«ANARın məni "Dədə Qorqud" və "Koroğlu" dastanları haqqında dilindən çıxan sözlərlə necə hədələdiyini bilsəniz…»

…Mən ömrümün ən azı 50 ilini, ancaq ədəbiyyata və elmə sərf eləmişəm. Başqa heç bir işlə məşğul olmamışam. Azərbaycan Yazıçılar Birliyindən bir kibrit çöpü qədər fayda görməmişəm. Bu günə qədər Azərbaycan Yazıçılar Birliyinin bir siyahısında mənim adım olmayıb. Heç bir redaksiyanın redaksiya heyətinin üzvü deyiləm. Halbuki ağzının sarısı getməyənlərin, iki cüt- bir tək yazısı olmayanların, hətta bəzən ümumiyyətlə yaradıcılıqla məşğul olmayanların adları həmişə başda çəkilir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycanın Xalq yazıçısı Anar Rzayev yaxşı bilir ki, onunla bütün görüşlərimdə bircə məqsədim olub, o da "Dədə Qorqud" və "Koroğlu" kimi möhtəşəm, bənzərsiz eposlarımıza qarşı hücumların qarşısını almaqla bağlıdır. Mən bu məsələlərlə bağlı Anar Rzayevlə bir neçə dəfə görüşmüşəm, çünki Azərbaycan Yazıçılar Birliyinin jurnalları, o cümlədən "Azərbaycan" jurnalı da bu hücumlara qoşulmuş, "Dədə Qorqud" və "Koroğlu" eposlarını təhqir edən yazılar çap etmişdir. Bunlar haqqında növbəti yazımda geniş danışıb, sevdiyiniz Xalq yazıçısı ANAR-ın barəsində ətraflı bəhs edəcəyəm. Onun "Dədə Qorqud" və "Koroğlu" dastanları haqqında dilindən çıxan sözləri və məni necə hədələdiyini açıb tökəcəyəm. Mən 70 yaşlı İslam Sadıq bu günə qədər evsizəm. Uzun illərdir kirələrdən bezib Novxanıdakı bağ evində yaşayıram. Burada nəmişlik o qədər çoxdur ki, qış aylarında adam özünü Sibirdə sürgündəki kimi hiss eləyir. Axı dədə-babadan bağ evləri yaşamaq üçün yox, yayda istirahət üçün nəzərdə tutulub.

islam-sad

Təxminən 20 il bundan öncə AYB-də ev paylananda davalı vəziyyəti görüb geri durdum. Bu il ev söhbəti çıxanda Anarla görüşdüm, vəziyyəti ona dedim. Məni umudlu elədi ki, sən ev alacaqsan, ancaq almadım… Bir gün onunla görüşməyə getdim. 4 saat qapısının ağzında durdum, ayaqlarıma su yeridi, ancaq Anar müəllimin ürəyinə insaf və mürvət yerimədi. Məni qəbul eləmədi. Mənim ev almamağımın birinci səbəbi "Dədə Qorqud" və "Koroğlu" eposlarının təhqiri ilə barışmamağım və belə adamlara qarşı mübarizə aparmağımdır. Elə bilməyin ki, bu fikri mən elə məhz ev almadığıma görə deyirəm. Yox, bunu deməyə mənim yetərincə əsasım var. Bunun biri də odur ki, "Dədə Qorqud"u və "Koroğlu"nu təhqir edənlərin başlarını Anar müəllim sığallayıb və onların mükafatlarını da verib. Əgər belə olmasaydı, mən yuxarıdakı fikri söyləməzdim. Bunların hamısını açıqlayacağam. Faktdan qaçmaq olmaz. Mənim bu görüşlərlə və Anarla söhbətlərimlə bağlı silsilə yazılarım var. Yaxın günlərdə onlar da işıq üzü görəcək. AYB-nin sədri, Xalq yazıçısı Anarın indən sonra mənə edə biləcəyi bircə pislik qalıb, o da AYB üzvlüyündən çıxarılmağımdır. Bu da məni qətiyyən düşündürmür.

