(Məmməd Mərzilinin “Şəhid qardaşlar” kitabı haqqında)

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana  şükürlər olsun! Bizə qarşı çox səxavətlidir.  Sizinlə  hər yeni görüşə  gələndə  söhbətə  başlamazdan  əvvəl bu şükrü-sənanı qeyd etməyi özümə borc bilirəm. Hər yaşadığımız  an üçün şükürlər olsun... Min şükür...

Bu dəfəki söhbətimizin mövzusu hərflər, sözlər, kitablar silsiləsindən olan, müasir dövrümüzdə vacib, xüsusi diqqət və qayğı tələb edən gözlərimiz önündə yaranan, yazılan tarixdir. O tarix ki, şəhidlərimizin qanı ilə yazılır. Bəli, məhz yazılır. 9 sentyabr 2023-cü il tarixində, gecədən xeyli  keçmiş  sol ayağımda dizdən aşağı şiddətlə gicişən hələ 90-cı illərdə aldığım güllə yarasının yerini iş (yazı) masamın  artıq sürtülməkdən cilalanmış ayağına  sürtə-sürtə bu sətirləri qələmə alarkən  Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (1995-1999) eyni fakültədə birlikdə təhsil aldığım kursant yoldaşım hal-hazırda ehtiyatda olan qazi polkovik-leytenant Elmar Hüseyov hərbi ekspert kimi ötən gün ərzində şərti cəbhə xəttində baş vermiş  hadisələrə ARB-24 kanalında münasibət bildirir…

Tarix yazılmaqda davam edir. Artıq xeyli müddətdir şüarımıza çevrilən “tərəfsiz ədəbiyyat tarixdir” prizmasından bu olduqca zəngin yazılar dünyasına baxdıqda diqqəti cəlb edən, səhifələrində çoxumuzun şahidi olduğu real tarixi yaşadan gələcək nəsillər üçün faydalı olacaq əsərlərlə rastlaşmaq mümkündür. Bu qəbildən olan əvvəlki yazılarımdan birində Əli bəy Azərinin “Hərbi Zəngilan” adlı səlnaməsindən söhbət açmışam (sonda bu məsələyə bir daha qayıdacağam).  İndi isə hal-hazırda şərti cəbhə xəttində baş verənləri dinləyə-dinləyə artıq bir neçə dəfə  gözdən keçirdiyim çapa hazırladığımız Məmməd Mərzilinin “Şəhid qardaşlar” kitabı üçün ön söz kimi nəzərdə tutulmuş bu yazını yazmağa çalışıram. Məmməd Mərzilinin yazdığı əsər barədə söhbətə keçməzdən əvvəl onun özünü yüngülvari  tanımaqda fayda var düşüncəsi ilə onu sizə təqdim etmək istəyirəm.

Mərzili Ağdamın ən böyük və məlum münaqişənin  ilk günlərindən daim diqqət mərkəzində olan, adı tez-tez  hallanan kəndlərindən biridir. Onu  qeyd edim ki, Mərzili həm də mənim böyüyüb boya-başa çatdığım Yusifcanlı kəndi ilə qonşu olan kənddir. Bu kəndlərin adlarını təkcə Zaur Ustacın və Məmməd Mərzilinin yaşadığı kəndlər olduğuna görə qeyd etmirəm. Bu kəndlərin adlarını həm də ona görə qeyd edirəm ki, oxucuya yaxşı tanışdır. Ötən 30 il ərzində ən azı gündə bir dəfə ya mətbuatda, ya televiziyada, ya da radioda mütləq “...Ağdam  rayonun Mərzili, Yusifcanlı kəndləri...”  ifadəsi ilə rastlaşıb... Bu kəndlərin adlarını ona görə qeyd edirəm ki, məlum 30 ilə qədər ötən 5 il ərzində Mərziliyə düşməyib üstündən keçən mərmilər gəlib Yusifcanlıya düşürdü...  Bu kəndlərin adlarını ona görə qeyd edirəm ki,  xeyiri-şəri bir olan sakinləri bir-birlərini yaxşı tanıyırdılar...  Bu kəndlərin adlarını ona görə qeyd edirəm ki, eyni gündə (1993-cü ilin 12 iyunu) eyni taleyi yaşamışdır... Bu adları ona görə qeyd edirəm ki, o illərdə, o kədlərdə, o günləri yaşamış Zaur Ustac və Məmməd Mərzili kimi digər yüzlərlə yurdsevər vətən övladlarının deməyə, yazmağa, paylaşmağa sözü çoxdur...  Onu qeyd edim ki, Məmməd  Mərzilinin eyni adlı hərbi hissənin (tabor) adı ilə adlandırdığı “845”-i də səlnaməçilik baxımından dəyərli kitabdır.  “845”-lər artıq zamanın sınağından uğurla keçib. Zaman  mühüm  amildir. Vaxtdan söz düşmüşkən söhbətimizin mövzusu ilə bir başa əlaqəsi    olan bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bu gün digər kurs yoldaşım şəhid polkovnik-leytenant Həmdəm Ağayevin anadan olduğu gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün – son günlər hələ uzun illər tarixin yaddaşında yaşayacaq təlatümlü günlərin ərəfəsində, həqiqətən qəhrəmanlıq dastanlarına dönəcək hadisələrin astanasındayıq... Məhz bu nöqteyi-nəzərdən Məmməd Mərzili “Şəhid qardaşlar” adlandırdığı əsər sözün əsl mənasında tarixin müəyyən bir dövrünü əhatə edən canlı ziyalı və tərəfsiz şahidin dilindən həqiqi səlnamədir. “Tərəfsiz ədəbiyyat tarixdir” devizimizin tələblərinə tam cavab verir. Məmməd Mərzilinin nə yazdığına, necə yazdığına keçməzdən əvvəl özü-kimliyi ilə yaxından tanış olaq.

QISA ARAYIŞ

Məmməd Mərzili (Məmməd Gürşad oğlu Sarıyev) 15 sentyabr 1956-cı ildə Xocavənd qəsəbəsində anadan olub.

1971-ci ildə Mərzili kənd orta məktəbinin 8-ci sinfini bitirəndən sonra Bakıdakı 74 №-li texniki məktəbində  1971-74-cü illərdə təhsilini davam etdirib. 1975-77-ci illərdə Almaniyadakı Sovet qoşunlarında xidmət edib.

Xidməti başa vurandan sonra Ağdamda müxtəlif müəsisələrdə, təşkilatlarda çalışıb.1983 -cü ildən Mərzili kəndindəki kolxozda ehtiyat hissələri, yanacaq anbarında anbardar işləyib.1993-cü ilin 12 iyunda ermənilər Mərzili kəndini işğal etdiyinə görə məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşıb. 1995-ci ildə Azərenerji ASC-nin HMD- nə işə qəbul olunub. Orada işləyə-işləyə Mingəçevirdəki ədəbi məclisin üzvü kimi bədii yaradıcılıqla məşğul olub. AYB-nin Mingəçevir bölməsində 2008-ci ildən “Mingəçevir leysanı” ədəbi jurnalı çap olunmağa başlayanda bu jurnalda şöbə redaktoru kimi fəaliyyət göstərib. Sonra bu jurnal “Bənvöşə” adı altında çap olundu. 2023-cü ilin fevral ayına qədər “Azərenerji” ASC-də çalışmış Məmməd Mərzili hal-hazırda təqaüddədir.

Bu illər ərzində “Qarabağsız döyünən ürək” (2006), “Vətənə uzanan qollar” (2008), “Qarabağa gedən cığır” (2010), “Gözlə gələcəyəm” (2017) şeirlər, “Payızın qəmli notları” (2011), “Atəş altında toy” (2015), “Xıdırlıda qalan günlər” (2020), “845” (2022) nəsr kitabları işıq üzü görüb. Haqqında söhbət edəcəyimiz “Şəhid qardaşlar” kitabı müəllifin  oxucuları ilə 9-cu görüşü olacaq.

Məmməd Mərzili müqəddimə funksiyasını yerinə yetirən giriş hissəyə-əsərə aşağıdakı  şəkildə  uğurla  başlayır: “Çar Rusiyası zaman-zaman ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsini təşkil etmişdir. Bu məqsədyönlü aparılırdı. Məqsəd iki türk dövləti arasında xristian dövləti yaratmaq idi. Həm türk dövlətlərinin arasında sərbəst gediş-gəlişin qarşısını almaq, həm də türklərin tarixi düşməni olan ermənilərdən türklərə qarşı istifadə etmək. Ona görə köçürülən erməniləri İrəvan mahalında(İrəvan xanlığı azərbaycanlıların tarixi dədə-baba torpaqlarıdı) və Qarabağ xanlığında yerləşdirdilər.“

“Ağzını aç, kim olduğunu deyim”, - deyə məşhur bir deyim var. Belə bir giriş diqqətli oxucuya sona qədər yol yoldaşlığı etmək gücündə olan parlaq bir mayakla qiyaslana bilər. Yuxarıda təqdim olunmuş nümunədə ifadə olunmuş vahid türk torpaqlarının bilərəkdən məqsədyönlü şəkildə parçalanması, quru əlaqəsinin kəsilməsi fikri ən yüksək tribunalardan dəfələrlə səslənmiş olsa da bu mövzulu əsərdə yer alması məqsədəmüvafiq və təqdirəlayiq haldır. Tarixə qısa ekskursdan sonra hadisələrin başladığı zamana qayıdan müəllif:

“Xalq bu haqsızlığa dözə bilmirdi. Ağdam rayon PK-nin birinci katibi Sadıq Murtuzayev, İK-nin sədri Xuraman Abbasova milis işçilərini "Qarağacı'' qəbiristanlığının yanında düzdülər ki, əliboş camaatı qırğına verməsinlər. Onlar nə qədər çalışsalar da mümkün olmadı. Əli və Bəxtiyar adlı iki gənc  “Vətən uğrunda!” – deyib Qarqar çayının içi ilə irəlilədilər. Əsgəran tərəfdə dayanan əsgərlər komandirlərinin əmri ilə onlara atəş açdılar. Qarqar çayı qana boyandı.

Əli və Bəxtiyar şəhid oldular. Onları unutmağa bizim haqqımız yoxdu. Onlar torpaqlarımız uğrunda gedən ilk şəhidlərdir.” - ilk şəhidlərimizi xatırlatmaqla demək olar ki, mətləbə keçid edir: “Amma buna baxmayaraq, Qarabağın qara günləri başladı.”

Ağdamın ölkə və respulika səviyyəsində əhəmiyyətindən söhbət açaraq mühüm atributlarla sadə, olduqca axıcı bədii-pulisistik dildə təqdim edəcəyi tarixi hadisələr üçün münbit zəmin hazırlayır. Əsərin ideyasının açılmasına xidmət edən olduqca müxtəlif hadisələr ziddiyyətli olsa da real tarixi fonda cərəyan edir.

MƏZMUN və QAYƏ

“Şəhid qardaşlar” əsərində Milli ordunun yaradılmasındakı çətinliklər, hərbi kadrların, silah-sursatın çatışmazlığı açıq şəkildə göstərilib. II Qarabağ müharibəsindən fərqli olaraq I Qarabağ müharibəsində ordumuz əsasən könüllülərdən təşkil olunmuşdu.

Ağdam rayonunun erməni kəndləri ilə həmsərhəd olan kəndlərində elə hallar var idi ki, bir evdən 4-5 nəfər döyüşürdü. Bu ailələrin çoxu  2 şəhid  vermişdi. Hətta  hərəsinin  3 şəhidi olan  2  ailə  var idi.  Mərzili kəndindən Əliyev İmranın döyüşən 5 oğlundan üçü; - Zakir,Tahir,Sabir şəhid oldular. Şelli kənd sakini Aslanov Kazımın da 4 oğlundan üçü; - Vidadi, Xəqani, Hasil şəhidlik zirvəsinə yüksəldilər.

Müəllif dünyanın demokratik adlanan dövlətlərinin soyqırıma, haqsızlığa qarşı göz yummalarını bu əsərdə əks etdirib. Bu haqsızlığın hələ də davam etməsini təəssüf  hissi ilə oxucusuna çatdırır... 

Bu əsər onlarla bərabər bütün şəhidlərimizin ruhuna həsr olunub.  Qayəsi ərazi bütövlüyümüz uğrunda döyüşmüş və döyüşəcək igid, ər oğullarımızın şücaətini, qəhrəmanlığını, onların dəyanətli valideyinlərinin mətinliyini, sarsılmaz  iradəsini, vüqarını, Yurd sevgisini  gələcək nəsillərə çatdırmaqdan ibarətdir...

Əsərə: “Amma buna baxmayaraq, Qarabağın qara günləri başladı” cümləsi ilə başlayan Məmməd Mərzili onu: “Şükür Allaha, artıq Qarabağda Ordumuz QƏLƏBƏ BAYRAĞI qaldırıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!” cümlələri ilə bitirir.  Lap sondakı bu iki cümlə gələcəyə ümidlə, həyata sevgi ilə doludur...

Girişdə vəd etdiyim kimi, bir daha salnaməçilik haqqında xatırlatma etmək istəyirəm. Bir vaxtlar əldə silah döyüşmüş və ya sadəcə məlum hadisələrin canlı şahidi olmuş hal-hazırda söz cəbhəsində  mücadilə edən qələmdarların bu mövzuda daha çox yazmasında fayda var. Növbəti yazılarla görüşmək ümidi ilə sizdən ayrılıram...

Çox dəyərli oxucum, ən qiymətli nemət olan zamanınızı bu sətirləri oxumağa həsr edərək sona qədər həmsöhbət olduğunuza görə minnətdarlığımı bildirir, müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Ümidlərimiz doğrulsun!

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru, şair-publisist

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN