...Regionda gücü zəifləyən İran Ermənistanı geosiyasi problemlərindən çıxış yolu kimi görür....
"Təzadlar" xatırladır ki, "...əgər Tehran Ermənistanla hərbi saziş imzalayıb bu ölkəyə qüvvələr göndərərsə, bir neçə məqsədinə nail olacaq", -deyən İsrailin tanınmış eksperti Mordexay Kedar “Jerusalem Post”da dərc olunmuş “İranın şiə ayparası laxlayır: 7 oktyabrdan sonra regional güc nisbəti necə dəyişir” adlı məqaləsində çıxış edib. Məqalədə deyilir ki, İran Ermənistan vasitəsilə Rusiya ilə qaçaqmalçılıq əməliyyatlarını davam etdirmək niyyətindədir. Sitat: "...Ermənistanın Avropaya yaxınlığı belə bir vəziyyətdə strateji və geosiyasi baxımdan üstünlükdür. Habelə, İran Ermənistanda hərbi mövcudluq yaratmaqla Azərbaycanla münasibətlərdə təsir imkanları əldə edə bilər".
İslam Respublikasının Ermənistan və Cənubi Qafqaz vasitəsilə regional gücünü bərpa etməyə çalışdığını, İran İnqilabı Keşikçiləri Korpusunun müxtəlif səylər göstərdiyini yazan müəllif İslam dünyasında dominantlığa can atan Tehranın onilliklər üçün planlar qurduğunu bildirib.
Məqalədə Ermənistanın tərəfdaşlıq münasibətində İrana loyallığını vaxtaşırı dilə gətirməsinə baxmayaraq, NATO tədricən Ermənistanı Qərbə doğru çəkməyə başladığı yazılıb. NATO hərbi personalının Ermənistanda fəallığı, ABŞ qüvvələri ilə birgə təlimlərin keçirildiyi, İranla sərhəddə ABŞ hərbçilərinin yerləşdirildiyi diqqətə çatdırılıb. ABŞ ordusunun Ermənistan hərbi bazalarında fəaliyyət göstərdiyi və İran ərazisindən buraxılan raket və PUA-ları izlədiyi qeyd olunub. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanın Ermənistana gedərək ölkə rəhbərliyi ilə görüşdüyü və baş verənlərə görə ölkəsinin narazılığını bildirdiyi vurğulanıb. İran Ermənistandan Avropa İttifaqı və NATO-ya üzvlük cəhdlərindən əl çəkməsini, habelə Qərb qüvvələrini öz ərazisindən çıxarmasını tələb edib. İran rəsmisi bildirib ki, İrəvan tələblərlə razılaşarsa, iki ölkə hərbi saziş imzalayacaq, Qərb qüvvələri Ermənistandan çıxacaq və İran maneəsiz fəaliyyət göstərmək üçün öz qoşunlarını bu əraziyə yeridəcək.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jpost.com/opinion/article-839499