Tarixçi alim Boran Əzizin «Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər» kitabı təqdim edildi…
Bu gün Azərbaycan Mətbuat Şurasında tarixçi alim Boran Əzizin «Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər» kitabı oxuculara təqdim olundu.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid kitab haqqında qısa məlumat verdi. Sonra moderatorluq «525-ci qəzet»in redaktoru, araşdırmaçı jurnalist Seyfəddin Hüseynə həvalə olundu. S.Hüseyn tariximizin gizli və qara, həm də qaranlıq səhifəsini arxiv materialları ilə özündə əks etdirən kitabın əvəzolunmaz elmi-siyasi əhəmiyyətindən bəhs etdi.
Daha sonra professor Qulu Məhərrəmli, professor, neftçi-alim Yusif Səmədov, tarix elmləri doktoru Nigar Gözəlova, jurnalist Asif Mərzili, rəssam Tərlan Eyvazov, Ağdam RİH başçısının sabiq birinci müavini Akif Məmmədov və başqaları çıxış edərək kitabın dəyəri barədə fikirlərini söylədilər…
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
Xatırladırıq ki, kitabda Ağdam rayonu Mərzili və bəzi başqa kənlərindən günahsız yerə «qırmızı terror»un qurbanları haqqında geniş məlumatlar ilk dəfə arxiv materialları əsasında araşdırılaraq elmi dövriyyəyə daxil edilmişdir. Oxucuların-geniş ictimayyətin, elmi dairələrin diqqətinə çatdırılan məlumatlar yalnız istintaq materialları əsasında hazırlanmışdır.
Tarixşünaslığımızda iniyə qədər repressiya ilə bağlı aparılmış araşdırmalarda kolxozçularının kütləvi şəkildə həbs edildiyi İsmayıllı rayonunun Kürdmaşı kəndinin, Şamaxı rayonunun Təklə kəndinin adı qeyd edilmişdir. Təəssüf ki, iyirmi üç nəfərdən artıq adamın güllələndiyi, onlarla günahsız şəxsin sürgünə göndərildiyi Ağdam rayonunun Mərzili kəndi diqqətdən kənarda qalmış, adı çəkilməmişdir. Monoqrafiyadakı məlumatlar həmin boşluğu aradan qaldırmaq yolunda bir cəhddir. Ayrı-ayrı elm, təhsil ocaqlarında, idarə və müəssisələrdə, rayonlarımızda və onların kəndlərində Sovet işğal rejiminin amansızlıqla həyata keçirdiyi qırmızı terror geniş və əhatəli şəkildə araşdırılmayınca, problemin tam öyrənildiyini iddia etmək mümkün deyil. Şübhəsiz ki, tarixşünaslığımızda bu sahədə indiyə qədər ciddi bir boşluq var. Hesab edirik ki, araşdırma problemin öyrənilməsindəki boşluğu müəyyən qədər aradan qaldıra bilər. İnanırıq ki, dəyərli oxuculara təqdim edilən hər belə araşdırmalardan sonra kommunistlərin Sovet dövlət orqanları vasitəsilə Vətənimizdə həyata keçirdiyi qırmızı terrorun dəhşətli mənzərəsi daha da aydınlaşacaq.
***
Kitabın müəllifi, tari xçi alim Boran Əzizli kitaba yazdığı «Ön söz»ündə deyir: «Ümumbəşəri dəyərləri qəbul edərək, özünə hörmət edən heç bir dövlət tarixində ləkə olan repressiya, işgəncə faktına biganə qalmır, onu gizlətmir. Buna görə, onun tezliklə təmizlənməsi həm xalq, həm də dövlət üçün çox vacibdir. Bu səbəbdən, Azərbaycan dövləti problemi araşdırmaq üçün tədqiqatçılara hər cür şərait yaratmışdır. Bəziləri səhv olaraq, belə hesab edir ki, repressiya yalnız 1930-cu illərdə, xüsusən 1937-1938-ci illərdə olmusdur. Ancaq askara çıxarılan arxiv materialları bunun döğru olmadığını göstərir. Yüz minlərlə adamın taleyində dərin iz buraxan Sovet reprssiyası Azərbaycanda, əslində, Cümhuriyyətin devrildiyi 1920-ci ilin aprelindən, Vətənimizin XI Qırmızı Ordu tərəfindən isğalı günündən baslamışdır. Belə ki, təkcə 1920-ci ilin aprelindən 1921-ci ilin mayına qədər bolşeviklər Azərbaycanda 48 min adamı məhkəməsiz, istintaqsız güllələmisdir. (27, 6). Halbuki, repressiyanın tüğyan etdiyi 1934-cü il yanvarın 1-dən 1939-cu il yanvarın 1-nə kimi Azərbaycanda 27458 nəfər “pantürkist”, “panislmist”, “əks-inqilabçı”, “anti-sovet” və s. fəaliyyətlərə görə cəzalandırılmısdır. (Rəqəmlər Dövlət Təhlükəsizliyi Xidmətinin arxivindən götürülmüsdür. –B.Əziz)
Bəzi araşdırmalar və ümumiləsdirilmiş əsərlərdə bu rəqəmin 29 min nəfər olduğu göstərilir. (26, 385). Beləliklə, repressiyanı yalnız 30-cu illərə aid etmək doğru deyil. Arxiv sənədlərinin, repressiyaya məruz qalanların istintaq materiallarının təhlili göstərir ki, qırmızı terror Vətənimizin isğal olunduğu 1920-ci il aprelin 28-dən 1953-ci ilin ortalarınadək, həyata keçirilmişdir. Bu illər ərzində günahsız yerə güllələnlər və sürgün edilənlərin sayı tədqiqatçıların bir qisminin fikrincə 70 min, digərlərinin fikrincə isə 100 mindən çox olmusdur. (26, 384). Stalinin vəfatından sonra qəbul edilən “Şəxsiyyətə pərəstiş və onun zərərli nəticələrinin aradan qaldırılması” haqqındakı qərara uyğun olaraq, günahsız yerə güllələnmiş və sürgün edilmiş yüz minlərlə insanın xatirəsini əbədi anmaq üçün bir ili simvol kimi götürmək qərara alınmısdı. SSRİ-də bu proses 1937-ci ildə özünün əhatə dairəsi və daha çox insanlara tətbiq edilməsi baxımından, digər illərdən fərqlənmisdi. Bu səbəbdən, 1937-ci il simvolik olaraq, “Repressiya ili” kimi qəbul edilmisdir. Azərbaycanımıza Xudu Məmmədov, Yusif Səmədov, Misir Rəhimov, Şahlar və Rüstəm Əzizovlar, Zabil Bayramov, Çingiz Mustafayev, Valeh Baxşəli, Elçin Xıdırov, Nigar Gözəlova və basqa tanınmış alimlər, Feyruz və Şəmil Müstafayev, Mikayıl Gözəlov kimi respublikada tanınan ictimai-siyasi xadimlər, xüsusi xidmət orqanının generalı rütbəsinə və Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsinə yüksəlmiş Tofiq Babayev, iyirmi altı yaşından bir sıra rayonların polis şöbəsinə basçılıq etmiş Rafayıl Əzizov, Birinci Qarabağ müharibəsində beş oğlundan üçü döyüslərdə qəhrəmancasına şəhid olsa da, digər oğlunu da döyüşə göndərən İmran Niyaz oğlu Əliyev kimi dəyanətli kişi yetirən, təəssüf ki, hələ də lazımınca qiymətləndirilməyən gözəl etnoqrafik romanlar müəllifi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Xankəndi Pedoqoji İnstitunun müəllimi, tarix elmlər namizədi, dosent Şahlar Həsənoğlu, istedadlı fırça ustası, Azərbaycan və RSFSR-in əməkdar rəssamı Əsgər Məmmədov, muğamlarımızın gözəl ifaçısı, əməkdar artist Sevinc Sarıyeva, istedadlı şair, Prezident təqaüdçüsü Ramil Mərzili, xeyli sayda gözəl şeirlər müəllifi olan istedadlı qələm sahibləri bəxş edən Ağdam rayonunun Mərzili kəndi adamlarının mərdliyi, əməkserərliyi, haqsevərliyi, elmə, biliyə can atmaları ilə xüsusi ad qazanmışdır.
