Azad Məsiyev: “ABŞ 3+3 formatına Paşiniyanın əli ilə mane ola bilər”
Ermənistanda növbədənkənar keçirilən seçkilərlə bağlı sualımızla bağlı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin fikirlərini “TƏZADLAR”ın oxucularına təqdim edirik:
- Ermənistan Mərkəzi Seçki Komissiyası bütün seçki bülletenlərini sayıb və ilkin nəticələr barədə məlumat yayıb ki, seçki nəticələrinə əsasən, Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası səslərin təxminən 55%-ni toplayıb. Ermənistandakı seçkilərin nəticəsi barədə nə deyə bilərsiniz, Paşniyanın yenidən hakimiyyətə gəldiyi təqdirdə, regiondakı geosiyasi proseslərə təsirini necə şərh edərdiniz?
- Bildiyiniz kimi, Paşinyan ABŞ dövləti tərəfindən inqilab yolu ilə hakimiyyətə gətirilmişdir. Məqsədləri Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yaratmaq, erməni cəmiyyətində də ABŞ və qərbyönümlü fikir formalaşdırmaq idi. Bir sözlə, ABŞ Cənubu Qafqaz regionunda geosiyasi vəziyyətə tam nəzarət etmək, eyni zamanda bu bölgədə siyasi vəziyyətə diqtə etmək, Rusiya və İrana qarşı Ermənistan hakimiyyətindən və ərazisindən istifadə etmək planlaşdırmışdı. 44 günlük müharibənin nəticəsi ABŞ-ın region üçün nəzərdə tutduğu planlarını pozdu, 10 noyabr sazişi Ermənistanda siyasi böhran yaratdı və bu böhrandan çıxmaq, siyasi vəziyyəti sabitləşdirmək üçün Paşniyan növbədənkənar seçkiyə getmək qərarı verdi. Belə bir qərarın verilməsi erməni cəmiyyəti üçün düzgün addım idi. ABŞ hakimiyyətə gətirdiyi kadrını, yəni Paşinyanı hər vəchlə müdafiə etməli idi ki, o yenidən hakimiyyətə gəlsin və nəzərdə tutduğu planları həyata keçirsin. Ermənistanda seçki prosesi zamanı - 20 iyun seçki günü baş verən qanun pozuntuları barədə kifayət qədər faktlar qeydə alınmışdır. Və bu seçkinin nəticəsini də erməni müxalifəti tanımır. Lakin bütün bunlara baxmayaraq, özünü demokratiyanın qarantı kimi tanıdan ABŞ və Qərb səsini çıxartmadı, seçkinin antidemokratik keçməsinə baxmayaraq, ABŞ və Qərb dövlətləri bütün qanunsuzluqlara göz yumur. ABŞ-ın və Qərbin bir marağı var: Paşinyan yenidən hakimiyyətə gəlsin. Beləliklə də demokratiya ABŞ və Qərb üçün ikinci plana keçdi.
10 noyabr 2020-ci il tarixli məlum sənədə erməni tərəfindən imza atan Nikol Paşinyan olub, həmin sənədin müddəlarının həyata keçməsinə məsuliyyəti də o daşıyır. Bu baxımdan Paşinyanla danışıq aparmaq bizim üçün daha məqbuldur. Əks təqdirdə, başqa radikal qüvvələr hakimiyyətə gəldiyi halda, sazişin (10 noyabr 2020-ci il tarixli) müddəlarını həyata keçirmək bir qədər çətin olardı. Bundan başqa, Paşinyanın hakimiyyətə gəlməsi erməni cəmiyyətini parçalayacaq, gərginliyi yenidən alovlandıracaq, bu isə dolayısı olaraq bizim maraqlarımıza uyğundu. Paşinyan hakimiyyəti ABŞ-ın iradəsi altında yenə də anti-Rusiya siyasəti yeridərsə, bu halda regionda Rusiya ilə Azərbacanın mövqeyi üst-üstə düşəcəkdir.
Bildiyiniz kimi, bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bölgənin inkişafı və təhlükəsizliyi üçün təklif etdiyi 3+3 formatını yenidən gündəmə gətirmişdir. Bu təklifin həyata keçməsi ABŞ-ın bölgədə siyasi nüfuzunu zəiflədəcək, belə olan təqdirdə ABŞ hər vəchlə bu formatın həyata keçməsinə Paşinyanın əli ilə mane olmağa çalışacaq.
Ermənistan-Azərbaycan münasibətləri Cənubu Qafqazdakı geosiyasi vəziyyətə bilavasitə təsir edən amillərdən biri idi, deyərdim ki, ən vacibi idi. Rusiya prezidenti Putinin Ermənistan-Azərbaycan müharibəsi zamanı atəşkəsin nail olmasında aktiv fəaliyyəti, onun təşəbbüsü , iradəsi ilə qısa zaman çərçivəsində atəşkəs barədə sənədin imzalanması və həyata keçirilməsi göstərir ki, Rusiya bölgədə söz sahibidir. 10 noyabr tarixli məlum sənəddə Rusiya prezidenti Vladimir Putinin imzası, Rusiya dövlətinin zəmanət verməsinə dəlalət edir. Paşinyan bu sənədə imza atmaqla sənədin icra olunmasında məsuliyyət daşıyır, əks təqdirdə Ermənistan istər Rusiya, istər Azərbaycan tərəfindən təzyiqlərlə üzləşəcəkdir.