Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti , SSRİ) və Azərbaycan Dövlət mükafatları laueratı Həsən Ağaməmməd oğlu Məmmədovun anım gündür.
Həsən Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulmuşdur. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir.
1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960-1961) işləmişdir. H.Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. O, elə həmin ildən kinoda da fəaliyyət göstərmişdir.[2] H.Məmmədov 50-dən çox filmdə çəkilmişdi.
1962-ci ilin 10 sentyabrda bu qədim sənət ocağının aktyor truppasına üzv olmuşdur. Bu ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxmış və yenə kollektivə qayıtmışdır.
İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il 2 fevralda köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilmişdi. O, 1989-cu il 17 mayda dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynamışdı. H.Məmmədov Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il 21 noyabrdan ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışmışdı.
Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.
Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində aparıcı rollar oynamışdı.
Həsən (Əbülhəsən) Ağaməmməd oğlu Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci il 18 noyabrda Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdü. "İstintaq" bədii filmindəki Murad roluna görə 5 noyabr 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilmişdi. 1970-ci ildə Respublika Lenin komsomolu mükafatı laureatı olmuşdu.
Şakir QURBANOV