...Azərbaycanın hüquq müdafiəçisi Rüfət Səfərov belə bir status paylaşıb: “Xanımlar Lənkəran şəhərində talış dilində tədbir keçirmək istəyib, lakin polis buna imkan verməyib. İnsanlar yığışıb, ana dilində danışa, tədbir keçirə bilməz? Niyə yasaq edirsiniz? Bu, nə deməkdir? Nəyə, kimə qulluq edirsiniz? Bu kimi davranışlarınız dövlətin əsaslarını möhkəmləndirmir, əksinə sarsıdır. Fərqindəsinizmi?Şiddətlə pisləyirəm”.
Sual olunur: Nədən xanımlar Lənkəranda məhz talış dilində tədbir keçirmək istəyiblər, həmin tədbir hansı məqsədlə keçirilməliydi? Özü də nədən bu tədbiri xanımlar keçirir? Kişilər niyə bu tədbirə qatılmır ki? Polis nədən belə bir tədbirə müdaxilə edib? Deməli, bu işin arxasında dövlət üçün xoş olmayan nəsə var. Nə ola bilər? Sirr deyil ki, Cənub bölgəsində separatizmə bağlı müəyyən qüvvələr var. O qüvvələr Rusiya, xüsusi ilə də İran tərəfindən himayə olunur. Mən iddia edə bilmərəm ki, bu işin arxasında məhz separatizm dayanıb. Ancaq polis müdaxiləsi bu ehtimalın həqiqət əmsalını kəskin şəkildə yüksəldir.
Hörmətli Rüfət bəy. Yuxarıda ortaya qoyduğum suallara sizin konkret cavabınız varmı? Əminəm ki, yoxdur. Olsaydı həmin tədbirin hansı məqsədlə keçiriləcəyi barədə nəsə yazardız. Məsələn, yazardız ki, xanımlar talış dilində ləvəngi bişirməyin incəliklərini müzakirə etmək istəyiblər. Nədən siz separatizm ehtimalını sıfırlayıb məsələyə başqa bir çalar verirsiz? Yəni sözünüzün canı odur ki, Azərbaycanda talışları sıxışdırırlar. Bu isə o deməkdir ki, Azərbaycanda yaşayan digər etnik qruplar da ölkənin çoxluqda olan etnosu türklər tərəfindən basqı altında saxlanılır. Bu, belədirmi? Siz iddia edirsiz ki, məhz belədir.
Mənsə sizinlə qətiyyən razı deyiləm. Azərbaycan etnik və dini baxımdan son dərəcə tolerant ölkədir. Bu barədə Qərb mətbuatı da dəfələrlə yazıb. Yəqin ki, xəbəriniz var... O da bəllidir ki, Azərbaycan dövləti separatizmdən ciddi şəkildə çəkinir. Mən hələ çox yumşaq deyirəm. Niyə? Çünki Azərbaycan 30 il separatizmdən əziyyət çəkib. Dünyanın, xüsusən Rusiyanın dəstək verdiyi erməni separatizmi Azərbaycan ərazisinin 25 faizini işğal altında saxlayıb. 1 milyon insan yurd-yuvasından didərgin salınıb. 30 minə yaxın azərbaycanlı, məhz azərbaycanlı, yəni o sıraya Azərbaycanda yaşayan bütün etnik qrupların nümayəndəsi daxildir, separatizmin qurbanına çevrilib.
Bəli, indi Azərbaycan erməni separatizmini dəfn etməyə çalışır. Ancaq Qərb, Rusiya və İran buna imkan vermək istəmir. O da aydındır ki, elə həmin dış güclər Azərbaycanda başqa separatçı bölgələr yaratmaq və ölkəni yenidən qarışdırmağa cəhd edirlər. Ən pisi isə odur ki, siz də hüquq müdafiəçisi olaraq separatizmə verilən beynəlxalq dəstəyə qəhmar çıxırsız. Azərbaycanı qarışdırmaq istəyənlərin yanında yer alırsız.
Hələ orası da var ki, siz Azərbaycanda İran modeli şiə diktaturası qurmaq istəyən dini ekstremistləri demokratiya adı altında həvəslə müdafiə edirsiz. Orasını da çox gözəl bilirsiz ki, İran Ayətullahlarının əlini öpən bu zehniyyət Azərbaycanda iqtidara gəlsə, ölkədə demokratiya sözünü dilə gətirmək belə yasaq olacaq. Bakının ortasında da demokratiya savaşı aparanları din adına qaldırıcı kranlardan asacaqlar. Bakının dəli küləkləri də asılı qalmış o meyitləri havada yırğalayacaq. Separatizm və dini ekstremizm adlı təhlükələrin dağıdıcı fəlakətlərindən xəbərdar ola-ola bu tendensiyanı müdafiə etmək nə deməkdir?
Mən başa düşürəm ki, sənin bu iqtidarla problemin var. Heç mən də bu iqtidardan o qədər də məmnun deyiləm. Niyə məmnun deyiləm? Çünki istəyirəm ki, Azərbaycanda da İsveçrədəki kimi demokratiya olsun, insana ehtiram göstərilsin. Ancaq Azərbaycan iqtidarı hamımızım gözünün qabağında erməni separatizmini rəzil elədi. Ölkədə at oynatmaq istəyən dini ekstremistləri qoz qabığına soxdu. Mən bir vətəndaş olaraq iqtidarın separatizmə və dini fanatizmə qarşı apardığı mübarizəni müdafiə edirəm. Düşünürəm ki, bu kimi məsələlərdə hər bir vətəndaş iqtidarın yanında olmalıdır...
Hə, Azərbaycanda siyasi məhbuslar var, mən buna həmişə etiraz etmişəm, hə, seçkilər saxtalaşdırılır, mətbuat azadlığından danışmağa belə dəyməz, korrupsiya tüğyan edir...Ancaq bütün bunlar ona əsas vermir ki, biz separatizmə və dini fanatizmə qucaq açaq. Biz yağışdan çıxıb yağmura düşə bilmərik. Bu ağıllı adamların yanaşması deyil. Ümumiyyətlə, separatizm və dini fanatizm adlı odla oynamaq olmaz. Mən sənə bunu heç məsləhət görmürəm. Sən insan hüquqlarını müdafiə edəndə mən sənin yanındayam, separatizmə və dini fanatizmə dəstək verəndə isə qarşında dayanmışam. Niyə? Çünki mənim xalqımın və dövlətimin maraqları bunu tələb edir, özü də son dərəcə qətiyyətlə...
Elbəyi HƏSƏNLİ,
Surix