Tarixi romanlar müəllifi Yunuz Oğuzdan daha bir uğurlu nailiyyət...
Belə ki, Özbəkistanın H.Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə Türk dövlətlərinin şair və yazıçılarının əsərləri Özbək dilinə tərcümə olunaraq "Türk ədəbiyyatının inciləri" adlı 100 cildlik kitablar seriyası Daşkənddə "Özbəkistan" nəşriyyatında çap edilib. Bu seriyada tanınmış yazıçı-jurnalist Yunus Oğuzun da kitablarından da vardır. Yunus Oğuz "Təzadlar"a bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2019-cu il oktyabrın 15-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən VII Zirvə toplantısında irəli sürülən təkliflər əsasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Türk ədəbiyyatının inciləri" adlı 100 cildlik kitablar seriyasının hazırlanması və nəşri ilə bağlı göstəriş veribmiş: "...Özbəkistan Yazıçılar Birliyi və Elmlər Akademiyası tərəfindən hazırlanmış çoxcildlikdə ümumi Türk ədəbiyyatının ən yaxşı nümunələri, Özbəkistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, eləcə də Türkmənistan və Macar ədəbəbiyyatına dair 629 görkəmli şair, yazıçı və mütəfəkkir əsərləri öz əksini tapıb. Azərbaycan ədəbiyyatından Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Əfzaləddin Xaqani, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Heyran xanım, Natəvan, Seyid Əzim Şirvani, Hüseyn Cavid kimi 200-ə yaxın klassiklərimizin, şair və yazıçının yaradıcılığı ilə 16 cilddə təqdim olunur. Çoxcildlikdə yer almış Azərbaycan əsərlərində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbiyyatımıza dair tərcümələrindən də geniş istifadə olunub".
Yunus Oğuzun verdiyi məlumatlardan bəlli olur ki, "Türk ədəbiyyatı inciləri" əsərlər toplusunda Məmməd Səid Ordubadi, Məhəmməd Hadi Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Mirzə İbrahimov, Əhməd Cavad, Süleyman Rüstəm, Almas İldırım, Mikayıl Müşfiq, Rəsul Rza, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Anar, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Elçin, Yunus Oğuz, Ramiz Əskər, Səlim Babullaoğlu, Firuz Mustafa, Qənirə Paşayeva, Əkbər Qoşalının əsərləri də yer alıb. Sitat: "Onu da deyim ki, Özbəkistanda bu möhtəşəm layihənin yaradılmasında 200-dən çox tərcüməçi, 100-dən çox ədəbiyyatşünas və mətnşünas, yazıçı, redaktor və rəssam iştirak edib. Kolleksiya 200 min nüsxə tirajla Daşkənddə çap olunub. Cari ilin 22 noyabr tarixində Özbəkistan Dövlət Şərqşünaslıq Universitetində Türk dövlətlərinin Özbəkistandakı Səfirlikləri və Mədəniyyət Mərkəzlərinin iştirakı ilə sözügedən layihənin və nəşrlərin geniş təqdimatı keçirilib. Azərbaycanı tədbirdə Özbəkistandakı H.Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov təmsil edib. Gələcəkdə sözügedən layihənin davam etdirilməsi, Türk dövlətlərinin müasir dövr ədəbiyyatına dair yeni-yeni şair və yazıçıların əsərləri ilə yanaşı, yalnız Türk dövlətlərini deyil, bütövlükdə Türk dünyası, Türk toplumlarının şair və yazıçılarının da əsərlərinin nəşri nəzərdə tutulub...".
A.Məmmədli