…Xəbər verdiyimiz kimi, İranın İRNA Xəbər agentliyi ötən həftə İranın Xuzestan əyalətindəki Sus şəhərini birdən-birə yada salıb. Və xüsusi maraqla “Şuşa” adlandıraraq Ermənistan səfirinin oraya səfərindən yazıb. Rus və fars dillərində yayımlanmış həmin xəbəri Azərbaycan (rus dilində orijinaldan) bir daha yada salmağa məcburuq. Xəbərdə deyilirdi: "Tehran, 14 oktyabr, İRNA - Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan Xuzistan əyalətinə səfəri zamanı Şuşanın tarixi və qədim görməli yerlərini ziyarət etdi. Artaşes Tumanyan və heyəti Şuşa valisinin dəvəti ilə şəhərin mədəni irsinin xəzinələrini, muzey bağını, tarixi abidələri, Apadananı, Darius sarayını, kral şəhərini, On beşinci şəhəri, Susa qalasını və Choghaznabil barış məbədini ziyarət edib. Ermənistanın İrandakı səfiri Xuzistana iki günlük səfəri zamanı əyalətdəki bir neçə balıq təsərrüfatını, şəkər qamışı fabriklərini və əntiq əşyaları ziyarət edib".
Bu da həmin xəbərin rus dilində versiyası: "Посол Армении в Иране посетил исторические памятники Шуша: Тегеран, 14 октября, ИРНА - Во время своего визита в провинцию Хузестан посол Армении в Иране Арташес Туманян посетил исторические и древние достопримечательности Шуша. Арташес Туманян и его делегация с приглашением губернатора Шуша посетили сокровища культурного наследия города, музейный сад, исторические памятники, Ападану, дворец Дария, королевский город, Пятнадцатый город, замок Суза и храм мира Чогхазнабил. Во время двухдневного визита в Хузестан посол Армении в Иране посетил несколько рыбных хозяйств, фабрики сахарного тростника и предметы старины в провинции". Və İranın Sus şəhərini Şuşa kimi xəbərləməsi barədə məlumatını yayımladıqdan sonra tezadlar.az saytı xaker hücumuna məruz qaldı…
Dəyərli oxuculara Şuşa haqqında dünyanın sosial şəbəkə sistemində olan məlumatları bir daha xatırlatmaq istərdik. Söhbət ondan gedir ki, ötən sayımızda (saytın buraxılışlarında) İranın İRNA xəbər portalında yayımlanmış bəlli xəbərdən sonra tezadlar.az saytı xaker hücumuna məruz qaldı. Saytın üzərində bayquş və erməni bayrağı təsvir edildi. Bayquş uçur, qara əllər isə tezadlar.az saytını boğurmuş kimi siluet təsvir edilirdi, ardınca isə cin-şeytan qəhqəhə çəkirdi… Saytımızın yüksək proqram təminatı ermənilərin bu qara niyyətinin (bəlkə də İran xakerləri idi) baş tutmasına imkan vermədi… Və xakerlərin bu hücumunun qarşısı dərhal alındı…
Bəs İran və Ermənistan niyə Şuşanın qədim tarixindəki erməni yoxluğunu qəbul etmək istəmir?
Bu da Şuşanın qədim tarixi və başına gətirilən müsibətlər barədə tarixi mənbələr: «Şuşa — Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində, Şuşa rayonunda şəhərdir. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Şuşada 17 məhəllə olub: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl, Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.
XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.
1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdır. Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçüncü dəfə isə ermənilər yandırmışdı. Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı. Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi. Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.
Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir».
Bəli, Şuşanın tarixinə nəzər salanda, istər tanınmış simaları, istərsə də idarəçilik işlərində çalışan nüfuzlu şəxsləri xatırlayanda onların arasında bir dənə də olsun erməni adına rast gəlinmir.
Bəs Şuşanın simvolları var idimi?
