Şirkətin rəhbərliyi əmək müqaviləsi ilə işlətdiyi işçini elə əmək müqaviləsinin şərtlərinə zidd əsaslarla da işdən kənarlaşdırıb…

«Təzadlar»a müraciət edən Nuriyev Vüqar Ağacəfər oğlunu dinlədikcə təəssüflənməmək mümkün deyil. İş yerində xəsarət alması bir yana, əmək haqqı kartı rəbərlikdə saxlanılıb və sonradan o da məlum olub ki, ümumiyyətlə, əmək kitabçasına işə qəbul olunması barədə heç bir qeyd yoxdur, əksinə, onun adından işçi kimi başqa bir şirkətlə müqavilələr bağlanıb və s.

 Şikayətçi deyir: «…03.08.2022-ci il tarixdə, iş yerində xəsarət aldığım gün TƏBİB-dən bütün xəsarət alma barədə arayış və aktlarımı, digər zəruri sənədlərimi götürdüm. Sonradan mənə məlum oldu ki, 30.04.2023-cü il tarixdə mənimlə bağlanan əmək müqaviləsinə xitam verilib. Hansı ki, bülleten və xəstəliyim barədə bütün sənədlər qaydasındadır, şirkətə təqdim edilmişdir. Bu azmış kimi, şirkət rəhbərliyi əksinə, mənə 16490 manat ezamiyyə pulu yazib ki, əksinə, guya işdə olmuşam. Faktiki məni işdən çıxarırlar, amma həm də işçi kimi «işə cəlb edirlər», ezamiyyə pulunu mənimsəmək üçün. Adıma da saxta imza və digər sənədlər tərtib ediblər. Hansı ki, mənim xəbərim yoxdur. Bütün bunlara baxmayaraq, «ABC-2010» MMC-nin rəhbərliyi daha bir qanun pozuntusuna yol verib, mənimlə əmək müqaviləsinə xitam veririlir, o biri tərəfdən isə şirkətin işçisi kimi mənim adımdan saxta sənədlərlə «Fiotex» Şirkəti ilə müqavilə bağlanır, mənim əvəzimə saxta imza atılır və s. Bununla bağlı aidiyyəti qurumlara şikayət etməyə məcbur olmuşam…».

 Vüqar Nuriyevin başına gələnlərin, sadəcə, adı yoxdur. Ən maraqlısı, adı çəkilən şirkətin Aysel adlı məsul işçisi Vüqar Nuriyevə zəng edərək  şirkət rəhbərliyinin bu və ya digər qanunsuzluğunun üstünün açilmaması üçün onu "təlimatlandirir", vergi xidmətinə yalan məlumat verməyə, dolayısı ilə onu cinayətə təhrik edir. Bu barədə şirkət əməkdaşının səsli mesajı da redaksiyaya təqdim olunub.

***

 Baş verənlərlə bağlı, hətta o da məlum olur ki,  şirkətin direktoru Azər Adıgözəlov həyat yoldaşı Nərmin Adıgözəlovanı şirkətdə direktor müavini vəzifəsinə təyin etmişdir ki, bu da Azərbaycan Respublikasının «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanununun 7-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Şikayətçi redaksiyamıza təqdim etdiyi ərizəsində onu da bildirir ki, əmək müqaviləsinə onun xəbəri və razılığı olmadan xitam verilib. Belə ki, o, Şamaxı rayonunun Mərəzə kəndində rabitə  dayaqlarının quraşdırılması ilə məşğul olarkən  texniki təhlükəsizlik tədbirlərinin görülməməsi və onun lazımi texniki vasitələrlə təmin olunmaması səbəbindən (səbətli qaldırıcı avtokranla təmin olunmadan) onu dirəklərə dırmaşmağa məcbur ediblər. Nəticədə isə o, 6 metr hündürlükdən yıxılaraq ciddi xəsarətlər almışdır. Bununla da əməyin texniki təhlükəsizliyi qaydaları pozulmuş, MMC rəhbərliyi bununla Azərbaycan İXM-nin 198-ci və Azərbaycan CM-nin 162-ci maddələrinin tələblərini pozmaqla məsuliyyət daşıyır. Şikayətçi deyir: «…Aldığım bu xəsarətlər nəticəsində işə gəlmədiyim halda, MMC rəhbərliyi qanunsuz olaraq əmək münasibətlərinə xitam vermişdir. Baxmayaraq ki, o, baş verənlərə görə Əmək Məcəlləsinin, İXM və CM-nin tələblərinə uyğun məsuliyyət daşıyır. Bu azmış kimi, məni işdən kənarlaşdırır. Rəhbərlik xəsarət alma barədə müvafiq qeydiyyatı da aparmamış, eləcə də əmək kitabçasında işə qəbul olunmağımı, həmçinin işdən çıxmağımı da qeyd etdirməmişdir. Belə çıxır ki, məni əmək müqaviləsi olmadan işlədiblər. Eyni zamanda,  əmək haqqı üçün verilməli olan plastik əmək haqqı kartını da mənə verməyiblər, özlərində saxlayıblar. Mənə əmək haqqını əlbəl verirdilər.  Bu isə vergi cinayətidir…».

 Baş verənlərlə bağlı şirkətin direktoru Azər Adıgözəlovun da mövqeyini öyrənməyə çalışdıq. Nərmin adlı işçi isə lazımi cavabı yalnız sosial platforma üzərindən verə biləcəklərini dedi. Axı niyə şirkətin hüquqşünası baş verən hüquqpozmalarla bağlı işçiyə məlumat vermək istəmir? İşci isə hələ də yeriməkdə əziyyət çəkdiyini bildirir.

 Məsələ ilə bağlı şirkətdən bir daha mövqe öyrənmək istəsək də bildirdilər ki, guya rəhbərlik Türkiyədə işgüzar səfərdədir. Daha sonra şirkətin direktor müavini vəzifəsində çalışan Nərmin Adıgözəlova ilə əlaqə saxladıq. O isə özünün «tik-tok» sosial şəbəkə üzərindən  bizə və şikayətçi Nuriyev Vüqar Ağacəfər oğluna qarşı təhqiramiz fikirlər səsləndirmişdir. Həmçinin bu təhqir dolu fikirləri sonradan vatsap yazışmasında da qeyd etmişdir. Bu isə məsuliyyətdən yayınma və jurnalisti peşə fəaliyyətindən imtinaya məcbur etmədir ki, onun da Azərbaycan CM-də konkret sanksiyası vardır. İnanırıq ki, baş verənlər və qarşı tərəfin səsli mesajlarında əksini tapan digər xüsusatlar aidiyyəti dövlət qurumlarında diqqətlə araşdırılıb lazımi tədbir görüləcək. Həmçinin əmək hüquqları pozulmuş Vüqar Nuriyevə qarşı atılmış qanunsuz əməllərə hüquqi aydınlıq gətiriləcək.

 Redaksiya olaraq bizə təqdim edilən materialları və maddi sübutları isə Baş Prokurorluğa, həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (rəis Orxan Nəzərli) və ƏƏSMN-nin tabeliyində Dövlət Əmək Mufəttişliyi Xidmətinə (rəis Vəli Quliyev) göndərildi. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Xəyyam QURBANLI

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN