Prezident Salome Zurabişvili parlamentin qəbul etdiyi yüzlərlə məhbusun azad edilməsini nəzərdə tutan "Amnistiya haqqında" qanunu imzalayıb.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, prezident parlamentin bu təşəbbüsünü ciddi tənqid edib. Zurabişvili hakim partiyanın təşəbbüsünü seçkiqabağı seçiciləri dolayı yol ilə ələ almaq kimi adlandırıb: “Gürcüstan parlamentinin hakimiyyətdə olan partiyanın təşəbbüsü ilə seçkilərdən əvvəl “Amnistiya haqqında” qanunu qəbul etməsi birmənalı olaraq seçiciləri dolayı yol ilə ələ almaqdır”, - deyə prezident qeyd edib. Onun sözlərinə görə, sözügedən qərar seçkilərdən sonra da icra oluna bilərdi.
Qeyd edək ki, sentyabrın 17-də qəbul edilmiş qanun layihəsinə əsasən, amnistiya Gürcüstanda 5 mindən çox məhbusu əhatə edəcək, onlardan mindən çoxu dərhal azadlığa buraxılacaq, digərlərinin isə həbs müddəti azaldılacaq. Bildirilir ki, hazırkı amnistiya ölkə həbsxanalarında məhbusların sayının azaldılması istiqamətində ilk addımdır. Bu il avqustun 1-nə olan məlumata görə, Gürcüstan həbsxanalarında 10 419 məhbus var.