İsaxan VƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor

Eyforiyadan ayılan erməni xalqı radikal və revanşist yanaşmaların ziyanlı olduğunu dərk etməlidir

Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri revanşist mövqedən çıxış edən siyasi qüvvələrin, xüsusilə “Qarabağ klanı”nın cəmiyyətdə yetərli dəstək və nüfuza malik olmadığını bir daha təsdiqləyib. Revanşist qüvvələr İkinci Qarabağ müharibəsində Ermənistanın üzləşdiyi məğlubiyyətdən sonra Nikol Paşinyanı və komandasını hakimiyyətdən asanlıqla uzaqlaşdıracaqlarını düşünsələr də, reallıq tamamilə bunun əksini göstərir.

Ermənistanda Paşinyana digər siyasətçilərlə, xüsusən də “Qarabağ klanı”nın təmsilçiləri ilə müqayisədə daha çox etimad göstərilməsinin əsas səbəbi ölkə əhalisinin böyük əksəriyyətinin revanşizmdən, yeni savaş xülyalarından imtina etməsidir. Erməni əhalisi 44 günlük müharibədən sonra mümkün yeni savaşın nə ilə nəticələnəcəyini yaxşı bilir. Bu səbəbdən, revanşist sərsəm fikirlər səsləndirən siyasi qüvvələrdən imtina edir.

Erməni ictimaiyyəti uğursuz namizədlər sırasından etməli olduğu seçimdə N.Paşinyana üstünlük verməklə, əslində, post-müharibə dövrünün yeni geosiyasi reallıqları ilə barışdığını qəbul etdiyini, geriyə yolun olmadığını etiraf edib. Real vəziyyət Ermənistanda müharibə və revanş iddiaları ilə manipulyasiya edən siyasi qüvvələrin iddialarının iflasa uğradığını göstərir. Erməni xalqı yüzilliklər boyu ona aşılanan saxta ideoloji qəliblər, absurd və mifologi yanaşmalar əsasında qonşu dövlətlərə qarşı irəli sürülən ərazi id­dialarının yalnız faciələrə və fəlakətə səbəb olduğunun fərqindədir. 44 günlük müharibənin nəticələri fonun­da Ermənistanda həlledici çoxluq Azərbaycana qarşı ərazi iddialarının əsassızlığını və əhəmiyyətsizliyini, deyəsən, dərk edib.

Qırx dörd günlük müharibənin başlanmasının və Ermənistanın rüsvayçı kapitulyasiyasının bais­karı olan N.Paşinyanın parlament seçkilərində önə çıxması və çox­luğun səsini qazanması, əslində, erməni cəmiyyətinin hələ də ruhi-mənəvi sarsıntı, təlaş içində olduğu­nu təsdiqləyir. Faktiki olaraq, erməni xalqı bununla yeni hərbi toqquşma və ya əməliyyatlara qarşı olduğunu nümayiş etdirib. Seçkilərin nəticələri göstərir ki, erməni ictimaiyyəti Azərbaycanın iqtisadi və hərbi gücü, demoqrafik potensialı qarşısında indiyə qədər bəzi siyasi və millətçi dairələrin səsləndirdiyi qisasçılıq iddialarını qətiyyən ciddi və faydalı hesab etmir.

“Qarabağ klanı”nın təmsilçilərinin hakimiyyətdə olarkən Ermənistanı düçar etdikləri bu və digər problemlər əhali arasında onlara qarşı böyük nifrət formalaşdırıb. Seçkilərin nəticələri erməni xalqının Robert Köçəryan – Serj Sarkisyan cütlü­yünü, onlara bağlı qüvvələri tarixin arxivinə gömmək niyyətində olduğu­nu aydın ifadə etdi və bu xüsusda Ermənistanda açıq etiraflar səslənir.

Beləliklə, N.Paşinyan və koman­dası digər siyasi qüvvələrlə koalisi­ya qurmadan təkbaşına hökuməti formalaşdırmaq imkanı əldə edib. Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyasının 71 deputat mandatı qazanması buna imkan ve­rir. Baş nazir səlahiyyətlərinin icraçısı yeni hökuməti təkbaşına formalaşdı­racağının anonsunu verib. Seçkilərdə xalqdan istədiyi dəstəyi ala bilməyən “Qarabağ klanı” və digər müxalifət qüvvələri isə nəticələrə etiraz olaraq yeni kütləvi aksiyalara başlaya biləcəklərini istisna etmirlər. Lakin N.Paşinyan belə aksiyaların sabitliyə təhdid yaradacağını bildirir və güc yolu ilə bunun qarşısının alınacağını bəyan edir. Hadisələr bu səpkidə in­kişaf edərsə, Ermənistanda vətəndaş qarşıdurmasının qaçılmaz olacağı şübhəsizdir.

