Onların arasında Rusiyanın ən varlı adamlarından biri, bir neçə rusiyalı məmurun yaxın dostu, əslən Azərbaycandan olan iş adamı Qod Nisanov da var. Yeni sanksiya siyahısına ABŞ-ın Vladimir Putinin tərəfdaşı və pullarının idarəçisi adlandırdığı musiqiçi Sergey Rolduqin də daxildir. Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, “Rosgeologiya”nın rəhbəri Sergey Qorkov, Aleksey Mordaşov xanımı və iki yetkin uşağı ilə birlikdə siyahıya daxil olublar. Siyahıda Mordaşovun dörd şirkəti, o cümlədən metallurgiya, maşınqayırma, turizm, bank işi, texnologiyalar, KİV və maliyyə sahələrində fəaliyyət göstərən çoxmilyardlı "Severqrup" investisiya şirkəti də yer alıb. Rusiyada yerli aparıcı polad istehsalçıları arasında olan “Severstal”; Rusiyanın texnoloji, media və reklam şirkəti “Alqoritm”. Rusiya, Mərkəzi Asiya, Afrika, Cənubi Amerika və Şimali Amerikada fəaliyyət göstərən “Nord Gold” qızıl- mədən şirkəti.
***
Qeyd edək ki, yeni sanksiyalar Imperial Yachts və United Aircraft Corp. daxil olmaqla, Kremlyğnlü şirkətlərə şamil olunacaq. “Birləşmiş Ştatlar prezident Putinin və Rusiyanın təcavüzünə şərait yaradanların məsuliyyətə cəlb edilməsinə yardım etməklə Ukrayna xalqının yanında olmağa davam edəcək”, - dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir. Öz növbəsində Dövlət Departamentinin mətbuat katibi Ned Prays Turan-ın müxbirinə bildirib ki, maliyyə sanksiyaları və ixrac nəzarətinin köməyilə Rusiya diplomatik və siyasi cəhətdən təcrid olunub. Dünya Bankının proqnozlarına görə, 2022-ci ildə Rusiyanın ümumi daxili məhsulu təxminən 11 faiz azalacaq. İnflyasiya sürətlə artır və analitiklər proqnozlaşdırırlar ki, 2022-ci ildə Rusiyada inflyasiyanın 20 faizi ötəcək. “Biz Rusiyanın əsas strateji sektorlar - texnologiya, energetika, aerokosmik sənaye, müdafiə üçün zəruri resurslara çıxışını əngəlləyirik. Onlar Rusiyaya Ukraynada müharibəni davam etdirmək üçün lazımdır”, - o əlavə edib.
Onu da xatırlatmaq yerinə düşür ki,ötən gün Ukrayna Müdafiə Nazirliyi bir maraqlı məlumat paylaşmışdı. Məlum olurdu ki, Rusiyada dron çatışmazlığı yaranıb. Ehtiyat hissələrinin vacib elementi xarici ölkələrdən alınan bu dronlardan istifadə mümkünsüz olduğundan, Rusiya FHN-nin dronlarından istifadə etməyə məcbur olub.
Həmçinin, yeyinti sənayesində sokların üzərinə vurulan reklam mahiyyətli etiketlərin rəng qarışığı da çatışmır, ona görə də bəzi zavodlarda sokların qablaşdırılmasında problemlər yaranıb, üzəri bomboz olaraq istehlaka buraxılır...
Bir sözlə, Ukrayna müharibəsi Rusiyanın bütün olan-qalan imkanlarına da sədd çəkmiş oldu...
A.Məmmədli