...Bu günlərdə tamaşaçıların ziyarətinə çevrilmiş, uğurlu məkan seçilmiş , şəhərimizin estetik təsirə malik guşələrinin birində Aşıq Ələsgər abidəsi tarixi həqiqətləri bir daha təsdilədi.
Heykəltəraş, professor Natiq Əliyev Aşıq Ələsgərə həsr etdiyi bədii harmonik kompozisiyanı zəngin təxəyyül, fəlsəfi estetik düşüncə,sənətkarın mənəvi aləminə nüfuzetmə bacarığı ilə təsvir etmişdir. Aşıq Ələsgərin fəlsəfi baxışlarında duyulan qayğılarını əbədiləşdirə bilmişdir. Abidədə müəllif Aşıq Ələsgərin çiyni üstünə qaldırdığı sevimli sazını müdrik baxışlarla sanki, onun müraciətini çatdırmağa cəhd etmişdir. “Baxın bu mənim sehrli alətim, qəlbimin açarı, misralarımın sazın simlərindəki fəryadı, barmaqlarda yaranan sevgi ahənginin dadı”.
Bu fikirləri mən Aşıq Ələsgərdən eşidə bildim. Obrazın təsvir qamətində nikbin aşıq pozasını, miniatür rəqs elementini də görə bildim. Bu zaman Aşıq Ələsgərin bu bəndi yadıma düşdü.
Bir sazım var yox pərdəsi, yox simi,
Onu çalıb kim tərpədər nə simi?
Firdovsi, Füzuli , Hafiz, Nəsimi
Onlar da yazdığı ayə məndədir.
Heykəltəraş Natiq Əliyevin yaratdığı obrazlardakı xarakterik cəhətlərdən biri sima, üz, sifətin, düşüncənin aydın duyulmasıdır. Onun abidələrində cansız abidə canlanır, abidənin simasında verilən suala cavab axtarmağa vadar edir.
Aşıq Ələsgər abidəsində mən belə bir səssiz və sössüz dialoqun şahidi oldum.
Mən gələndə dünya üzünə,
Evdə saz adlanan qüdrət görmüşəm.
Baxıb çeşmələrin qaynar gözünə,
Könlümdə varlığa heyrət görmüşəm.
Atam saz çalan, şeir oxuyan,
Anamı bayatı deyən görmüşəm.
Belə bir ocaqda pərvazlanan səs
Müqəddəs sənətə yad ola bilməz.
Əminəm ki, Aşəq Ələsgər abidəsi şəhərəmizi bəzəyən sənət inciləri içərisində öz layiqli yerini tutacaqdır. Sənətə və sənətkarlara verilən ədirşünaslıq nümunəsi kimi saz və söz ocağına çevriləcəkdir. Arzum budur ki, yaxın gələcəkdə Göyçə mahalında ucaldılacaq Aşıq Ələsgər kompleksinin yaradılması da heykəltəraş, professor Natiq Əliyevə və memar Malik Babayevə qismət olsun.
Mən qətiyyətlə inanıram ki, həmin günlər heç də uzaqda deyil…
Rafiq SADIXOV,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar incəsənət xadimi