“Əsgər anaları komitəsi”: Hərbi xidmətə çağırılan əsgərlər kütləvi şəkildə “müqavilə bağlamağa məcbur edilir” və Ukrayna ilə sərhədə göndərilir.
Məcburi şəkildə müqaviləli xidmətə cəlb edilən çağırışçı əsgərlər Ukrayna ilə sərhədə aparılmağa başlanılıb.
Bu barədə “Novaya qazeta”ya Rusiya "Əsgər anaları komitəsi”nin sədr müavini Andrey Kuroçkin məlumat verib.
“Hərbi hissələrdə müqaviləlilər çatışmır, hissələrin komandanlığı çağırışçılara təzyiq göstərir, müvəqqəti müqavilələr bağlamağa məcbur edirlər. Onları sonra ləğv edəcəklərinə söz verirlər, lakin bunu etmək çətin olacaq. Son günlər, valideynlərdən onlarla zəng daxil olub. Döyüşçülərin anaları bizə deyirlər ki, sərhəddə çağırışçılara silah verilir və onlara deyirlər ki, indi müqaviləli əsgərdirlər. Heç nə izah etmirlər, sonra uşaqlar əlaqə saxlamırlar. Onlardan bütün ünsiyyət vasitələri alınır. İndi biz təcili olaraq çağırışçıların məlumatlarını toplayırıq və bu məlumatları hərbi prokurorluğa, Müdafiə Nazirliyinə və digər qurumlara çatdırırıq ", - deyə Kuroçkin açıqlayıb.
O, həmçinin əlavə edib ki, “Əsgər anaları komitəsi” demək olar ki, bütün rayonlarda çağırışçıların kütləvi şəkildə müqaviləyə keçirilməsini müəyyənləşdirir.
Kuroçkin bildirib ki, döyüşçülər müqavilə xidmətinə keçirildiklərini yalnız sərhəddə və yaxud yola düşməzdən əvvəl öyrənirlər. Onun sözlərinə görə, yeni çağırılan əsgərlər təlimlər üçün sərhədə göndərilib, oradan valideynlərinə hərbi biletdəki statuslarının çağırışçıdan müqaviləli əsgərə çevrildiyini bildirirlər.
“Novaya qazeta” “Agenstvo”ya istinadən xəbər verir ki, hələ hücumdan bir neçə gün əvvəl, jurnalistlər çağırışçıların Ukrayna ilə sərhədə daha yaxın olan Belqorod vilayətinə köçürüldüyünə dair sübutlar tapıblar.
Qeyd edək ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi çağırışçıları qaynar nöqtələrə göndərmədiyini bildirir. Qanuna görə, çağırışçılar döyüş bölgəsinə hərbi xidmətə başladıqdan dörd ay sonra göndərilə bilərlər.
Xatırladaq ki, Ukrayna mətbuatında rusiyalı hərbçilərdən əsir götürülmələri barədə məlumatlar və fotolar yayımlanıb.
Ukrayna Müdafiə Nazirliyinin saat 18.00-a olan məlumatına görə, Rusiyaya məxsus 7 təyyarə, 7 helikopter, 24 tank , o cümlədən 20-dən çox zirehli texnika məhv edilib.
Rusiya Müdafiə Nazirliyi verilən xəbərləri təsdiq etmir.
Y.MƏMMƏDLİ