"Sovet dövründə Gürcüstan müsəlmanlarının əlindən alınmış 234 məscid müstəqillik illərində onların özlərinə qaytarılıb".
TEZADLAR.AZ xəbər verir ki, bu sözləri paytaxt Tbilisidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin (SARI) birgə təşkilatçılığı ilə keçirilən “Dinlərarası dialoqda dövlətin rolu” adlı beynəlxalq konfransda Zaza Vaşakmadze deyib. O, bildirib ki, 2014-cü ildən bəri SARI tərəfindən Gürcüstandakı provaslav kilsəsi istisna olmaqla dini icmaların inkişafına 14 milyon dollar ayrılıb. O, Gürcüstanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələrinin tarixən sülh içində yaşadığını, dövlətin ölkədəki tolerantlığın gücləndirilməsi istiqamətində konkret addımlar atdığını vurğulayıb: “Gürcüstan tarixən çoxmillətli çox dinli xristian ölkəsidir, biz bir sıra mədəniyyətə və dinə ev sahibliyi edirik. Bu vaxtadək burada heç bir qarşıdurma baş verməyib. Gürcüstanda hakimiyyət dinlərarası dialoqun əsas zəmanətçisidir”. Zaza Vaşakmadze Gürcüstandakı kilsələrin 96%-nin provaslav dini icmasına məxsus olduğunu bildirib. O, müasir dövrdə dini qarşıdurmaların artdığını, bu səbəbdən dövlətin dinlərarası dialoqun təşkilində önəmli rol oynaya biləcəyini vurğulayıb. O qeyd edib ki, müsəlmanlar Gürcüstanda dövlət quruculuğunda iştirak edirlər: “Bizim vətəndaşlarımız etnik və mədəni mənsubiyyətindən asılı olmayaraq bərabərdir və dövlət quruculuğunda birlikdə iştirak edirlər. Müasir dövrün əsas problemlərindən biri dini qarşıdurmalardır və bu dövlətin rolunu bu sahədə daha da artırır, dövlət dinlərarası və mədəniyyətlərarası dialoqda böyük rol oynaya bilər”.
Vaşakmadze qeyd edib ki, Gürcüstanda hakimiyyət dini azlıqların gürcü xalqı ilə assimilyasiya olmadan inkişafına dəstək verir. O, Azərbaycan və Gürcüstan arasında dini sahədə əlaqələrin daha da yüksək səviyyəyə qaldırılacağını vurğulayıb.
24 news.ge