Belə təkliflər də səslənir ki, müxalifət parlament seçkilərinin nəticələrini tanımayaraq, qazandığı azsaylı deputat mandatından imtina etməlidir. Hesab edilir ki, bu halda müxalifət olmadan yeni parla­ment formalaşdırıla bilməz. Lakin Ermənistan Mərkəzi Seşki Komissi­yası bu halda parlamentin fəaliyyət göstərə biləcəyini bəyan edib. Bu səbəbdən, müxalifətin boykot tak­tikasından istifadə etməsi ilə bağlı təklifləri də iflasa məhkumdur.

Yekun mənzərə bundan ibarətdir ki, istənilən halda N.Paşinyan digər siyasi qüvvələrin iştirakı olmadan növbəti dəfə təkbaşına yeni hökumət formalaşdıracaq. Lakin onun nəzərdə tutulan müddətdə hakimiyyətdə qalması qonşu ölkələrlə, xüsusən də Azərbaycan və Türkiyə ilə quracağı münasibətlərdən birbaşa asılı olacaq. Azərbaycan və Türkiyənin ərazi bü­tövlüyünü tanıyacağı, onlarla sərhəd və digər məsələləri beynəlxalq hü­quqa uyğun şəkildə həll edib normal qonşuluq münasibətləri quracağı halda, erməni cəmiyyətinin Paşin­yana dəstəyi davam edəcək. Çünki Ermənistan yalnız Azərbaycan və Türkiyə ilə normal münasibətlər qur­maqla real inkişaf yoluna çıxa bilər. Seçkilərin nəticələri belə deməyə əsas verir ki, erməni cəmiyyətinin də N.Paşinyan hakimiyyətindən istəyi budur.

Ermənistan 30 ilə yaxın müddətdə bütün iqtisadi, siyasi və təbii resurslarını işğal nəticəsində nəzarətinə keçirdiyi Azərbaycan ərazilərinin ilhaqına yönəltsə də, Vətən müharibəsində qazandığımız tarixi zəfər yeni geosiyasi reallıq formalaşdıraraq təcavüzkar ölkənin uzun illər can atdığı hədəfləri puça çıxarıb. Ermənistan təkcə hərbi, siyasi və diplomatik-siyasi deyil, informasiya müharibəsində də ağır məğlubiyyə düçar olub.

İqtisadi İslahatları Təhlili və Kom­munikasiya Mərkəzinin araşdırma­ları göstərir ki, 1995-2020-ci illərdə Ermənistanın dövlət büdcəsindən hərbi xərclər üçün 7,9 milyard dollar, ümumən işğalçı və militarist siyasətin reallaşdırılması məqsədilə 8,6 milyard dollar xərclənib. Müqayisə üçün bildirək ki, həmin müddətdə Ermənistan iqtisadiyyatına qoyulmuş birbaşa investisiyaların həcmi, təxminən, 8 milyard dollara bərabər olub. 2020-ci il səviyyəsi ilə götürdükdə, bu rəqəm Ermənistanın 2,5 illik dövlət büdcəsinə bərabərdir. Ermənistanın yenidən hərbi əməliyyatlara başlamaq üçün nə hərbi, nə iqtisadi və də insan poten­sialı var.

Vətən müharibəsindən sonra beynəlxalq güclərin post-konflikt dövründəki siyasi proseslərə münasibəti fonunda erməni xalqı müəyyən geosiyasi reallıqları düzgün dəyərləndirmək imkanı əldə edib və eyforiyadan xilas olub. Azərbaycanın apardığı çevik və uğurlu diplomatiya fonunda Ermənistan beynəlxalq are­nada təkllənib, onun əsassız dəstək gözləntiləri puç olub.

Türkiyənin regionda artan rolu, Rusiya sülhməramlılarının regiondakı missiyası, Şuşa Bəyannaməsinin imzalanması fonunda erməni cəmiyyəti hakimiyyət dəyişikliyinin mənasızlığını və daha ağır nəticələrə səbəbolma ehtimalını dərk edib. Uzun illər boyu səfalət və yoxsul­luq içində yaşayan Ermənistan əhalisi müharibədən sonra regi­onda yaranmış yeni əməkdaşlıq perspektivlərinə, kommunikasiyaların açılmasına, ölkəsinin blokadadan çıxacağına, Zəngəzur dəhlizinin bərpasının iqtisadi inkişafa müsbət təsirlərinə ümid bəsləyir.

Ermənistan cəmiyyəti gec də olsa anlamağa başlayır ki, post-müharibə dövründə onun yeganə çıxış yolu inkişafını tormozlayan əsassız, qeyri-hüquqi iddialardan əl çəkmək, kons­truktiv mövqe sərgiləyərək Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaş­dırmaqdır. Ağır məğlubiyyət fonunda regionun yeni reallıqlarını qəbul etmək istəməyən hansısa qüvvənin Ermənistanda hakimiyyət gəlməsi mümkün deyildi. Ermənistanda hansısa siyasi qüvvənin 10 noyabr üçtərəfli sazişinin müddəalarını dəyişmək, yeni reallıqlar yaratmaq imkanları sıfra bərabərdir. Rusiya Prezidenti V.Putinin qeyd etdiyi kimi, bu siyasi intihara bərabər addım olardı. Məhz bu səbəbdən də N.Paşinyana seçkilərdə dəstək verən erməni xalqı sülh və sabitlikdə maraqlı olduğunu nümayiş etdirib. Bunu Prezident İlham Əliyev də açıq bildirib: “Vladimir Vladimiro­viç kütləvi informasiya vasitələrinə müsahibəsində növbəti dəfə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ay­rılmaz hissəsidir. Bu, ilk belə bəyanat deyil. Düşünürəm ki, bu, çox mühüm bəyanatdır. Özü də o, Ermənistanda 10 noyabr tarixli bəyanatın şərtlərinə yenidən baxmağa çalışan revanşçı qüvvələr üçün vacibdir”.

Ermənistandakı son seçkilər fonunda Avropada və Qərbdə müəyyən dövlətlərin, beynəlxalq təşkilatların reallığı daha düzgün şəkildə dərk edəcəkləri, Azərbaycana qarşı əsassız ittihamlara və mənasız təzyiq cəhdlərinə soy qoyacaqları, daha konstruktiv mövqedən çıxış edəcəklərini ehtimal etmək olar. Çünki kənardan körüklənən qarşı­durma ritorikası indi heç Ermənistan cəmiyyətində də normal qəbul olunmur.

Prezident Rəcəb Tayyib Ərdoğan, eləcə də, Prezident İlham Əliyev müharibədən sonra regionda Türkiyə, Gürcüstan, İran, Azərbaycan və Rusiyanın iştirakı ilə reallaşa biləcək yeni əməkdaşlıq formatında Ermənistanın da iştirakının mümkün­lüyünü qeyd ediblər. Azərbaycanın zəfər salnaməsinin müəllifi, Ali Baş Komandan İlham Əliyev də qətiyyətlə bildirir ki, əgər Ermənistan ağır məğlubiyyətindən nəticə çıxarmasa və onlarda yenidən revanş meyilləri baş qaldırsa, bu, işğalçı dövlət üçün çox ağır nəticələrə səbəb olacaq.

Cənubi Qafqazda kommunika­siya, eləcə də, iqtisadi əlaqələrin bərpası ötən il baş verən 44 günlük Vətən müharibəsindən sonra prioritet məsələlər sırasında yer alır. Bu, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların da əsas müddəalarından biridir. Azərbaycan həmin bəyanatlara uyğun olaraq kommunikasiya əlaqələrinin bərpasına xidmət edən mühüm addımlar atır. Horadiz- Ağbənd dəmir yolu, Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun çəkilməsinə start verməklə regionda kommunikasiya əlaqələrinin yaradılmasında əməli fəaliyyətə keçdiyini göstərir.

Rusiya Prezidenti Vladimir Putin bölgədə kommunikasiyalar üzərindən blokadanın götürülməsinin vacibli­yini bildirərək, bunun Ermənistanın inkişafı üçün də mühüm əhəmiyyət daşıdığını bəyan edib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirir ki, kommunikasiya xətlərinin açılmasında onun ölkəsi ilə yana­şı, regionda kifayət qədər vacib geosiyasi oyunçulardan biri olan Türkiyə, eləcə də İran da maraqlıdır. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk hesab edir ki, kommunikasiyaların bərpası bütün region, o cümlədən, blokada şəraitində tənəzzülə uğramaqda olan Ermənistan üçün olduqca mühümdür. Overçukun fikrincə, Ermənistanın bu prosesdə fəal iştirakı perspektivdə İrəvana Xəzər dənizindəki Azərbaycan limanların­dan istifadə etməklə məhsullarını Orta Asiya ölkələrinə və ya əksinə daşımaq imkanları verə bilər.

Ermənistan üçün Azərbaycan vasitəsilə Rusiya, İran, Orta Asiya ölkələrinə çıxış olduqca vacibdir. Bu ölkənin dənizlərə birbaşa çıxışı yox­dur. Lakin Azərbaycan perspektivdə Ermənistana bunun üçün imkan yarada bilər. İranla Ermənistanın mövcud sərhədi olduqca çətin relyefə malikdir. Burada istifadə edilən yollar da bərbad haldadır. Elə bu da İran və Ermənistan arasında nəqliyyat əlaqələrinin inkişafını ciddi şəkildə əngəlləyir. Halbuki, Ermənistan Azərbaycan üzərindən İranla nəqliyyat əlaqələri yaradarsa, onda iqtisadiyyatında ciddi yüksəliş qeydə ala bilər.

Rusiya ilə etibarlı əlaqə üçün də Ermənistanın Azərbaycana ehtiya­cı böyükdür. Hazırda Ermənistan Rusiya ilə Gürcüstandan keçən “Yuxarı Lars” marşrutu vasitəsilə yükdaşımalar həyata keçirir. Lakin bu marşrut hava şəraitindən asılıdır və qış aylarında çox vaxt günlərlə bağlı olur. Yüklərin “Yuxarı Lars” vasitəsilə fasiləsiz daşınması həyata keçrilmədiyindən, Ermənistan iqti­sadiyyatı bundan ciddi zərər görür. “Yuxarı Lars”a alternativ, fəaliyyəti təbii şərtlərdən asılı olmayan yeni keçid məntəqələrini bu gün yalnız Azərbaycan Ermənistana təqdim etmək iqtidarında olan yeganə dövlətdir.

Rəsmi Bakı Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xətti açılma­sına imkan yaratmağa hazır olduğu­nu dəfələrlə bildirib. Bundan başqa, Azərbaycan Zəngəzur dəhlizinin işə düşməsindən sonra Ermənistanın da buradan keçəcək dəmir yolu vasitəsilə İrana çıxış əldə edə biləcəyini bəyan edib. Bütün bunlar Ermənistanın iqtisadi inkişafının, düşdüyü ağır vəziyyətdən xilasının sırf Azərbaycanla normal əlaqələrdən asılı vəziyyətə düşdüyünü göstərir. Beləliklə, yalnız Azərbaycanla normal münasibətlər quracağı, ölkəmizin ərazi bütövlüyünü tanıyacağı, Türkiyəyə qarşı əsassız iddialara son qoyacağı təqdirdə Ermənistan Rusiya və İrana, eləcə də Xəzər dənizi vasitəsilə Orta Asiyaya etibarlı çıxış əldə edə, regional layihələrə qoşula bilər.

Bu, bir daha təsdiq edir ki, Ermənistanın siyasi perspektivi tamamilə Azərbaycandan asılı vəziyyətdədir. Ermənistan qəbul etməlidir ki, Qarabağ münaqişəsi sona çatıb və Azərbaycanla, Türkiyə ilə əməkdaşlıq qurulmadan bu ölkənin heç bir gələcəyi yoxdur. Bu ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın etiraf etdiyi kimi, müharibəni uduzan Ermənistanın artıq Qarabağ barədə rəyini heç soruşan da yoxdur. Çünki dünya da qəbul edir ki, münaqişə sona çatıb və Azərbaycan özünün ərazi bütövlüyü­nü bərpa edib.

Azərbaycan hazırda Ermənistanla sərhədlərin müəyyən edilməsi üçün də müvafiq addım­lar atır, SSRİ dövründə müəyyən edilmiş sərhədlər çərçivəsində delimitasiya və demarkasiya işlərinin aparılmasının tərəfdarı kimi çıxış edir. Artıq Ermənistanda müəyyən praqmatik qüvvələr də Azərbaycanın bu yanaşmasına alternativin olmadığını bildirirlər. Bu yanaşma Ermənistanda formalaşacaq yeni hökumət tərəfindən də qəbul olun­malı, Azərbaycanla ərazi bütövlüyü­nün tanınması şərti ilə əməkdaşlığa üstünlük verilməlidir. Əks təqdirdə, Ermənistanın bir dövlət olaraq hansı­sa iqtisadi perspektivindən danışma­sı mümkün deyil.

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN