Prezident İlham Əliyevin dost ölkəyə ilk dövlət səfəri Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək...
«Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, dünya birliyinin fəal üzvü kimi tanınır və nüfuz qazanır. Milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət nəticəsində ölkəmiz həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Dövlət başçısının Albaniyaya səfərinin mahiyyətini və perspektivlərini özündə ehtiva edən mətbuata bəyanatında cənab İlham Əliyev bu ölkəyə ilk dəfə səfər etdiyini bildirərək belə bir əminliyi ifadə etdi ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar vardır. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidentinin Albaniya Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə görüşlərində əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olundu. Onu da qeyd edək ki, Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Gələn il bu tarixin 30-cu ildönümü olacaq. Bu münasibətlə 2023-cü ildə Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. Azərbaycan ilə Albaniya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Bu ölkənin prezidentləri Azərbaycana 5 işgüzar, baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfərlər etmişlər. Münasibətlərdə açılan yeni səhifənin daha da zənginləşdirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu xüsusi qeyd edildi.»
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin son iki ildə xarici ölkələrə səfərləri həm də postmünaqişə mərhələsində görülən işlərin təqdimatı olur: “Belə ki, ölkə Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan təmizlədik, beynəlxalq hüququ, ədaləti bərpa etdik. BMT Təhlükəsizlik Şurasının qətnamələrindən bəhs edən dövlət başçısı qeyd etdi ki, bu sənədlər 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmir, məhəl qoymur, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu. Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Dövlət başçısı İlham Əliyev iki ölkənin dəstəyinin qarşılıqlı olduğunu və bunun yüksək qiymətləndirildiyini bildirdi: « Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk.»
“İki ölkə arasında əlaqələrin inkişafında mövcud imkanlardan bəhs edərkən enerji sektorunda əməkdaşlıq xüsusi qeyd olunur. Azərbaycan və Albaniya Cənub Qaz Dəhlizi layihəsinin əsas təkib hissəsi olan TAP layihəsinin üzvlərdir. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindədir. Təbii ki, bu qaz Albaniya ərazisindən keçəcək. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcək. Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Hər iki ölkənin turizm imkanları da əməkdaşlığın genişləndirilməsində öz sözünü deyəcək»,- deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb. Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan və Albaniya arasında bu günədək 8 sənəd, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında” Saziş imzalanıb: «Hər bir sənəd əlaqələrdə yeni istiqamətin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.”
YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, dövlət başçısı İlham Əliyevin Albaniyaya ilk dövlət səfəri əlaqələrin inkişafına böyük təkan verəcək. Ölkə Prezidenti İlham Əliyev Albaniya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etməklə bir daha qarşılıqlı səfərlərin münasibətlərin inkişafında mühüm rol oynadığını açıqladı. Hər iki ölkənin Prezidentlərinin mətbuata bəyanatlarından çıxan ümumi nəticə bundan ibarətdir ki, gedəcəyimiz yol və əldə edəcəyimiz nəticələr çoxdur.