Son vaxtlar kütləvi informasiya vasitələrində güya Arazın sağ sahilində - o taydakı cənublu qardaşlarımız İrandakı molla rejmini dəstəkləyirlər. Bu yalan informasiyanı yayanlara bildirirəm ki, bütün bölgələrdə nadanlar ola bilər. Cənubi Azərbaycanda yaşayan 40 milyona yaxın bacı-qardaşlarımıza qara yaxmaq düzgün deyil. Həmin yalan informasiya sahiblərinə üzümü tutub deyirəm:
"Şəbi – Hicran yanar canım,
Tökər qan çeşmi – giryanım,
Oyadar xəlqi əfqanım"
Arazın sağ sahilində.
"Ürək dustaq, vətən məhbəs,
Hanı Babək, Cavanşir bəs?
Həyat belə qala bilməz"
Arazın sağ sahilində.
Siz də baxın açıq – aşkar,
Əhli - əyanlar tamahkar,
Zaman qəddar, şah zülümkar
Arazın sağ sahilində.
Başdakılar edir talan,
Kimdir satan, kimdir alan?
Hanı Bağır xan, Səttar xan?
Arazın sağ sahilində.
Vəkil nadan, vəzir harın,
Məsləki bic mollaların,
İdbarların bağrın yarın
Arazın sağ sahilində.
Həris alır, nadan satır,
Ərənləri məhbus yatır,
Yurd dağılır, millət batır
Arazın sağ sahilində.
Torpaq getdi, olduq zəlil,
İli ilindən bəd gəlir,
Birləşməkçün çalaq təbil
Arazın sağ sahilində.
Mədrəsən yox, məktəbin yox,
Kitabın yox, dəftərin yox,
Adın Türksə, düşmənin çox
Arazın sağ sahilində.
Adın qoyub ayətullah,
Nə Haqq tanıyır, nə Allah,
Zatı qırıq lənətullah.
Arazın sağ sahilində.
Seyitdir , edir qətliyam
Qətliyama verir fərman,
Başı əmməməli şeytan
Arazın sağ sahilində.
Qalx ayağa, ulu millət,
Özünüzdə tapın cürət,
Əldən gedir bu məmləkət.
Arazın sağ sahilində.
Fırtınatək doldu, coşdu,
Azadlıq nəğməsin qoşdu,
Xəlil Rza, yerin boşdur.
Arazın sağ sahilində.
İLHAM CƏNUBLU