Avqustun 15-də “Taliban”ın Kabili işğal etməsi ilə Əfqanıstanda hakimiyyət taliblərin əlinə keçdi.
“Taliban” əsgərlərinin insanlara qarşı ilkin davranış "nümunələri" isə əfqan qadınlarına keçmiş qara günlərinin "müjdəçisi" oldu...
Bu günlərdə “Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücaid qadınlara müvəqqəti olaraq evlərində qalmaları barədə çağırış edib. O, bunu qrupun hərəkat üzvlərinə nəzarət etməsi, qadınlara hörmət etmələrini və onlara zərər verməmələrini təmin etməyin çətin olması ilə əsaslandırıb. Mücahid "Taliban" əsgərlərinin daim dəyişdiyini və təlim keçmədiyini söyləyib.
O, qadınlara "təhlükəsizliklərini təmin edən sistem qurulana" qədər evdən işə getməmələri, məzuniyyət götürmələrini təklif edib (“BBC”). Mücahidin sözlərinə görə, təhlükəsizlik qüvvələrinə qadınlarla necə davranmaq, onlarla necə danışmaq öyrədilməyib...
O, daha sonra bildirib ki, “Taliban” qadınların təhlükəsizliyini təmin etmək üçün yollar axtarır...
Qeyd edək ki, hələ avqustun 18 -də taliblərin iki qadını öldürdükləri barədə KİV-də məlumat yayıldı. Dörd uşaq anası olan bir qadın yaraqlılar üçün yemək hazırlamaqdan imtina etməsinə görə, digər qadın isə çadrasız ictimaiyyət qarşısına çıxdığına görə güllələniblər...
Hakimiyyəti ələ keçirənlər qadınlarla bağlı artıq bəzi mesajlarını da veriblər. Onlar, ancaq şəriət qanunlarına uyğun olaraq qadınlara aktiv həyat tərzi sürmələrinə icazə verəcəklərini bəyan ediblər. Yenə də qadınlara kişi qohumu olmadan və bütün bədənini - üzünü örtən libas geyinmədən küçəyə çıxmağa icazə verilmir. Bundan əlavə, qadınlar media da daxil olmaqla müəyyən peşə sahələrində də çalışa bilməzlər...
...Bu isə hələ başlanğıcdır. Görünən budur ki, “Taliban”çılar qadınlarla necə "davranmaq" barədə hələ “yollar” axtarırlar. Hələ ki, küçədə istədiyi başıaçıq qadını yerindəcə güllələyə bilən “taliban”çının, nəinki qadın, insan hüquq və azadlığı, humanizm prinsipləri, hətta insani davranışlar barədə anlayışı yoxdur. Onların başıpozuq dəstələrinin qanun və qaydanı özləri bildiyi kimi, istədiyi şəkildə, istədiyi yerdə, istədiyi şəxsə qarşı qəddarcasına həyata keçirə biləcəkləri qaçılmazdır... Bunu, hətta sözçü də ifadələrində təsdiqləyib. İnsanlara qarşı insani davranışdan belə xəbəri olmayanlar dövləti təmsil edir, istədikləri şəkildə davranırlar. Silahdaşlarına qadınlarla necə davranmaq qaydalarını öyrətməyənlər - təhlükəsizliyinə zəmanət verməyənlər, onların əlinə silah verərək küçələrə buraxıblar. İndi isə yeganə yolu qadınların evə qapadılmasında görürlər. Müvəqqəti deyilən, bu qeyri-müəyyən müddətin nə zaman bitəcəyi isə sual altındadır...
JASMİN