Rusiya, Ermənistan və Azərbaycan liderləri- Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə görüş hazırlanır, lakin hələlik dəqiq tarixlər məlum deyil.
Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. "Mən Putin, Əliyev və Paşinyanın videokonfransının mövzusunu belə izah edə bilərəm. Doğrudan da, biz belə bir görüşün hazırlanması üzərində iş aparıldığını təsdiqləyirik, lakin burada qeyd etmək istəyirəm ki, belə bir görüşün nə vaxt olacağı ilə bağlı dəqiq razılaşma və anlaşma yoxdur. Videokonfrans keçirilə bilər. Bu iş davam edir.”, - deyə Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl “Rossiya-1” (VGTRK) telekanalı xəbər vermişdi ki, gələn həftə üç ölkə liderinin iştirakı ilə Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi istisna edilmir. Bu arada, oktyabrın 22-də “Aliq Media” Ermənistan və Azərbaycanın noyabrın 9-da Moskvada iki yeni sənəd imzalayacağı barədə məlumat yayıb. Ertəsi gün RİA Novosti də öz mənbələrinə istinadən liderlərin Moskvada mümkün görüşü barədə yazıb. Qeyd olunub ki, noyabrın birinci ongünlüyündə Moskvada Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tuta bilər. Qəzetin məlumatına görə, danışıqlardan sonra üçtərəfli bəyanatların imzalanması gözlənilir. Sənədlərdən biri Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, digəri isə regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı olacaq.
A.Məmmədli