İlin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.
AzərTAC-ın məlumatına görə, məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına yenə Lionel Messi yiyələnib.
Qalibin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdə argentinalı ulduzu sabiq komanda yoldaşı Luis Suares təltif edib.
7-ci dəfə bu mükafata sahib çıxan PSJ-nin hücumçusu öz rekordunu yeniləyib. “France Football”ın səsverməsində “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski 2-ci, “Çelsi”nin italiyalı yarımmüdafiəçisi Jorjinyo isə 3-cü olub. Bu “üçlük”lə yanaşı, əsas namizədlər sırasında olan “Real”ın fransalı forvardı Kərim Benzema 4-cü yeri tutub.
Digər namizədlər isə aşağıdakı kimi sıralanıb: 5. Nqolo Kante (Fransa / “Çelsi”), 6. Kriştiano Ronaldo (Portuqaliya / “Mançester Yunayted”), 7. Məhəmməd Salah (Misir / “Liverpul”), 8. Kevin de Bruyne (Belçika / “Mançester Siti”), 9. Kilian Mbappe (Fransa / PSJ), 10. Canluici Donnarumma (İtaliya / “Milan”-PSJ), 11. Erlinq Haland (Norveç / “Borussiya” Dortmund), 12. Romelu Lukaku (Belçika / “Çelsi”), 13. Corcio Kyellini (İtaliya / “Yuventus”), 14. Leonardo Bonuççi (İtaliya / “Yuventus”), 15. Rahim Sterlinq (İngiltərə / “Mançester Siti”), 16. Neymar (Braziliya / PSJ), 17. Luis Suares (Uruqvay / “Atletiko”), 18. Simon Kyaer (Danimarka / “Milan”), 19. Meyson Maunt (İngiltərə / “Çelsi”), 20. Riyad Mahrez (Əlcəzair / “Mançester Siti”), 21. Lautaro Martines (Argentina / “İnter”), Bruno Fernandeş (Portuqaliya / “Mançester Yunayted”), 23. Harri Keyn (İngiltərə / “Tottenhem”), 24. Pedri (İspaniya / “Barselona”), 25. Fil Foden (İngiltərə / “Mançester Siti”), 26. Nikolo Barella (İtaliya / “İnter”), Ruben Diaş (Portuqaliya / “Mançester Siti”), Jerar Moreno (İspaniya / “Vilyarreal”), 29. Sezar Aspilikueta (İspaniya / “Çelsi”), Luka Modriç (Xorvatiya / “Real”).
Qeyd edək ki, 1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-15-ci illərdə FİFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb. Koronavirus pandemiyası ilə əlaqədar ötən il heç kim mükafat almayıb.