Rusiya sülhməramlıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə cəlb edib.
Azərbaycan Hərakatçılar Birliyinin sədri Təhmasib Novruzov "Təzadlar"a bildirib ki, onlar hazırda dünəndən növbə çəkən aksiyaçıları əvəz etməyə hazırlaşırlar: "...Biz bu gün Bakıdan Şuşaya gəldik, təxminən yarım saata orada olacağıq... Bizdə olan məlumat belədir ki, Rusiya sülhməramlılar əraziyə əlavə qüvvə cəlb ediblər. Qondarma-separatçı qurumun "rəhbəri" olan Araik Harutyunyan isə Ermənistanda idi və bu gün Xankəndiyə gəlmək istəyirmiş, amma bu baş tutmayıb... Bir azdan ərazidə olanda sizə əlavə məlumat veriləcək... Biz sonadək dirəniş göstərəcəyik. Tələbimiz Azərbaycanın qanuni ərazilərində aparılan qanunsuz qazıntıların qarşısının alınmasıdır...".
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi və süni, qurama təxribatı sayəsində monitorinq pozulub.
Təxminən saat 19:00-da Təhmasib Novruzov bizimlə canlı efirdə olacaq. Son vəziyyəti canlı olaraq bizə bildirəcək...
A.Məmmədli