***

…Azərbaycan Yazıçılar Birliyinin bir nömrəli orqanı olan və xalqın alın təriylə formalaşmış büdcədən maliyyələşən "Azərbaycan" jurnalının 2006-cı il 9-cu sayında "Urus Koroğlusu" adlı iri həcmli bir yazı çap olundu. Yazıda birinci cümlədən sonuncu nöqtəyə qədər "Dədə Qorqud" və "Koroğlu" dastanları təhqir olunurdu. Dədə Qorquda sadist deyilirdi. Mən yazını oxudum və dəhşətə gəldim. Ona cavab yazdım. Mənim cavabım "Azərbaycan" jurnalının 12-ci sayında çap olundu. Anarla görüşdüm. Bu görüş haqqında gələn yazımda. "Urus Koroğlusu" yazısından bir neçə cümləni olduğu kimi verirəm ki, özünüz oxuyasınız: "…Sözü söz üstünə gətirib deməliyik ki, gəlin, siz Allah "bizə Koroğlular lazımdır" deyə hayqərmayaq, "onun əlini bığına çəkməyi" də özünə qalsın. İnsanların, insanlığın məhvinə səbəb olacaq "həramilik" təki xəstəliyə düçar olmuş rusun bizə sırıdığı partizan koroğlular, mən nə bilim, neobolşevik Kürdoğlular kimi haramzadələr bu gün bizə əsla lazım deyil". ("Azərbaycan" jurnalı. bakı. 2006. sayı 9. səh. 146). Oxuyun və baxın. Aldı görək nə dedi, mən deyim, siz də bilin.

İlqar Fəhminin "Çənlibel tülküsü" povesti və "Qarğa yuvası" romanı Koroğlunu alçaltmaq, təhqir etmək, gözdən salmaq məqsədilə yazılıb və birincisi "Körpü", ikincisi "Azərbaycan" dərgilərində çap olunub. Hər iki dərgi AYB-nin orqanıdır. İlqar Fəhmi Koroğlunu romanda belə təsvir edir: "Koroğlunun dəlilərinin hamısı-əslinə qalsa elə Koroğlunun özü də xəncər-bıçaq işlətməkdə mahir olsalar da, baş işlətməklə araları yox idi. Və məhz baş işlətmək məqamı gələndə Koroğlu özünün və dəlilərinin acizliyini görüb həmişə qəzəblənirdi. Bilmirdi hirsini kimin üstünə töksün. Nəhayət, çox xəyal eliyəndən sonra qərara gəlmişdi ki, keçəl Həmzənin yanına adam göndərib onu Çənlibelə dəvət etsin, ona sədaqətlə qulluq edəcəyi təqdirdə hər istədiyini yerinə yetirəcəyini söz versin".

Və yaxud: "Aşıq (Cünun) danışanda birinin üstünə beş də qoyub Koroğlunu o qədər şişirdirdi ki, Çənlibelə bələd olan adamlar mat-məəttəl qalırdılar ki, bu Koroğludan danışır, yoxsa hansısa Məlik Məmməddən". Və yaxud: "Sübhün canbəxş bir məqamıydı və deyilənlərə görə, hər sübhdən bir anlıq cənnətin qapıları açılır, cənnət ətri bu fani aləmə yayılır. amma bu cənnət ətri Koroğlunun burnunun bir deşiyini işğal eləsə də, burnunun o biri deşiyində qərar tutmuş at peyininin mübarək iyini ordan çıxarda bilmirdi".

Və yaxud: "Dəstə başçılarının təəccübünə səbəb olan şey isə o idi ki, Koroğlu heç vədə belə hərəkət eləməmişdi, yəni həm özünün, həm də dəlilərinin zoruna arxayın olduğu üçün ehtiyat nə deyilən zaddı, bilməzdi. Elə həmişə öküz kimi başını aşağı salıb qabağa cumardı, heç nədən qorxub eləməzdi…".

Baxın və özünüz görün. Koroğlu qanmazdı, Keçəl Həmzənin ağlına möhtacdı… Burnunu at peyininin iyi işğal eləyib, öküz kimi başını aşağı salıb gedir… Bunlar milli qəhrəmanı təhqirdən başqa bir şey deyil. xalqın milli qəhrəmanını təhqir etmək onun özünü təhqir etmək deməkdir. Mən İlqar Fəhmini tənqid eləmişəm və kitabımda çap olunub (İslam Sadıq. Azərbaycan "Koroğlu" eposu. III kitab. Bakı. 2023. səh.391-395). Yəni mən bunların haqqında heç vaxt susmamışam. İlqar Fəhminin özünə aşağıdakı avtoqrafla bir kitabımı bağışlamışam: Olmur, İlqar Fəhmi, olmur, Hər adamın zəhmi olmur. Tutsa yağı qoruğunda, Koroğlunun rəhmi olmur… Onda ona sözümü də demişdim. O da mükafatını aldı. Bu əsərlərdən sonra AYB-nin katibi oldu. Düşünürəm ki, mənim ev almamağımda onun da əli var. Məni bu şübhəyə salan başqa bir məsələ haqqında gələn dəfə danışacağam.

***

Mən də bu məsələni ona görə ortaya atmışam ki, erməninin eləmədiyi qələti eləyənlərin başlarını sığallayanları xalq tanısın. Aldanmasın. Kimin kim olduğunu bilsin. Görün kimlər bu xalqın çörəyini yeyib, onun milli qəhrəmanlarını təhqir edir. Xalq niyə susur? Dövlət hara baxır? Axı bu adamlar birinci növbədə dövlətin milli dayaqlarına balta çalırlar. Millətin mənəvi dəyərlərini məhv etmək dövlətin sonu deməkdir. Bizə Vətən müharibəsində qələbələr qazandıran igidlərin hamısı Dədə Qorqudun və Koroğlunun nəvələridir. Yad təfəkkürlü, düşmən xislətli adamların bu qələbələri gözləri götürmür. Onlar Azərbaycan xalqını qalib kimi görəndə ürəkləri bulanır. Bizim mənəvi dəyərlərimizin qorunması dövlət əhəmiyyətli məsələ olduğuna görə, Dövlət başçısı bu işə qarışmalıdır.

***

"Urus Koroğlusu" yazısıyla bağlı mən Anar müəllimlə görüşdüm. Bəlli oldu ki, Anar müəllim ayda bircə dəqiqə vaxt ayırıb dərginin mündəricatına da baxmır. Mən faktları ona dedikcə guya təəccübləndi. Fikrət Qocanı və İntiqam Qasımzadəni çağırdı. Üçlükdə bu mövzuda xeyli danışdıq. Onları mən bir yazımda olduğu kimi yazmışam. Sonra mən bir konfrans hazırladım. Adını da belə qoydum: «Müstəqilliyimiz və milli mənəvi dəyərlərimiz!».

Çıxışçılarla görüşüb fikrimi bildirdim, hamı bəyəndi. Konfransın proqramını hazırladım və Natəvan klubunda keçirmək fikrindəydim. Ona görə Anar müəllimlə görüşdüm. O da bu fikri bəyəndi və birinci sözü bu oldu:

-Gəl bunu Yazıçılar Birliyi ilə bir yerdə keçirək...

Mən ona dedim:

-Anar müəllim, mən bu konfransı ad-san, şöhrət qazanmaq üçün keçirmirəm. Mənim adım lazım deyil, razısınızsa elə AYB-nin adından keçirək. Mənə yalnız konfransın keçirilməyi lazımdı. Bu da onun xoşuna gəldi.

Dedi:

-Gələn həftənin üçüncü günü gəl, vaxtını müəyyən eləyək, "Ədəbiyyat qəzeti"ndə elan verək və keçirək.

Mən Anar müəllimin niyə gələn həftə gəl dediyini onda başa düşmədim. Dediyi vaxtda gəldim və qapını açan kimi dedi:

-İslam, bu qapıdan girən kimi o söhbəti unut…

Mən dedim:

-Anar müəllim, keçən dəfə belə danışmırdınız. Bir həftənin içində fikriniz niyə dəyişdi?

O dedi:

-Dedim ki, bu qapıdan girən kimi o söhbəti unut.

-Mən sözü bir dəfə deyirəm və fikrimi yel əsən kimi dəyişmirəm. Siz qarışmayın, mən konfransı keçirəcəyəm.

-Mən qoymayacağam.

-Anar müəllim, Natəvan yazıçıların klubudur, orda tədbir keçirmək hüququmuz eynidir.

-Polis çağıracağam, qoymayacağam tədbir keçirəsən.

islam-sad-2

"Urus Koroğlusu" yazısına mənim cavabım "Azərbaycan" dərgisində (2006-cı il 12-ci sayında) çap olunandan və Anar müəllim konfransı polislə dağıtdıracağını söyləyəndən sonra akademik Nizami Cəfərovun yanına getdim. bütün bu əhvalatı incəliyinə qədər ona danışdım. Bu belə də olmalıydı. Məsələ çox yoğunlaşmışdı. Nizami Cəfərov böyük ürəklilik elədi… Mən həmin konfransı 24 aprel 2007-ci il tarixdə saat 14-də Azərbaycanda Atatürk Mərkəzində keçirdim. Nizami Cəfərov özü də dəyərli bir giriş sözü söylədi. Televiziyalardan çəkməyə gəlmişdilər. Hərəsi məndən 150 ABŞ dolları istədi. Mənim də o qədər pulu vermək imkanım olmadığından onlar tədbiri çəkmədilər. Bu konfransdan sonra "Dədə Qorqud"a və "Koroğlu"ya açıq hücumlar bir az səngidi. Bu hücumlar gizli aparıldı. Məsələn, dərsliklərdə bu eposların tədrisinə əməlli-başlı müdaxilə elədilər. Bütün bunlardan sonra AYB-də mənim qabağıma gizli, xəlvət kötüklər dığırladılar. Müxtəlif yollarla məndən intiqam aldılar. Bu barədə də gələn dəfə danışacağam…

(Davamı var)

İslam Sadıq,

şair, filioloq

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN