“SƏS” Media Qrupunun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında keçirilən futzal üzrə “Xatirə Kuboku” turniri keçiriləcək.
Təşkilat Komitəsindən "Təzadlar"a bildirilib ki, turnir mayın 13-də start götürəcək və 13 iyunda keçiriləcək final oyunu ilə başa çatacaq. Turnirin püşkatma mərasimi mayin 10-da - ulu öndər Heydər Əliyevin doğum günündə, mükafatların təqdim edilmə mərasimi isə iyunun 15-də-Milli Qurtuluş Günündə “SƏS” Media Qrupunun redaksiyasında keçiriləcək. Qrup oyunlar, eləcə də 1/4 , 1/2 mərhələ, eləcə də final oyunları həftənin şənbə və bazar günlərində təşkil olunacaq.
16 KİV komandası 4 yarımqrupda bir dövrədən ibarət olan dairəvi sistem üzrə yarışacaq. Yarımqruplarda ilk iki yeri tutan komandalar turnirin təqviminə uyğun olaraq ikinci mərhələdə yarışları davam etdirirlər. Yarışlarda I, II və III yeri tutmuş komandalara xatirə hədiyyələri tədqim ediləcək. Bundan əlavə turnirin ən yaxşı oyunçusu, qapıçısı, müdafiəçisi, ən sərrast oyunçusu və ən intizamlı komandasına xüsusi hədiyyələr təqdim ediləcək.
Turnirdə iştirak etmək istəyən komandalar həkim müayinəsindən keçən, fiziki cəhətdən sağlam olan 10 iştirakçı, 1 məşqçi və 1 nümayəndədən ibarət siyahını püşkatma gününədək Təşkilat Komitəsinə təqdim etməlidir.
Adları siyahıda yer almayanlar oyunlara buraxılmayacaqlar. Turnirdə iştirak etmək istəyən komandalar “SƏS” Media Qrupu redaksiyası ilə əlaqə saxlaya bilərlər.
***
Eləcə də komandaların püşkatması mayın 10-da, saat 15:00-da "SƏS" Media Qrupunun redaksiyasında keçiriləcək. "Təzadlar"ın komandası da püşkatmada iştirak edəcək.
Komandalara uğurlar diləyirik!
JASMİN