"Bu günlərdə 2020-ci il noyabrın 10-da imzalanmış və Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsini rəsmiləşdirən üçtərəfli Bəyanatın imzalanmasının bir ili tamam oldu. Bu Bəyanatın imzalanmasına aparan yola nəzər salanda, deyə bilərik ki, Vətən müharibəsində Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Ona görə də bu Qələbə ümumxalq birliyinin təntənəsi, xalqımızın qürur mənbəyidir. 44 günlük Vətən müharibəsində bütün dünya Azərbaycan xalqının birliyinin şahidi oldu. Azərbaycan Ordusunun Zəfər yürüşü uzun illər dəyişməz qalan status-kvonu dəyişdi. Nəticədə üçtərəfli Bəyanat imzalandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu".

Bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Deputat vurğulayıb ki, döyüş meydanında qazanılmış qələbələri siyasi müstəvidə də qələbənin qazanılması tamamladı. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail oldu. İmzalanmış üçtərəfli Bəyanat Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişib və itirilmiş ərazilərini geri qaytarıb.

Azərbaycanın əldə etdiyi Qələbənin və apardığı hərbi əməliyyatların hazırda dünyanın bir çox ölkələri tərəfindən öyrənildiyini qeyd edən Jalə Əhmədova deyib: "Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimiz Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Vətən müharibəsində Qələbəmizdən danışarkən Türkiyənin siyasi və mənəvi dəstəyini xüsusi qeyd etmək lazımdır. Çünki Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərinin qarşısını aldı. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması isə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Çünki bu Bəyannamədə göstərilən müddəalar keyfiyyətcə daha yüksək işbirliyinə təminat verir. Üçtərəfli Bəyanatda əksini tapmış mühüm məqamlardan biri də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını təsdiq etməsidir. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizinin açılması böyük strateji əhəmiyyətə malikdir və bu, tarixi hadisə olacaqdır".

Razılaşmaya əsasən, tezliklə azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdacaqlarına diqqət çəkən deputat deyib: "Ən önəmli məsələ isə budur ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla rəsmiləşən şanlı Qələbəmiz azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın qürurunu, inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və bir qarış torpağını belə, heç kəsə güzəştə getməyəcək".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN