...Tarixin bütün dövrlərinə nəzər yetirsək görərik ki, hər bir dövrdə Azərbaycan qadınları cəmiyyətin idarə olunmasında, dövlətin formalaşmasında böyük xidmətlər göstərmişlər. Qədim mənbələrə diqqət etsək, antik dövrün ən böyük hökmdarlarından biri, Azərbaycanın ilk qadın tarixi şəxsiyyəti Tomrisin adına rast gələrik. Tomris dövlətçilik sahəsində uzaqgörən bir rəhbər olmuşdur. 

Azərbaycan tarixində böyük siyasi nüfuza malik olmuş qadınlardan biri də Atabəy Şəmsəddin Eldəgizin xanımı, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası Möminə xatun olmuşdur və vəfatından sonra onun şərəfinə türbə ucaldılmışdır. Orta əsrlər tariximizdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Şah Abbasın anası Xeyransa bəyim və başqaları kimi görkəmli siyasi və dövlət xadimlərinin adları hörmətlə yad edilir. Adları tarixə düşmüş cəsur, təşəbbüskar Azərbaycan qadınlarından Fatimə xanım, qubalı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, bacısı Xədicə Bikə və qızı Pəricahan xanım, gəncəli Cavad xanın övrətləri Şükufə xanım və Bəyim xanımı və başqalarını buna misal göstərmək olar.  

Göründüyü kimi, tarixin bütün dövrlərində örnək götürdüyümüz qadınlar olmuşdur. XIX əsrə aid qaynaqlara da nəzər yetirsək görərik ki, bu dövrdə də Azərbaycan qadınlarının mübarizə dairəsi çox geniş olmuş, iqtsadi, ictimai-siyasi və sosial-mədəni sahələri əhatə etmişdir. Həmin dövrdə Azərbaycan xalqının bir millət kimi formalaşmasında, milli-mənlik şüurunun inkişafında, maariflənməsində, sosial-mədəni tədbirlərin həyata keçirilməsində kişilərlə bərabər bir sıra Azərbaycan qadınlarının da böyük rolu olmuşdur. Hənifə Məlikova-Zərdabi, Şəfiqə Əfəndizadə, Həmidə Cavanşir, Nigar Şıxlinskaya, Xədicə Ağayeva, Linza Muxtarova, Zeynəb Zəlimxanova, Rübabə Qasımova, Sofiya Şahtaxtinskaya və onlarla başqaları xeyriyyə cəmiyyətləri təşkil etdilər, xeyriyyəçi müəllim, maarifçi, həkim, yazar, sahibkar, inqilabçı, habelə, gözəl qadın və cəfakeş ana oldular. Xalq Cümhuriyyəti dövründə də Zəhra Ağayeva, Qərib Sultan Məlikova, Zərri Şahtaxtinskaya, Sara Talışinskaya, Səriyyə Əhmədova, Məsmə Məmmədova, Fəridə Ağayeva, Şəfiqə Qaspralı və onlarca  ziyalı qadınlarımız xalqın maariflənməsinə və təhsil tarixinə böyük töhfələr vermişlər. Sovet hakimiyyəti dövründə də bir sıra çətinliklərə baxmayaraq, Azərbaycan qadınları bütün sahələrdə: istər hərbdə, istərsə də sovet müəssisələrinin işində, ictimai-siyasi təşkilatlarda, səhiyyədə, xalq təhsili sahəsində, ədəbiyyat və incəsənətin inkişafında əvəzsiz xidmətləri olmuşdur. Bu mərd, cəsur, seçdikləri sənətləri ilə Azərbaycanda yeniliyin qələbəsini çalmış qadınlar sırasında Sona Vəlixanlı, Umnisə Musabəyova, Zərifə Əliyeva, Leyla Məmmədova, Sona Nuriyeva, Hökümə Sultanova və b. vardı. Onu da qeyd etmək istərdik ki, XX əsrin görkəmli ziyalılarından olan Zərifə xanım Əliyevanın səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. Zərifə xanım elmi uğurlarına görə SSRİ-də ilk qadın olaraq SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafata layiq görülmüşdür. Dövrün görkəmli ziyalılarından biri də Aida İmanquliyeva olmuşdur. O, 1967-ci ildə Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və ilk müsəlman, şərqşünas alim qadın kimi özünü təsdiq etmişdir. Azərbaycan elminin yeni dövründə mühüm izlər qoyan Aida İmanquliyeva kimi hörmətli qadınlar cəmiyyətin inkişafında aparıcı rol oynamış, gələcək nəsillər üçün Azərbaycan qadınına mükəmməl örnək olmuşlar.

Görkəmli dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə də qadın şəxsiyyətinin önəmi qiymətləndirmiş, yüzlərlə qadınlarımız onun yaratdığı əlverişli şərait hesabına fərdi bacarıqlarını nümayiş etdirmiş, müxtəlif idarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışmışlar. Eyni zamanda xalqımızın adlı-sanlı görkəmli ziyalıları, tanınmış alimləri və yazıçıları geniş təbliğ olunmuş, təltif edilmiş və fəxri adlara layiq görülmüşdür.

***

Bu tarixi ənənə müasir zamanda da uğurla davam etməkdədir. Bu gün müstəqil Azərbaycanda qadının cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət xadimi, xalqın etibar edib səs verdiyi deputatdır. Bu gün Azərbaycan qadınlarından danışarkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adını xüsusilə qeyd etmək istərdik. Mehriban Əliyeva ziyalı ailəsində anadan olub. Onun babaları ədəbiyyatımızı, ritorikamızı formalaşdıran, yüksək vətəndaşlıq nümunəsi ilə seçilən ziyalılar olub. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadimi, anası Aida İmanquliyeva görkəmli şərqşünas-alim, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadındır.  Mehriban xanım Əliyeva mənsub olduğu ailənin zəngin mənəviyyatından bəhrələnir, onların nəcib əməllərini istər şəxsi həyatında, istərsə də ictimai fəaliyyətində ləyaqətlə davam etdirir. Onun ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər hər bir Azərbaycan qadını üçün örnək sayılır.

Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Daim yüksəlişə doğru can atan Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun Ümummilli Liderin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və Azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir. Mehriban xanımım rəhbərlik etdiyi Fond fəaliyyətə başladığı gündən həm ölkə daxilində, həm də ölkəmizin hüdudlarından kənarda elm, təhsil, mədəniyyət, səhhiyyə, ekologiya, idman və sosial sahələrdə bir sıra proqram və layihələri reallaşdırmışdır. 

Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu təhsilin inkişafı sahəsində YUNESKO ilə əməkdaşlıq çərçivəsində bir sıra uğurlara imza atmışdır. Belə ki, 2005-ci il iyulun 6-da Fondun təşəbbüsü ilə YUNESKO-nun iqamətgahında “Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları” mövzusunda konfrans keçirilmişdir. Fond ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış sazişə əsasən kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışını təmin edən layihələrin icrasına başlanmışdır. Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və birbaşa rəhbərliyi altında uşaqlar və yeniyetmələr arasında diabet və talassemiya xəstəliklərinin müalicəsi məqsədilə “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat” layihələri hazırlanmışdır. Bu sahədə mövcud problemlər həll olunmuşdur. 

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyac duyan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.

Azərbaycan Mədəniyyətinin Dostları və Heydər Əliyev fondlarının xətti ilə sənəti və mədəniyyəti himayə edən Mehriban xanım Əliyeva çağdaş Azərbaycandan əski çağlara cığır açdı. O, Respublika Prezidenti İlham Əliyevin və YUNESKO-nun baş katibi Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin təməlini qoydu. Muğamın inkişafı və təbliği istiqamətində atılan bu möhtəşəm addım Azərbaycan muğamları layihəsi çərçivəsində həyata keçirildi. Bu layihə əsasında işıq üzü görən Qarabağ xanəndələri albomu ölməz muğam ifaçılarını yenidən dünyanın musiqi ictimaiyyətinə təqdim edildi.

Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən bir qismi də mövcud kitabxanaların yenidən qurulması ilə bağlıdır. “Öz mədəniyyət və tarixinə hörmət edən xalq digər xalqların da mədəniyyət və tarixinə hörmət edəcəkdir” fikrini əsas tutan Mehriban Əliyevanın rəhbərliyi ilə Fond bu sahədə ardıcıl fəaliyyət göstərir, qəsəbə və kənd kitabxanaları yenidən qurulur, müasir avadanlıqlarla təmin edilir, zənginləşdirilir. Heydər Əliev Fondu dünyanın ən mötəbər mədəniyyət qurumları ilə əməkdaşlıq çərçivəsində ölkəmizdəki tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də fəal iştirak edir. Gəncədə Cavadxan türbəsinin, Comərd məqbərəsinin, Şüvəlanda Pirhəsən ziyarətgahının bərpası buna parlaq nümunədir.  

Göründüyü kimi, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun fəaliyyəti çoxşaxəlidir. Geniş miqyaslı xeyriyyəçilik fəaliyyətinin nəticəsi olaraq Mehriban xanım Əliyeva “2005-ci ilin adamı”, 2007-ci il dekabrın 1-də “Gəncliyin inkişafı uğrunda qlobal səfir” adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, cari ildə isə iki mötəbər mükafata - Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına layiq görülmüşdür.

Beləliklə, bütün bu dediklərimizdən aydın olur ki, Mehriban Əliyevanın əhatə dairəsi müxtəlifdir və həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Pandemiya dövründə də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə infeksiyaya qarşı mübarizə və vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində səmərəli tədbirlər həyata keçirilmişdir. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi  genişmiqyaslı yardım layihələri hazırlamışdır. Bununla yanaşı, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə Mehriban xanım xalqa müraciət edərək bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməsinə çağırmışdı.

Mehriban Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətləri, mədəniyyətimizi, adət-ənənələrimizi, tariximizi dünyada təbliği sahəsində də qətiyyətli işlər aparılmışdır. 44 günlük müharibə müddətində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılmışdır.

***

Beləliklə, bu gün biz fəxrlə deyə bilərik ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Planetar düşüncəli Mehriban xanım Əliyevanın bir vətəndaş kimi Azərbaycanın bu günü, gələcəyi üçün gördüyü, ölkəmizin tərəqqisinə verdiyi töhvələr hər bir Azərbaycan qadını üçün nümunə ola bilər.

İmdad Bayramov,

Bakı Dövlət Universitetinin Psixologiya üzrə fəlsəfə doktoru, dosent  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN