Rusiya qoşunları Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərindən 2389 uşağı qanunsuz olaraq Rusiya Federasiyası ərazisinə aparıblar.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. Sitat: "Alınan məlumata görə, martın 19-da Rusiya işğalçı qoşunları Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində olan 2389 uşağı qanunsuz olaraq Rusiya Federasiyası ərazisinə gətiriblər. Mülki əhalinin, xüsusən də uşaqların zorla təcavüzkar dövlətin ərazisinə köçürülməsində oğurluq əlamətləri var. Bu cür hərəkətlər beynəlxalq hüququn, xüsusən də beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Evləri dağıtmaqla, valideynləri öldürməklə Rusiya Federasiyası ukraynalı uşaqları valideyn himayəsindən məhrum edir, onların həyatını Rusiya ərazisində daha da təhlükə qarşısında qoyur".
Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti uşaqların qeyri-qanuni ixracına dərhal reaksiya verməyə, Ukrayna xalqına qarşı vəhşi müharibəni dayandırmağa məcbur etmək üçün Rusiyaya təzyiqləri artırmağa çağırıb.
Qeyd olunur ki, uşaqların oğurlanması faktları, eləcə də Rusiya işğalçılarının Ukraynada dinc əhaliyə qarşı törətdikləri cinayətlərin yüzlərlə digər faktları hüquq-mühafizə orqanları tərəfindən diqqətlə sənədləşdirilir. Bu cinayətlərə görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb olunacaqlar.
A.Məmmədli