Bu gün görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, bir çox beynəlxalq akademiyaların üzvü, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin doğum günüdür.

TEZADLAR.AZ xəbər verir ki, Arif Paşayev 1934-cü il fevralın 15-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Yazıçı, professor Mir Cəlal Paşayevin oğludur.

Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirib və 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtdan Arif Paşayev yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. 

 Görkəmli alim 1960–1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olmuş, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

 Akademik Arif Paşayevin rəhbərliyi altında 10-dan çox aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmişdir. O, eyni zamanda iki doktorluq dissertasiyasının məsləhətçisi olmuş, Rusiyada, Ukraynada, Latviyada, Estoniyada və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi də çıxış etmişdir.

Akademik 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Onun rəhbərliyi ilə akademiyada tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilmişdir. Milli Aviasiya Akademiyasında rektor vəzifəsinə təyin edildiyi vaxtdan burada "İqtisadiyyat və hüquq", "Avianəqliyyat istehsalatı", "İxtisasartırma" kimi kafedra və yeni ixtisaslar açılmışdır. Burada ilk dəfə Azərbaycan dilində təhsilin aparılmasına başlanmışdır. Akademiyanın ərazisində yeni tədris korpusu, müasir tələblərə cavab verən idman kompleksi, tələbə yataqxanası, mehmanxana və s. binalar inşa edilmişdir.

Akademiyanın elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzərət sistemlərinin yaradılmasına və s. yönəldilmişdir.

Onun rəhbərliyi altında Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir.

 Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi alıb, medallar və diplomlarla təltif olunub. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb. “VEKTOR” - Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olub və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilib.

Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev 2004-cü ildə "Şöhrət ordeni"nə layiq görülmüşdür.

Qeyd edək ki, Arif Paşayevin iki qız övladı var: Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir, Mehriban Əliyeva isə Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidentidir.

 

Xaliq

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN