“Taliban” Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani başda olmaqla bütün məmurları əfv etmək qərarına gəlib və onlar həyatları üçün heç bir təhlükə olmadan Əfqanıstana qayıda bilərlər.
Qeyd edək ki, bunu yüksək rütbəli “Taliban” lideri Xəlil ur-Rahman Haqqani Pakistanın Geo TV telekanalına verdiyi müsahibədə dilə gətirib.
Onun sözlərinə görə,” Taliban”ın ölkəni tərk etmiş prezident Əşrəf Qani, vitse -prezident Əmrullah Saleh və milli təhlükəsizlik müşaviri Həmdullah Mohib arasında düşmənçilik yoxdur: "Bizim tərəf generaldan sadə insana qədər hər kəsi bağışlayır", - deyə o,vurğulayıb.
Haqqani əfqanları ölkəni tərk etməməyə çağıraraq, taliblərin qisas almağa hazırlaşdıqları barədə xəbərlərin "düşmənlər tərəfindən yayıldığını" və ölkədə yaşayan bütün millətlərin nümayəndələrinin özlərini təhlükəsiz hiss edə biləcəklərini əmin edib.
Xatırladaq ki, hələ ötən əsrin sonlarında -1996-cı ildə Əfqanıstanın bir hissəsini ələ keçirmiş taliblərin o zamanki hakimiyyəti beş ilədək sürmüşdür. Bu dövr ərzində çox insanlar vətənindən didərgin düşmüş, başqa ölkələrə sığınmışdılar. Taliblər ölkəni “şəriət” qanunları ilə idarə edərək, Əfqanıstanı İslam Əmirliyi elan etmişdilər. Əfqanıstanın bir hissəsini qəsb etmiş bu qruplaşmanın dövlətçilik üsul-idarəsi xalqın yaddaşında inanılmaz qorxunc izlər buraxmışdır. 2001-ci ildə taliblər hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra da onlar yenidən hakimiyyətə qayıtmaq üçün 20 il ərzində “fəaliyyətlərini” davam etdirdilər. Və nəticədə, Əfqanıstanın ardıcıl olaraq əyalətlərini ələ keçirməyə başladılar. Qısa zaman kəsiyində, 2021-ci ilin avqustun 15-də paytaxt Kabil ələ keçirildi. Əfqanıstan ordusu pərən-pərən düşdü, müqavimət göstərmədən təslimçilik sərgilədi. Prezident Əşrəf Qani “Taliban”la anlaşaraq istefa verdi və ölkəsini taliblərə təslim edərək BƏƏ-yə sığındı. Taliblərin köhnə üsul-idarəsindən qorxan əfqanlar ölkədən qaçmaq üçün hələ də müxtəlif yollar axtarmaqdadır. 1 milyon əfqan isə ölkədaxili qaçqın həyatı yaşayır. Onların isə həyatı çox acınacaqlıdır.
Taliblər isə hər şeyin daha yaxşı olacağına söz verir, amma hələ ki, onların sözünə etibar edən yoxdur. Yaxın günlərdə Əfqanıstanda yeni idarəetmə istiqaməti üzrə hökumət qurulacağı bildirilir.
JASMİN