Xəbər verdiyimiz kiki, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün- mayın 8-də Şuşaya səfər ediblər.
Bu dəfəki səfərin məhz Şuşanın 1992-ci ildə Ermənistan tərəfindən işğal edilməsi gününə təsadüf etməsinin məxsusi mənası var idi... Nəinki Azərbaycanla eyni Sovetlər ailəsində 70 il qardaşlıq nəğməsini birgə oxumuş Rusiya bu qədim şəhərimizin işğalına susdu... Həm də dünyanın gözü kor oldu... Amma Azərbaycan bu kar və korluğa düz 30 il səbrlə dözdü. Və 2020-ci ilin payızında 44 günlük, bir də təkrar edirik, cəmi 44 günlük döyüş əməliyyatı ilə nəinki Şuşanı düşmənlərdən azad etdi, həm də dünyaya sübut etdi ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və Şuşasız Azərbaycan yoxdur!
XXX
Bəli, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tarixi səfərlərindən daha birini reallaşdırıb Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolu ilə Şuşanın ziyarətinə getdilər. Prezident əvvəlcə bu tarixi yolun 66-81-ci kilometrliyində görülən işlərlə tanış oldu... Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezidentə görülən işlər barədə ətraflı məlumat verdi. S.Məmmədov qeyd edib ki, başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilən Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. "...Yolun 66-81-ci kilometrliyində işlərin 85 faizi başa çatıb. Uzunluğu 15,72 kilometr olan bu hissədə yolun hərəkət sahəsinin eni 10,75 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq, dörd hərəkət zolaqlı olmaqla 1b texniki dərəcəyə uyğun inşa edilir. Və layihəyə əsasən, yolun bu hissəsində 5 viadukun (dərə üzərində körpü), 6 tunelin və bir körpünün tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda, həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. Yolun bu hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 15 dairəvi suötürücü boru, 24 düzbucaqlı su keçidi, 4 alt keçid və bir neçə ehtiyat keçid inşa edilib...".
Keçilməz dağ və yarğanların bağrını yarıb Şuşaya gedən bu tarixi yolun fəlsəfəsi budur ki, bu yol əbədidir, Azərbaycan üçün əbədi keçiləndir, nəhayət, Şuşadan da Zəngəzura boylanır... Dövlət başçısı və birinci xanım görülən işlərlə bağlı videoçarxa da baxıblar. Prezident İlham Əliyev görülən işlərlə bağlı razılıq hissi ilə qeyd edib ki, yolun qalan hissəsində də görülən işlər tezliklə başa çatdırılmalıdır. Çünki bu yol şanlı tariximizin yadigarıdır!
XXX
Onu da əlavə edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Görülən işlərin sürəti və keyfiyyət göstəriciləri isə onu göstərir ki, planlaşdırılan işlər tezliklə başa çatdırılacaq. Çünki bütün layihələrin icrası Azırbaycan Avtomobil Yolları Dövlət Agentliyinin peşəkar mütəxəssislərinə həvalə edilib. Bu isə həm də böyük etimad və etibardır-Dövlət başçısının və xalqın etimad və etibarı kimi...
A.Məmmədli