Azərbaycanın dövlət və siyasi xadimi,  Azərbaycan Xalq Cümhuriyyətinin ilk Nazirlər Şurasının sədri (1918–1919)  Fətəli xan Xoyski düz 148 il əvvəl – 1875-ci il dekdbrın 7-də Nuxa (Şəki) şəhərində anadan olub.

...Təhsilini Yelizavetpol (Gəncə) qəzasında başa vurduqdan sonra Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirir və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olunur. Bir neçə il müxtəlif  hüquq vəzifələrində çalışdıqdan sonra o, Yelizavetpol quberniyasından Rusiya İmperiyasının II Dövlət Dumasının müstəqil millət vəkili seçilir.

Xoyski müsəlman fraksiyasının üzvü idi, köçürülmə siyasətinin əleyhinə çıxış edirdi, Konstitusiya Demokratik Partiyasının  üzvü olub. 1917-ci ildə fevral inqilabından sonra 1-ci Qafqaz müsəlmanları qurultayının (aprel, Bakı) iştirakçısı, may ayında Moskvada keçirilən 1-ci Ümumrusiya müsəlman qurultayında Ümumrusiya müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü olub. Bitərəflə “Müsavat” " partiyasının 1-ci qurultayında iştirak etmişdir, Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyib. Bakı Şəhər Dumasına  (oktyabr 1917 — aprel 1918) rəhbərlik etmişdir. Zaqafqaziya komissarlığı (15 noyabr 1917 – 10 fevral 1918) nəzdində xalq maarif komissarı olmuşdur. Zaqafqaziya Seyminin (10 fevral — 26 may 1918) üzvü idi, "Müsavat" və demokratik bitərəf qrupun fraksiyasına daxil olmuşdu.

...1918-ci il mayın 27-də artıq keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyası üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırırlar və  Cənubi Qafqazın şərqi ərazilərin idarə olunmasını öz üzərinə götürmək qərarına gəlirlər.

Və özlərini Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası adlandırırlar. Milli Şuranın yanında 9 nəfərdən ibarət icraçı orqan yaradılır ki, onun da vəzifəsi respublika həyatının müxtəlif sahələri üzrə planların həyata keçirilməsi idi. F. Xoyski isə icraiyyə orqanının sədri seçilir.

Daha sonra  Şuranın ilk iclası keçirilir (səhəri gün) və Azərbaycanın dərhal müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul edir. Fətəli Xan Xoyski Müvəqqəti hökumətin tərkibini açıqlayır və orada hökumət başçısı və daxili işlər naziri vəzifələrində yer alır. Mayın 30-da Nazirlər Şurasının sədri F. X. Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra xarici işlər nazirlərinə radioqram göndərir.

Qeyd edək ki, Xoyski bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində də çalışmışdır.

Xatırladaq ki, Xoyski Bakıda sovet hakimiyyəti qurulduqdan sonra Tiflisə köçsə də,  erməni terror təşkilatı olan “Daşnaksütun” onu izləməkdən əl çəkmirdi.

Beləliklə, 19 iyun 1920-ci ildə erməni qatilləri -“Daşnaksütun”" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə namərdcəsinə arxadan atəş açaraq qətlə yetirməyə müvəffəq oldular.

F.X.Xoyski indiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbristanlığında dəfn edilib.

P.S. Onu da əlavə edək ki, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev də, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir də, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəyli də erməni terror təşkilatının üzvləri tərəfindən qətlə yetiriliblər.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN