...Yağış yağmağa başlayanda mən səssiz-səmirsiz, dişlərimi qıcıyaraq Sumqayıt küçələri ilə hərəkət edirdim. Azərbaycanı ələk-vələk edən 10 günlük səfərimin son günü idi və mən Allaha yalvarırdım ki, ailəm qarşısında mənim üzümü qara etməsin. Yağış isti idi, sanki mən gedə-gedə duş qəbul edirdim. Diqqətlə binaların üzərində yazılan küçə adı və ev nömrələrini oxuyaraq çəkmələrimin su gölməçələrinə batmağını yalnız spesifik şappıltı səsindən anlayırdım. Bütün su idim… Amma bədənimdə dolaşan endorfinlərə baxmayaraq, panik atak hiss etməyə başladım. Sumqayıta çatmaq üçün etdiyim hər şeyi, Çingizin şəxsi tapancasını axtarmağa sərf etdiyim bütün vaxtı və sabah onun 40 mərasimi gününədək anama verdiyim sözü düşünərkən, qabırğalarım ciyərlərimi kəmər kimi sıxırdı.
Mən, Çingizin, 1992-ci il 15 iyunda, Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə ciddi yaralanaraq itirdiyi, daha doğrusu oğurlandığı şəxsi tapancasını axtarırdım. Amma həqiqətdə axtardığım o tapanca deyildi. Axtardığım soyuq polad və eyni zamanda odlu silahın simasında təsəlli idi, Çingizin özü idi, onun haqqında danışa biləcəyim hekayə idi.
Ləyaqətini qorumaq naminə ağrıdan zırıldayan, minomyot qəlpəsindən sağ baldır nahiyəsində şah damarı cırılan Çingiz bir an bundan öncə lentə aldığı həyatın son və dəhşətli kadrlarını müşahidə edirdi. Düşmənin minamyot atəşi davam edir. Yaralı Çingizi döyüş meydanından çıxartmağa çalışan uca boylu əsgər qəlpə yarası alır. Hər yanı tüstü bürüyür – bu, açıq pozisiyada durmuş və Çingizi döyüş meydanından çıxarmağa çalışan BMP-ni tuşlayan növbəti minamyot mərmisinin yerə çırpılaraq yaratdığı qəlpə toranlığı, alov tüstüsü və toz-torpaq içində aradan çıxmaq istəyən zirehli maşının ardaşırı mühhərikə qaz verərərək yaratdığı işlənmiş qazların dumanından ibarət cəhənnəmdir.
“Pozisiyalara qayıdın, atın məni burda” tələbini Çingiz beynində formalaşdırsada, artıq ifadə edə bilmir… ağzında dəmir tamı verən ağır maddə sanki dilinin tərpənməyinə imkan vermir. Çingizi bu cəhənnəmdən çıxarmağa çalışan daha bir uca boylu əsgər yaralanır və… ya BMP-nin qapısı bağlanır ya da Çingizin gözləri… Qaranlıq hökmranlıq etməyə başlayır və Çingiz uzaqda heç bir işıq görməyərək gedir.
Bu Çingizin gördüyü son təsvirlər idi.
Şükür Allaha ki, Çingizin son gördükləri yalnız döyüş və qəhrəmanlıq təsvirləri oldu. Əsl igidin sonu!
Şükür Allaha ki, Çingiz, onun cibindən düşən şəxsi tapancasını oğurlayan alçaq boylu əsgəri görmür. O adam o qədər alçaq idi ki, BMP-nin döşəməsində uzanaraq Çingiz onu görə bilmirdi…
Lakin mən onu gördüm… Düz 10 gün axtarandan sonra tapdım və gözünə baxaraq gizlədə bilmədiyi acizliyini və qorxunu gördüm. Sonralar “Məndə yoxdur ” son ifadəsi ilə yadımda qalan bu bədbəxt dizertir narkomanı onunla yaşayan qara və hələ insanlığını itirməyən qız xilas etdi. Qız vəziyəti və mənim danışmasamda, ciddi məramlı olduğumu anlayaraq nakam sevgilisini kişi ifadələri ilə söyərək, hələ də üstü yığışdırılmamış yatağın matrasını qaldıraraq altından ağ əskiyə bürünmüş tapamcanı mənə tərəf uzatdı. Tapancanın üzərində həkk olunmuş nömrəni yoxladım… Çingizin tapancası idi! Qız tərəfindən söyülən canlı o qədər hallı idi ki, baş verənlərə artıq reaksiya vermirdi və qorxu ilə nəyşənin sintezindən şüşələnmiş gözləri ilə mənimlə birlikdə otaqdan çıxan tapancaya baxırdı.
O gün Sumqayıtdakı həmin o mənzildə mən bir söz də demədim. Qusardan tutmuş Lənkarana, ordan Şəkiyə və sonra Gəncəyə etdiyim ezamiyyətlərdə sorğu-suala aldığım onlarla əsgər sonda bu Sumqayıtdakı mənzilin ünvanını mənə verdilər. Məsələnin belə rahat həlində iştirak edən mənim yorğun və qardaşımın tapancasını ailəmə qaytarmaq naminə hər bir ssenariyaya hazır olduğumu nümayiş edən baxışım və bütün müharibəni mənimlə keçən sadiq və soyuqqanlı dostum Makar əsas rol oynadı. Sonralar eşitdim ki, həmən canlını kimsə elə bu mənzildə tapanca ilə güllələmişdir… Çətin vaxtlar idi.
Çingizin həlak olduğundan 39 gün keçib gedirdi. Anama və ümumiyyətlə bütün ailəmizə heç kim Çingizi qaytara bilməzdi. Buna inanmaq belə çətin idi, amma sırtıq həqiqət günbəgün bizi buna öyrəşdirir və bizi təsəllilər toruna salaraq zaman hörmçəyi qanımızı içib Çingizsiz varlığımızı asılmış vəziyyətdə saxlayırdı və biz buna heç bir müqavimət göstərmirdik.
24 İyun, axşam saat 21.30 (Qırx mərasimi günündən 2 saat 30 dəqiqə əvvəl)
Anama ağ parçaya bürünmüş Çingizin şəxsi tapancasını təqdim etdim… sonuncu təsəllini…
Vahid Mustafa Yev
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN