Siqaret kötüyünə harda rast gəlmirsiniz?
Yəqinki heç bir yerdə... Hər yer siqaret kötüyüdür! Hətta sürücülərin magistral yolda, işıqforda, tıxacda... siqareti pəncərədən yola atmasına da təəccüblənmirik. Məhz bu mədəniyyətsiz hərəkətlərə son vermək üçün tütün məmulatlarının, məişət tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği də artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər Milli Məclisdə artıq birinci oxunuşda qəbul edilib. Hazırda məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə 50 manat təşkil edir. Dəyişikliyə əsasən, eyni əmələ görə fiziki şəxslər 300, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 4000 manat cərimə ediləcək. Tütün məmulatları tullantılarının da ətraf mühitə atılmasına görə cərimə 50 manatdan 300 manata qaldırılır. Eyni qaydanın bir il ərzində təkrar törədilməsinə görə 700 manat cərimə, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur. Eyni zamanda, metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələr 15 manatdan 200 manata qaldırılır.
***
Avropa ölkələrindən Avstriyada insan kağız parçasını küçədə atarsa, bunun cəriməsi 90-100 avrodur. Böyük Britaniyada bu əmələ görə 80 funt sterlinq cərimə yazılır. Almaniyada tullantılarla bağlı cərimələr 300 avrodan başlayır. Okeanın o tayında, Amerika Birləşmiş Ştatlarında (ABŞ) isə buna görə 500 dollar cərimə və ya 1 aylıq həbs tətbiq edilir. Lakin sözügedən ölkələrdə insanların orta aylıq gəliri bir neçə min avrodur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov "Turan"a deyib ki, cərimə inzibati xətalara görə çəkindirmə vasitəsidir: "Bu cərimələrin artırılması ilə bağlı qərar verənlər istəyirlər ki, həmin o inzibati pozulmaların qarşısını alsınlar. Yəni, ətraf mühitə atılan tullantıların miqdarı azalsın".
R.Abbasovun fikrincə, bunun nəticəsi müsbət ola bilər: "Bir şərtlə ki, insanların arasında maarifləndirmə işi də aparılsın. Çünki elə olur ki, cərimə hətta mövcud olduğu halda, onun məcburetmə mexanizmi yaxşı olmur. Hazırda söhbəti gedən cərimələr onsuz da var idi. Məsələn, avtomobildən tullantı atıldığına görə 50 manat cərimə var idi, lakin bu, heç də müsbət nəticəni verməmişdi, çünki məcburetmə mexanizmi yox idi. Amma maşının sürət həddini aşdığına görə cərimə mexanizmi yaxşı işləyir. Burada da eyni sistem qurulmalıdır".
Onun sözlərinə görə, belə bir sistem qurularsa, sonrakı mərhələdə bu, öz müsbət nəticəsini verəcək: "Belə məsələlərdə cərimə birinci mərhələdə rol oynayır, sonrakı mərhələdə isə artıq insanlar şüurlu olaraq bu hərəkətlərin doğru olmadığını başa düşür və yeni şəraitə uyğunlaşırlar".
Ekoloq qeyd edib ki, Avropa ölkələrində bu, belədir: "Orada heç kəs adıçəkilən hərəkətləri etmir və orada, ümumiyyətlə, belə şeylərə dözümlük yoxdur. Almaniyada buna görə çox ciddi cəzalar var. Yaponiyada isə tullantı probleminə görə hətta cinayət işi də açıla bilər".
Siqaret sağlamlığın düşməni, cibin kasıblaşmasının isə əsas faktorudur... Bəs sizə hansı lazımdır: sağlamlığı itirmək, pulu havaya sovurmaq, yoxsa bunlar bəs deyilmiş kimi, cərimələrlə də üz-üzə qalmaq???
A.Məmmədli