Cümə axşamı (16 sentyabr) işdəki yoldaşlarımla söhbət edirdim. Soruşdum, futbolla maraqlanırsınızmı?
Dedilər, çox yox, ancaq hərdən baxırıq. Dedim, bu axşam baxarsınız, maraqlı oyun var: Sizin “Bazel” bizim “Qarabağ”la qarşılaşacaq. İş yoldaşlarımın ikisi də yerlilər - isveçrəlilər idi. Biri mənə sual verdi ki, Qarabağ güclü komandadır?
-Hər halda "Bazel"dən zəif deyil, -dedim- bir də, unutmayın ki, 6 il öncə Berndə sizin dəyişməz çempionunuzu, “Yang-boyz”u “Qarabağ” məğlub edərək, kubokdan kənarlaşdırıb. İkinci həmkarım gülərək soruşdu: Bəs sən bu gün hansı komandaya azarkeşlik edəcəksən?
Zarafata salıb dedim ki, 4 ildir İsveçrədə yaşayıram, ona görə də azarkeşlik 50-nin 50- yədir. Ancaq sonra təklif elədim ki, gəlin yaxşı futbola azarkeşlik edək. Söhbətin bu yerində mətləbdən bir az kənara çıxıb deyim ki, Avropalıların qəribə bir özəlliyi var, onlar çox şeylə maraqlanmazlar. Yalnız konkret onlara aid olan və ya onlar üçün vacib aid olan sahələrlə -işlərlə maraqlanarlar. Bu vərdiş onlarda hələ məktəb dövründən başlayır. Hələ aşağı siniflərdən hər kəs öz gələcək sənətini - ixtisasını təxmin etməlidir. Mən yerlilərlə söhbətdə həmişə müxtəlif sahələrdən: idman, ədəbiyyat, musiqi, müxtəlif mədəniyyətlər, elmin müxtəlif sahələrindən danışarkən, bu onları çox təəccübləndirir. Onlar bütün bu sahələrdən mənim necə xəbərdar olduğumu soruşurlar. Əıbəttə onlar bilmirlər ki, bu sadəcə mənim də, zamanında şagirdi olduğum sovet təhsil sisteminin nəticəsidir. İndikindən fərqli, bizim vaxtımızda şagird 10 illik tədris dövründə bütün sahələri -dərsləri oxumalı idi. Ancaq indi mən özüm üçün təhlil edəndə görürəm ki, bəli bizdə insanlar ümumilikdə bütün sahələr üzrə baxsaq, daha savadlıdırlar, ancaq öz sahəsinin mükəmməl mütəxəsisi - ustası azdır. Elə buna görə də, gördüyümüz iş heç də həmişə mükəmməl deyil. Burda isə fərqlidir, Avropa insanı yalnız öz sahəsini bilir, o öz işinin həqiqətən ustasıdır və onun gördüyü iş də daha mükəmməldir, keyfiyyətlidir, uzun ömürlüdür.
Nə isə, qayıdaq futbola... Axşam evə gəldiyimdə xatırladım ki, bu gün saat 19-da məktəbdə kiçik qızımın valideyin iclası var, ora getməliyəm. Tərslikdən oyun da Avropa vaxtı ilə axşam saat 7-də başlayırdı. Bu səbəbdən matçın 1-ci hissəsini izləyə bilmədim. Ikinci hissəni isə, canlı olaraq, internet üzərindən CBC kanalı ilə izlədim. Çox maraqlı və həyəcanlı bir görüş oldu. "Qarabağ" qələbə qazanmasa da (0-0), adəti üzrə Azərbaycan futbolunu ləyaqətlə təmsil etdi...
Dünən istirahət günü idi. Evdə yerli idman kanalını seyr edirdim (İsveçrənin populyar idman kanalı "blue ZOOM D") Qarabağ - Bazel qarşılaşmasının maraqlı keçdiyini nəzərə alıb, matçı təkrar nümayiş etdirirdi. Mən oyuna canlı olaraq tam baxa bilməmişdim deyə, yerli şərhçinin alman dilində apardığı reportajı maraqla izlədim. 90 dəqiqə ərzində aparıcı “Qarabağ” haqqında çox rəğbətlə danışdı. “Qarabağ” texnikalı, sürətli oyunu ilə onu heyrətləndirmişdi. Şərhçinin "Qarabağ"ın oyunu haqda ilk səsləndirdiyi fikirlərindən biri: "Biz Qarabağın oyunu haqqında az məlumatlıyıq. Əlbəttə, "Qarabağ" Avropanın top komandaları sıralamasında məşhurlardan deyil, ancaq "Qarabağ"ın oyunu həqiqətən təqdirəlayiqdir, bu komandanın texnikalı və sürətli oyunu çox baxımlıdır."
“Qarabağ”ın bir komanda kimi intizamlılığı, oyunçuların oyun zamanı və oyun bitdikdən sonra rəqiblə mədəni - alicənab davranışı adamı yaxşı mənada duyğulandırırdı. Stadionun görüntüləri, tamaşaçılar da seyriçidə oyuna, “Qarabağ”a qarşı rəğbət hissi formalaşdırırdı. Azarkeşlər, əsasən də "İmarət-tayfa" sadəcə möhtəşəm idi. Ancaq nədənsə rejissorlar bu möhtəşəm fanat qurupunu ekrana az gətirirdilər.
Bəli, “Qarabağ” oyunda qələbə qazanmadı, lakin ölkəni növbəti dəfə beynəlxalq arenada layiqincə təmsil etdi. Özü də tək idman arenasında yox. Indi, xüsusilə ötən il 44 günlük müharibədəki zəfərdən sonra, belə təmsilçilik bizə çox lazımdı. Hazırda həm də, idmançılarımızın, mədəniyyət - incəsənət nümayəndələrimizin beynəlxalq arenalardakı layiqli çıxışları bizim haqqımızda dünya ictimaiyyətində yaxşı rəyin formalaşmasını şərtləndirir. Buna görə Qarabağ futbol komandasına minnətdarıq. İndi biz səbirsizliklə iki ay sonra İsveçrədə keçiriləcək Bazel - Qarabağ cavab matçını gözləyirik. Inşallah Bazeldə “Qarabağ”ın yanında olmaqla, oyunu canlı izləməyə çalışacayıq. Inanırıq ki, “Qarabağ” 6 il öncə Berndə olduğu kimi Bazeldən də Azərbaycana qələbə ilə qayıdacaq...
İlham Rəsul
Aarau, İsveçrə
("Təzadlar"ın Avropa bürosu)