Tanınmış diplomat, sabiq səfir Vilayət Quliyevin xarici ölkə arxivlərində apardığı maraqlı araşdırmalara rast gəldim. Onun fb səhifəsindəki bir rəsmi sənəd diqqətimi çəkdi. V.Quliyev yazır: «…Aşağıdakı şəkil qədim Azərbaycan şəhəri, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın 1843-cü il mayın 21-də rus çarı Birinci Nikolay tərəfindən təsdiq olunmuş gerbidir. Həmin dövrdə Şuşa inzibati baxımdan Xəzər vilayətinin Yelizavetpol quberniyasının tərkibinə daxil olduğundan (qəza şəhəri statusunda) gerbin yuxarı hissəsində Xəzər və Abşerona aid rəmzlər (Bakının gerbində yer alan alov dilləri də daxil olmaqla), aşağıda isə sırf Şuşa ilə bağlı simvolika (Asiya tipli şəhər və yüyənli Qarabağ atı) yer alıb. Ermənilərin iştahalarının və həyasızlıqlarının hüdudsuzluğuna baxmayaraq hələ də Qarabağ atlarına iddiaçı çıxa bilməyiblər. Deməli, gerb dili olan rəmzlər sırf Azərbaycana bağlıdır. Yaxşı, bəs nədən ermənilər "qədim erməni şəhərinin" adının 1843-cü ildə «Şuşi» kimi göstəriməsinə nail olmayıblar? Axı Azərbaycan türkləri ilə müqayisədə onlar xristian qardaşları ruslarla daha yaxın idilər. Rus işğal qüvvələrinə bələdçilik edirdilər. Qarabağ xanlığının ləğvindən sonra Şuşanın idarəçiliyi Valerian Mədətov, Aşot Xandəmirov, Tarxan Maurarov kimi erməni əsilli nüfuzlu rus əlaltılarının ixtiyarında idi. Niyə onlar "doğma şəhərə" qədim adını qaytarmaq barəsində düşünməmişdilər? Niyə ruslar Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər kimi adların ermənilərin indi hər vasitə ilə dövriyyəyə çıxarmağa çalışdıqları uydurma variantlarından istifadə etməmişdir? Aydın məsələdir, çünki dövrün rus məmurları boş erməni nağıllarına deyil, tarixi vəsiqələrə, yazılı mənbələrə inanmışdılar.
Şuşanın adını «Şuşi»yə çevirmək ideyası Birinci Qarabağ müharibəsindən və şəhərin işğalından sonra meydana çıxmışdı. Eyni zamanda başa düşmüşdülər ki, şəhəri məsələn, Craberd, yaxud Tiqranakert adlandıra bilməzdilər. Bu lap ağını çıxarmaq və Şuşanın 200 illik tarixi üzərindən xətt çəkmək olardı. Ona görə də sondakı bir hərfi dəyişdirməklə Şuşanı "erməniləşdirmək" fikrinə düşmüşdülər. Gülünc təşəbbüsdür. Fransızlar öz paytaxtlarına Paği deyirlər, ruslar, elə də biz Paris deyirik. Amma bu tələffəz fərqindən fransız şəhəri rus, yaxud Azərbaycan şəhərinə çevrilmir... Musiqili Şuşa ilə bağlı isə Krılov babanın, sanki ermənilərə ünvanlanmış bu misraları lap yerinə düşür: "А вы, друзья, как не садитесь, Все в музыканты не годитесь!” Murdar əllərinizi Şuşadan çəkin! Gedib Hindistanda özünüzə Nor-Şuşi şəhəri tikin və şüvəninizi davam etdirin».
(Aşağıda Şuşanın 1843-cü il mayın 21-də rus çarı Birinci Nikolay tərəfindən təsdiq olunmuş gerbini təqdim edirik).
***
…Bax belə! Ermənilər yaxın sirdaşları olan farslarla birləşib nə qədər çalışsalar da, şuşanı «Şuşi» edə bilməyiblər və edə bilməyəcəklər. Çünki Azərbaycan Ordusu 44 günlük Zəfər əməliyyatı ilə ermənilərin yüz illərlik şuşa arzularını tarixin arxivinə-qəbiristanlığa göndərib. Qəbiristanlığa göndərilən ölü isə heç vaxt geri qayıtmır…
Asif MƏRZİLİ
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.8).