Mərkəzi ofisi Nyu-York-da yerləşən portalın yayımladığı «Azərbaycana BMT-nin iqlim konfransına ev sahibliyi etməsinə icazə verilməsi ciddi zarafatdır» başlıqlı məqalənin özü başdan-ayağa ciddi zarafat və jurnalist vicdansızlığıdır…

 Beləliklə, professor Saleh Məmmədova təşəkkür edirəm ki, bu məqaləni görən kimi «Təzadlar»ı duyuq saldı və araşdırmamıza başladıq.

Məlum oldu ki, müəllifi Aleks Qalitski olan jurnalist çalışdığı portaldakı «Jurnalist vicdanlı və qərəzsiz, obyektiv olmalıdır!» bölmədə yerləşdirilmiş «Peşə Kodeksi»ni belə tamamilə unudub. Müəllif ağına-bozuna baxmadan və vicdanını tamamilə itirərək yazır ki, «İqlim Dəyişikliyi Konfransı uzun müddətdir ki, ona ev sahibliyi edən avtoritar ölkələr insan hüquqlarının pozulmasından yayındırmağa çalışan “yaşıl PR” ittihamları ilə yadda qalıb. COP29 kimi tanınan sonuncu sammit təşkilatın onsuz da kədərli tarixini aşacağını vəd edir. Konfransın Azərbaycanda keçirilməsi barədə qərar Dağlıq Qarabağın bütün erməni əhalisinin məcburi köçkünə çevrilməsi ilə nəticələnən Dağlıq Qarabağın etnik təmizləməsindən bir neçə ay sonra qəbul edilib…» və s.

 Əvvəla, binəva jurnalistin xəbəri yoxdur ki, elə yaşadığı ABŞ COP29-la bağlı Azərbaycanı dəstəkləməkdədir (yazının sonunda etirafda bulunur). Təsəvvür edin, müəllif gerçəkdən vicdanını tamamilə itirərək Azərbaycanın 30 ildir Ermənistanın işğalına məruz qaldığıni, 1 miyondan çox qaçqın və məcburi köçkün əhalinin çəkdiyi zülmləri, işğal edilmiş ərazilərdə ermənilərin törətdiyi viranəliyi ən azı sosial mediadan, beynəlxalq qurumların hesabatlarından və s. bilməmiş deyil. Müəllif Aleks Qalitski bunları bilə-bilə və bilərək ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi Mərkəzi Ofisi ABŞ-da yerləşən BMT-nin 4 qətnaməsində belə öz əksini tapıb, 2020-ci ilin payızında isə Azərbaycan, nəhayət, öz torpağını işğaldan azad edib. Aleks Qalitski isə özünü kar və korluğa vuraraq işğala son qoymanı, terrorçuların Qarabağdan qovulmasını «ermənilərin etnik təmizlənməsi» kimi qələmə verməyə çalışır.

 Jurnalist peşəsinə xəyanət edən və vicdanını itirən müəllif erməni məslək və məramına xidmət edərək, hətta yana-yana COP29-un stendindəki “Karabakh is the first region in Azerbaijan to achieve ‘net zero.” şüarına belə erməni gözü ilə baxaraq bunu həzm edə bilmir.

 Qısası, böhtan və yalanın bu məqalədə sərhədi yoxdur deyə, müəllif yalandan yazır ki, guya «…Ermənistan 32 erməni məhbusun azad edilməsi müqabilində vetosunu ləğv etdikdən sonra Azərbaycana COP29-a ev sahibliyi etmək imtiyazı verilib…». Təsəvvür edin, bu vicdansız erməni terrorçuları «haqsız yerə həbs edilmiş hərbi əsirlər» adlandırır. Bu cümləni yazanda heç olmasa Xocalı soyqırımını yada salaydı, utanıb-xəcalət çəkəydi ki, ermənilər qadın, uşaq və qocalara rəhm edilmədən hansı vəhşiliyi törədiblər. Hansı ki, bu statistika ingilis, ərəb, fars, rus və frasız dilində bütün beynəlxalq qurumların hesabatlarında yer alıb. Sitat: «Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil!».

 Azərbaycan hakimiyyətini «qəddar rejim» kimi oxucuya təqdim edən jurnalistin təkrar-təkrar Qarabağ müharibəsini dilə gətirməsi onu deməyə əsas verir ki, bu məqalə erməni məsləkli müəllifin çürük təfəkkürünün məhsuludur. Jurnalist axırda yazmağa söz tapmır, onu da etiraf etməyə məcbur olur ki: «…Bakının Moskva və Tehranla tərəfdaşlığını genişləndirməsinə və davam edən hərbi təcavüzə baxmayaraq, nədənsə ABŞ COP29 Bakı sammitinə dəstəyini belə artırır. Prezident Bayden azərbaycanlı həmkarına ünvanladığı məktubda ölkənin “qlobal enerji təhlükəsizliyinin mühüm sütunu” olan rolunu yüksək qiymətləndirərək, administrasiyanın Dağlıq Qarabağa hücumundan sonra Azərbaycanla əvvəllər bəyan etdiyi “adi iş yoxdur” siyasətindən geri çəkildiyini qeyd edib….» və sair yanıqlı qənaət!

***

 Nəhayət, gəlirəm əsas mətləbə: hər cümlə və fikirlərindən erməni iyi gələn məqalənin müəllifi barədə də araşdırma apardım. Qənaətimdə yanılmamışdım... Buyurun: adı çəkilən çirkli məqalənin müəllifi olan Aleks Qalitski, sən demə,  ABŞ-da ən böyük erməni-amerikan siyasi vəkillik təşkilatı olan Amerika Erməni Milli Komitəsinin siyasət direktoru imiş!

 Mən, Avropa Mətbuat Federasiyasının üzvü olaraq və Avropa ölkələrində akreditə edilmiş-keçərli statusumdan istifadə edərək portalın rəhbərliyinə bu məqaləyə yazdığım cavabımı göndərdim. Eləcə də müəllifin özünə. İnanıram ki, portal rəhbərliyi öz əməkdaşının «kar və kor» olmasını nəzərə alaraq onu ABŞ-da yaxşı bir həkimə göstərəcək, jurnalist vicdanının nə olduğunu ona başa salacaq.

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN