2020-ci ildə Azərbaycan, Rusiya, Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından bugünə qədər təxminən 400-dən artıq vətəndaşımıza aid meyit qalıqları aşkarlanıb.
Bu barədə Trend-ə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, Ağdamda tapılan kütləvi məzarlıq Ermənistanın törətdiyi növbəti cinayət faktının aşkarlanmasıdır.
"Torpaqlarımız azad olunduqdan sonra dövlət kommisiyası, digər aidiyyəti qurumlar ilə birlikdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən olunması istiqamətində axtarış-qazıntı işlərini davam etdirir. Bu artıq aşkarladığımız 8-ci kütləvi məzarlıqdır. 2020-ci ildə Azərbaycan, Rusiya, Ermənistan arasında üçtərəfli bəyanat imzalanmasından bugünə qədər təxminən 400-dən artıq vətəndaşımıza aid meyit qalıqları aşkarlanıb. Bu sahədə işlərimizi davam etdiririk. Bizdə olan məlumata görə, bu ərazidə hərbçilərimizlə yanaşı, çoxsaylı mülki vətəndaşlarımız da qətlə yetirilib", - deyə o əlavə edib.
Qeyd edək ki, Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb. Meyitləri tapılan şəxslərin 1992-ci ildə ermənilər tərəfindən öldürülərək basdırılması ehtimal olunur.
***
Ağdamın Sarıcalı kəndi ərazisində Ağdam avtomobil yolunun kənarında insan qalıqları aşkar olunub.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, fiziki antropoloq Vüsal Həsənov isə bildirib ki, məlumat əsasında ərazidə 50 kvadratmetr sahədə dərinləşdirmə işləri aparılıb.
“Mövcud yer səviyyəsindən təxminən 40-50 santımetr dərinlikdə üç fərqli nöqtədə insan qalıqları aşkar olundu. Bir nöqtədə ən azı iki, digər nöqtələrdə də hər birində bir nəfər olmaqla ən azı dörd insan qalığı aşkara çıxardıq. Tam olaraq dəqiq say, insan qalıqlarının sümüklərindəki travma və digər əlamətlər, burada aşkar olunan insanların cinsiyyəti ilə bağlı dəqiq məlumatlar kameral-laborator şəraitdə ekspertlər tərəfindən müəyyən ediləcək.
Hazırki vəziyyətdən belə qənaətə gəlmək olur ki, burada dəfn əlamətləri yoxdur, insanlar öldürüldükdən sonra yol kənarına atılıb, anatomik ardıcılıq tamamilə pozulub. İnsan qalıqları tamamilə fərqli hissələrdə yerləşir, natamamdır, bəzi hissələr isə aşkar olunmadı”, - deyə o əlavə edib.
Qeyd edək ki, Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb. Meyitləri tapılan şəxslərin 1992-ci ildə ermənilər tərəfindən öldürülərək basdırılması ehtimal olunur.
***
Ağdamda tapılan kütləvi məzarlıqla bağlı araşdırma aparılır.
Baş Prokurorluqdan verilən məlumata görə, iyunun 19-u saat 09 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
TEZADLAR.AZ