Bu kənd Azərbaycanımıza iyirmi ildən yuxarı “ Mədəni maarif ” jurnalına rəhbərlik etmiş, atası və əmisi repressiya qurbanı olmuş , tarix elmləri namizədi, dosent, əməkdar jurnalist Müstəcəb Muradov, uzun illər AzTv-də “Elm” ,”Sağlamlıq“ verilişlərinin baş redaktoru vəzifəsində çalışmış Filologiya elmləri namizədi Rüstəm Əzizov, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, tərcüməçi, gözəl esselər sahibi, ”Dünya ədəbiyyatı” dərgisinin redaktoru Seyfəddin Hüseyn, Rizvan Əhmədov kimi xeyli sayda tanınmış yurnalistlər bəxş etmişdir. Təsadüfi deyil ki, kəndin övladlarından bir nəfər EA-nın müxbir üzvü, yeddi nəfər elmlər doktoru, 23 nəfər elmlər namizədi, iki nəfər isə Sosialist Əməyi Qəhrəmanı olmusdur. Bu kəndin bolşevik rejimi ilə barısmayan kişiləri ona qarşı imkanları daxilində qanı, canı bahasına olsa da, mübarizə aparmıslar. Təsadüfi deyil ki, milli azadlıq hərəkatımızın IV dövrünün 1920-1930-cu illərindəki mərhələsində sovet isğal reyiminə qarşı gizli mübarizə aparan Müsavat partiyasının özəklərindən biri də Ağdam rayonunun Mərzili kəndində olmuşdur. Mərzilidəki etibarlı adamlar, Cümhuriyyət ideyalarına bağlı kişilər haqqında məlumat Məhəmməd Əmin Rəsulzadənin Yevlaxlı Qambay ağaya yazdığı məktubda da yer almışdır. Vətənimizdə sovet işğal rejiminə qarşı aparılan mübarizənin formalarından biri də gizli təşkilatların yaradılması və orada fəaliyyət göstərilməsi olmuşdur. Ötən yüzilliyin 60-cı illərinin sonu – 70-ci illərin əvvəllərində belə gizli təşkilatda fəaliyyət göstərən şəxslərdən biri də Ağdam rayon Mərzili kənd sakini, o dövrdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi, sonralar Mərzili kənd orta məktəbində direktor, müstəqilliyimizin ilk çətin illərində Ağdam rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmış Akif Şöhlət oğlu Məmmədov olmuşdur. Onun bu çətin, qorxulu, ancaq şərəfli mübarizədə iştirakı haqqında Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəy öz xatirələrində maraqlı məlumat vermişdir…».
Müəllif daha sonra yazır: «Azərbaycan tarixşünaslığında indiyə qədər repressiya ilə bağlı aparılmış arasdırmalarda, çap edilmiş materiallarda əsasən bütün kolxozçularının kütləvi şəkildə həbs edildiyi, onlardan 63 nərərinin güllələndiyi İsmayıllı rayonunun Kürdmaşı kəndinin, 60 nəfər günahsız adamın güllələndiyi Şamaxı rayonunun Təklə kəndinin adı qeyd edilib. Təəssüf ki, iyirmi üç nəfərdən artıq adamın güllələndiyi, onlarla günahsız şəxsin sürgünə göndərildiyi Ağdam rayonunun Mərzili kəndi diqqətdən kənarda qalmış, adı belə çəkilməmişdir. Ümumiyyətlə, 30-cu illər repressiyası dönəmində Vətənimizdə üç mindən artıq kəndli məhv edilmisdir. (26, 384-385). Qeyd edək ki, ayrı-ayrı elm, təhsil ocaqlarında, idarə və müəssisələrdə, rayonlarımızda və onların kəndlərində sovet isğal rejiminin amansızlıqla həyata keçirdiyi qırmızı terror geniş və əhatəli şəkildə arasdırılmayınca, problemin tam öyrənildiyini iddia etmək mümkün deyil. Şübhəsiz ki, tarixşünaslığımızda bu sahədə indiyə qədər ciddi bir bosluq var. Ona görə, belə hesab edirik ki, arasdırma problemin öyrənilməsindəki bosluğu müəyyən qədər aradan qaldıra bilər. Onu da bildirək ki, buradakı bütün arxiv materialları ilk dəfə elmi dövriyyəyə tərəfimizdən daxil edilmişdir. Dəyərli oxuculara təqdim edilən bu arasdırma həmin bosluğu aradan qaldırmaq yolunda kiçicik bir cəhddir. İnanıram ki, hər belə arasdırmalardan sonra kommunistlərin sovet dövlət orqanları vasitəsilə Vətənimizdə həyata keçirdiyi qırmızı terrorun dəhşətli mənzərəsi daha da aydınlaşacaq.
Arasdırmanın aktuallığı həm də orasındadır ki, bu gün repressiya, isgəncə dünya miqyaslı bir problemə çevrilmişdir. Bu səbəbdən, Birləsmiş Millətlər Təskilatı hər il iyunun 26-nı “Beynəlxalq İsgəncə Qurbanları” günü kimi qəbul edir.
İnsanlara faciələr gətirən 30-cu illər repressiyası Ağdam rayonunun Mərzili kəndindən də yan keçməmişdir. Apardığımız arasdırmalara əsasən, deyə bilərik ki, Ağdam rayonunda əhalisi ən çox repressiyaya məruz qalmış kənd sakinləri mərzililər olmusdur. Bu kənddən əksəriyyəti yaxın qohum olan 40-dan çox adam həbs edilmiş, 23 nəfərdən artıq adam isə Sovet rejiminin düsməni kimi güllələnmisdir. (Geniş məlumat üçün bax: 28; 29; 30; 34, 85-94 və s.). Bu gün repressiya olunmusların istintaq sənədlərini oxuyanlarda verilmiş ifadələrə müxtəlif, bəzən birtərəfli yanasmaların şahidi oluruq. Onlara aşıdakıları nəzərə almağı tövsiyə edərdim:
- “Dünyada ən humanist” sovet müstəntiq və məhkəməsinin ölüm cəzası verdiyi, yaxud repressiya etdiyi günahsız adamların istintaq sənədlərinin təhlilindən aydın olur ki, həbs olunanlardan alınan ifadələr dəhşətli isgəncələrin nəticəsində verilmisdi.
- Bir sıra hallarda ifadələr rusca yazılmış, onlara düzgün tərcümə edilərək, oxunmamısdı. Onlar sadəcə baş barmaqlarını imza yerinə basmısdılar.
- Cəzalanmayacağına əmin olan müstəntiqlər bəzən hətta onları ağ kağıza barmaq basmağa məcbur etmisdilər.
- Sovet kommunist cildində olan erməni müstəntiqlər qisasçılıq istiqamətində fəaliyyət göstərmişdilər. 1956-cı ildə M.C.Bağırov və əlaltılarının məhkəməsində XDİK-nın müstəntiqi, günahsız insanların repressiyasında xüsusi fəallığı ilə seçilən X.Qriqoriyanın Bakıdan atasına yazdığı məktub hər kəsi heyrətə salmışdı. O, məktubunda atasına bildirmişdi ki, yüz nəfər azərbaycanlını güllələtdirib, beş yüz nəfər də növbədədir.
- Məhkəmələr qısa zaman içərisində, cəmisi bir neçə saat, hətta çox hallarda bir neçə dəqiqə ərzində başa çatır, hökm icra olunurdu.
- Məhkəmələr bir çox hallarda, qeyri-azərbaycanlılardan, əsasən, erməni, rus və s. təşkil olunurdu və bu, həm də xüsusilə kənd sakinləri üçün dil, anlaşma problemi yaradırdı…».
Sonda: qeyd edək ki, kitab keçmişimizin yaddaşlarda dərin yaraları ilə iz buraxmış daha bir qaranlıq səhifəsinə işıq salaraq gələcəyə daşıyan bilgi mənbəyidir və olduqca dəyərli tədqiqat əsəridir.
Müəllifə bu məsul və çətin, məhsuldar işinə görə təşəkkür borcumuzu çatdırırıq.
Y.Məmmədli