“Bakı Marafonu - 2023”ə mayın 7-də start veriləcək.

Bakıda 24 marşrut xəttinin hərəkət sxemində dəyişiklik olacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, 07.05.2023-cü il tarixdə Bakı şəhərində keçiriləcək “Bakı Marafonu - 2023” ilə əlaqədar olaraq tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 24 müntəzəm marşrutun (E1,M3,H1,1,2,4,5,6,10,18,21,30,32,46,49,53,61,65,88,120,125,149,175 və 205 nömrəli ) hərəkət sxemində dəyişikliklər ediləcək.

Xatırladaq ki,  “Küləyə qalib gəl” şüarı altında keçiriləcək yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq. Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

“Bakı Marafonu 2023”ün mükafatlandırılması iki kateqoriyada olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Qadın və kişi kateqoriyaları üzrə finiş xəttini ilk keçən tələbələr arasında “Gənc ol” (Azercell), eləcə də “Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “Finiş xəttini ilk keçən korporativ iştirakçı”, “Ən kreativ kostyum” nominasiyalarında da mükafatların təqdimatı nəzərdə tutulur. Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 2000 iştirakçı isə “Bakı Marafonu 2023”ün medalları ilə təltif ediləcək.

Qeyd edək ki, 2016-cı ildən təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN