdır, qayda-qanunları da yaxşı bilir. Bunlarda belə bir qayda var, hadisəni yazanda 1 ya 2 nömrə adı ilə yazırlar. 1 yazanda səni, 2 yazanda isə əks tərəfi günahkar bilirlər. Bunlar isə qardaşıma protokolda 1 yazdılar. Sonralar nə qədər etsən də, polis fikrini dəyişmədi, amma gələcək məhkəmə və sığorta üçün sadəcə fikir formalaşdırırdı. Hadisəni qardaşımdan başqa maşında olan mən, qardaşım oğlu və digər yoldan keçən şahidlər görmüşdülər. Bütün bunlara baxmayaraq, polislər alman qadınını haqlı çıxartdılar və bizdən tələb etdilər ki, polisin gəlmək pulu olan 35 avronu ödəməliyik. Təbii ki, biz bunu ödəməyəcəyimizi bildirdik. Özü də tələb edirdilər ki, danışıq zamanı üç metr uzaqda dayanaq. Tələb edib üç metr aralıda dayanıb, fikrimizi bildirsək də velosiped sürən qadın lap yaxına gəlirdi ki, bizi təxribata çəksin. Yəni biz onu hardasa itələyək, vuraq, ya da söyüşlə təhqir edək. Biz onların xarakterini bildiyimiz üçün təbii ki, belə təxribata getmədik. Məcbur olub prokurorluğa şikayət məktubu yazdıq. Cavab gəldi ki, sizin yazdıqlarınızda günahsız olmağınızı sübut edən detallar yetərli deyil. Ona görə də bu iş bağlanır. Baxmayaraq ki, qadın bizi təxribata çəkmək üçün söyərək təhqir də etmişdi. Bütün bunlar nəzərə alınmadı. Amma Azərbaycanda belə məsələlərdə haqlı olduğunu sübut etmək üçün imkanların çoxdur. Almaniyanın Azərbaycandan bəzi məsələlərdə daha aşağıda dayandığını göstərmək üçün bir misal da gətirmək istəyirəm. Atam Azərbaycana qayıdandan bir müddət sonra ürəyində yenə problem yarandı. Müayinə ediblər, məlum olub ki, problem ciddidir və açıq ürək əməliyyatı lazımdır.
«Azərbaycanda yerindən duran dövləti pisləyir. Dövləti pisləmək asandır, amma yaxşı tərəfləri də görmək lazımdır…»
Almaniyada bu əməliyyat 70 min avrodur. Azərbaycanda ən yaxşı sayılan xəstəxanalardan olan Diaqnostik Ürək Mərkəzi var. Burada Gülhane Tibb Akademiyasını bitirmiş Anar Əmrah adlı çox bacarıqlı bir həkim var. Atamın əməliyyatından əvvəl Anar Əmrahın xəstəsi olmuş on nəfərə yaxın adamla söhbət etdim. Hamısı da bildirdi ki, bu həkim çox bacarıqlıdır. Atamın orada əməliyyatı, əməliyyatdan sonra palatada qalmağı, bütün ona göstərilən xidmət cəmi 12 min 500 manata başa gəldi. Atamın ayağından üç damar götürüb, ürəyinin damarlarını dəyişdilər. Bu əməliyyatı edəndə atamın 73 yaşı var idi. İndi atamın 76 yaşı var. Özünü də yaxşı hiss edir. Mən o ürək mərkəzində gördüyüm şəraiti heç Almaniyada görməmişəm. Belə bir şəraitdə elə bir çətin əməliyyatı 12 min 500 manata etdilər. Bu pulu avroya çevirəndə təxminən 6 min avrodan bir az çox edir. 70 min avro hara, 6 min avro hara? Özü də Almaniyada belə xəstələr dörd nəfər bir palatada qalır. Burada isə hərtərəfli şəraiti olan otaqda tək qalırdı. Hətta atamın üzünü də orada qırxırdılar. Yemək-içməyi də super idi. Bu da sənə inkişaf etmiş Almaniya. Azərbaycanda yerindən duran dövləti pisləyir. Dövləti pisləmək asandır, amma yaxşı tərəfləri də görmək lazımdır. Azərbaycandakı rüşvətsiz ASAN xidmət növü artıq dünyaya nömunədir. Çəkilən və qurulan bu qədər yol hansı ölkədə var? Bütün bölgərələrə müasir standartlara cavab verən yol çəkilir. Füzuli hava limanı isə işğaldan azad edilməsinin bir ili tamam olmamış, hamının gözünün qabağında 8 aya başa gəldi. Amma Berlində 8 ildir bir aeroportu tikib başa çatdıra bilmirlər. Mən Almaniya vətəndaşı kimi burada bütün qanunlara tabe oluram. Vergimi və sığortamı vaxtı-vaxtında ödəyirəm. Bura da mənim ikinci vətənimdir. İstəyirəm ki, vergisini və sığortasını ödədiyim ölkədə qayda-qanunlar işləsin. Ancaq çox təəssüf ki, düşündüyümüz kimi deyil. Azərbaycanda istənilən adam Youtube-də kanal açıb, nə istəyir göstərib, danışa bilər. Mən burada polisə deyəndə ki, Youtube kanalına çıxıb, sizin yol verdiyiniz bu qanunsuzluq haqqında danışacağam. Bildirdi ki, sənin orada çıxıb danışmağa haqqın yoxdur. Səni məhkəməyə verib, həbs etdirərik. Sənin nə ixtiyarın var ki, alman polisini Youtube-də tənqid edəsən. Düz deyir, burada hər hansı şəxs haqqında Youtube-də danışa bilməzsən, şəxsin adını, maşınının nömrəsini də göstərmək qadağandır. Amma mən Youtube-ə baxıram, görürəm Azərbaycanda istənilən şəxs polisə yaxınlaşıb, onun düz etmədiyini, qanunu pozduğunu deyə bilər. Almaniyada isə, bu, mümkün deyil. Azərbaycanda polis sənin sürücülük vəsiqəni istəyəndə, bəzən deyə bilərsən ki, vermirəm. Sənin nə ixtiyarın var, mənim sürücülük vəsiqəmi alırsan. Maşının nömrəsi var, vur sistemə, yoxla. Amma Almaniyada bunu demək olarmı ki, sürücülük vəsiqəsini vermirəm? Buna görə az qala səni sürgün edərlər. Mən ildə 4-5 dəfə Azərbaycana gəlib, gedirəm. Bütün bunları özüm görürəm ki, Almaniyaya nisbətən burada çox yaxşıdır. Qayda-qanun var, insana hörmət var.
-Araz bəy, Azərbaycan və Almaniyanın müqayisəli təhlili barədə çox maraqlı məqamları açıqladınız və üstünlüyü Azərbaycana verdiniz. Bir məqama da aydınlıq gətirək. Bəs Azərbaycanla Almaniyadakı vergi sistemi barədə də bir az məlumat verərdiniz. Görək hansında daha yaxşıdır?
-Əlbəttə, Azərbaycanda yaxşıdır. Azərbaycanda vergi fiziki və hüquqi şəxslərdən müxtəlif məbləğlərdə tutulur. Yəni o qədər də gözə dəymir. Almanlar minimum yaşayış həddini özləri üçün təyin ediblər və illərdir buna öyrəşiblər. Sosial həyat əlbəttə ki, yüksək səviyyədə deyil. Burada ən yaxşı əmək haqqı 2000 və ya 2200 avrodur. Amma bunu hər adam ala bilmir. Orta aylıq əmək haqqı 1200 – 1500 avrodur. Kommunal xidmətləri çıxanda çox az pul qalır. Əmək haaqından tutulan gəlir vergisi burada çox yüksəkdir. Azərbaycanda vergi olduqca aşağı faizlədir. Almaniyada isə gəlir vergisi 71-72 faizdir. Ən aşağı vergi faizi 45-52 faiz arasındadır. Almaniyada 8 deyilən vergi sistemi var. Tutaq ki, ər 5 sistemi ilə işləyir, həyat yoldaşı 3 sistemi ilə işləməlidir. Və yaxud ər 4 sistemlə işləyirsə, qadın da 4 sistemlə işləməlidir ki, cəmi 8 olsun. 3-cü vergi sistemindən az vergi tutulur. 5-ci vergi sistemindən isə 52 faiz vergi tutulur. Bu o deməkdir ki, 3-cü sistemlə işləyən xanımdan 15-20 faiz, 5-ci vergi sistemi ilə işləyən ərdən isə 50 faiz vergi tutulur. Yəni 2000 avro əmək haqqı alırsa, onun 1000 avrosunu əlindən alırlar. Azərbaycanda işçinin aldığı əmək haqqının 50 faizini kəsmək olar? Bu, mümkün olan şey deyil. Burada hazırda dizel yanacağının qiyməti 1.60 avrodur. Bəzən mən 100 kilometrlərlə yol gedirəm. Görün bu nə qədər avro pul deməkdir? Aldığın 1000 avro əmək haqqı ilə bunu ödəmək olarmı? Burada yollar çox yüksək səviyyədə qurulub, o da ki, əlbəttə bizdən tutulan vergilərin hesabınadır. Azərbaycanda avtomobillərə vergi tutulur? Təbii ki, yox. Almaniyada ildə bir maşına 600-700, bəzən də 1000 avro vergi tutulur. Hələ bunun sığortasını demirəm. Bəli, yaxşı tərəfləri də var. Burada acından ölmək mümkün deyil. Məsələn, təcili yardım baha da olsa, çox tez gəlir. Yollar dediyim kimi əladır. Amma qayda-qanunlar işləmir, hər hansı bir məmurdan şikayət etmək olmur. Azərbaycanda isə istənilən məmurdan yuxarı instansiyalara şikayət etmək olur. Bu şikayətlər, hətta qəzetlərdə, saytlarda, sosial şəbəkələrdə yayılır. Yəni bir çox xaricdə yaşayan ağzı göyçəklərin dediyi kimi deyil. Azərbaycan yaşamaq üçün normal ölkədir. İnanıram ki, oradakı mövcud problemlər tezliklə aradan qaldırırılacaq. Prezident İlham Əliyev bu sahədə qətiyyətli addımlar atır. Bir çox rüşvətxor icra başçıları, nazirlər artıq həbsdədir. Bizim ən böyük problemimiz Qarabağ idi ki, onu da Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə həll etdik. Hazırda işğaldan azad edilmiş ərazilərdə Prezidentin sayəsində böyük quruculuq, abadlıq işləri gedir. İnanıram ki, ayrı-ayrı mövcud olan neqativ hallar da tezliklə aradan qaldırılacaq və Azərbaycan demokratik ölkə kimi dünyada tanınacaq.
Hazırladı:
Elçin MƏMMƏDLİ