Britaniya xəzinəsinə daxilolmalar 2021-2022-ci maliyyə ilində (martda başa çatıb) mümkün vergi pozuntuları ilə bağlı təhqiqatların sayının kəskin azalması ucbatından
9 milyard funt-sterlinq (təxminən 11 milyard dollar) azalıb. Bu məlumatı Böyük Britaniya Milli Audit İdarəsinin (NAO) hesabatına istinadən “Financial Times“ qəzeti yayıb.
Məlumatda bildirilir ki, Vergilər və Gömrük Ödənişləri Departamenti (HMRC) 2019-2020-ci illərdə 700 işə baxdığı halda, ötən maliyyə ilində 163 işə baxıb. 2021-2022-ci illərdə HMRC tərəfindən toplanan vergilərin ümumi məbləği 731,1 milyard funt sterlinq təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 milyard funt-sterlinq (təxminən 11 milyard dollar) azdır. Nəzarət orqanının sənədində o da göstərilib ki, HMRC-nin vəzifələri birbaşa vergi yığmaq olan 1.350 əməkdaşı (işçilərin təxminən 12%-i) COVID-19 pandemiyası zamanı əhaliyə dəstək üçün dövlət proqramlarının həyata keçirilməsinə cəlb olunub.
NAO-nun rəhbəri Qaret Deyvisin sözlərinə görə, vergi işçilərinin başqa strukturlara keçirilməsi “departamentin vergi təhqiqatları ilə məşğul olmaq qabiliyyətinə birbaşa təsir göstərir. Nəticədə əhəmiyyətli sayda insan vergi ödəməkdən və ya təqibdən yayınır”.
Britaniya parlamentinin İcmalar Palatasının Dövlət Xərclərinə Nəzarət Komitəsinin sədri Meqan Hillier qeyd edib ki, HMRC "kifayət qədər resurslar ayırmaqla və fəaliyyətin səmərəlilik meyarlarını yüksəltməklə vergi qanuvericiliyinə əməl olunmasını təmin etmək üzərində işi gücləndirməlidir".