1883 - Krakatau vulkanının püskürməsi nəticəsində yaranan sunamidən İndoneziyada 36 min insan həlak olmuşdur.
1939 - Alman mühəndisi Ernst Heynkelin quraşdırdığı reaktiv mühərrikli təyyarənin ilk uçuşu baş tutmuşdur.
1955 - Ginnesin rekordlar kitabı Böyük Britaniyada satışa buraxılmışdır.
1992 - Azərbaycan Respublikası Qvineya Bisau ilə diplomatik əlaqələr qurmuşdur.
Teodor Drayzer (1871-1945)
1998 — Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, Azərbaycanın və Çeçenistanın Əməkdar incəsənət xadimi, Azərbaycan Redspublikasının Xalq artisti
Tofiq Mehdiqulu oğlu Tağızadə 69 yaşında vəfat etmişdir.
Tofiq Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlamışdır.Bir çox filmlərin quruluşçu rejissoru olmuşdur. Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Vaxtı da çox az olardı. Bəlkə də ona görə az-az görünərdi. Özünəməxsus geyim forması var idi. Onu başındakı "Meksika panaması"ndan asanlıqla tanımaq olurdu. Çox həssas insan idi. Adicə söz də xətrinə dəyərdi. Bütün bunlar onun xarakterinin məlum ştrixləridir. Ancaq bu xarakterin görünməyən tərəfləri də vardı. Onu tanımaq, daxilini duymaq istəyirdinsə, gərək filmlərinə baxaydın. Onların sayı o qədər çox deyil. Cəmi 14 filmdir. 15-ci filmi isə yarımçıq qalmışdı. 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirdi. "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri milli kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi.
Tofiq müəllim "Görüş"lə gəldi sənətə. "Görüş" onu əbədi olaraq bu sənətə bağladı. Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirdi. Kino tariximizdə Tofiq Tağızadənin məxsusi yeri var. O, çəkdiyi filmlərdə professional kimi özünü təsdiq etdi. Bu filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına öz həllini tapıb. Və bu gün bu filmlər əsl məktəbdir, onlardan çox şey öyrənmək, əxz etmək mümkündür.
Tofiq müəllim zamanın problemlərini ekrana gətirir və insanları bu problemlər ətrafında düşünməyə sövq edirdi. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili "mən"ini özü ilə üzbəüz qoyur. Tofiq müəllim Vətənini, xalqını sevən sənətkar idi. Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri var. Hətta Sovetin asıb-kəsən vaxtında belə cəsarətlə danışır, simvollar vasitəsilə bu xalqın taleyinə zərbə vuranları qamçılamaqdan çəkinmirdi.
Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, ""Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməmişdir. "Dədə Qorqud" Vətən, millət, bəşəri dəyərlər haqqında filmdir. Tofiq müəllimin xidmətləri ondan ibarətdir ki, o, bu hissləri, bu bəşəri duyğuları bizə olduqca real şəkildə çatdıra bilib.
"Mən ki gözəl deyildim" filmi isə müharibə haqqında düşüncələrdir. Bu düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız qanunları məngənəsində boğulan Səidələrin, Məzahirlərin canlı surətləri var burada. Əslində film insan taleləri haqqındadır. Hansı məqamda olursa-olsun insan yaşamağa can atır. Tofiq müəllim bu filmində zamanın obrazını yaradıb. Bu motivlər filmdə elə vəhdətdə birləşib ki, çox canlı bir harmoniya yaradıb.
Tofiq Tağızadə bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.
Tofiq Tağızadə Moskvada, ÜDKİ-də təhsil alıb. Rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tofiq müəllim onlara milli ovqat qoşub və ona görə də hər bir əsərində bizim xalqın ruhu duyulur. Onlar bizim tariximizdir, bizim mənəvi varlığımızdır. T.Tağızadə Ü.Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında 1965-ci ildə çəkilmiş genişformatlı, rəngli "Arşın mal alan" bədii filminin quruluşçu rejissorudur. "Yeddi oğul istərəm" filmində ziddiyyətli məqamlar olsa da, rejissor filmi siyasiləşməkdən uzaqlaşdırıb, hadisələrə başqa yön vermişdir. Gəray bəyin, Bəxtiyarın obrazlarını çuğlaşdıran münaqişələr fonunda rejissor ictimai münasibətləri açıqlayır. İnsanları üz-üzə qoyan ictimai bəlaların köklərini axtarır. "Bağ mövsümü" isə kino-dramdır. Bu film adi, gündəlik həyatımızın problemləri haqqındadır və film bizi ətrafımızda baş verən və biganə qaldığımız hadisələr haqqında düşünməyə məcbur edir. "O dünyadan salam" filmi də onun son vaxtlar lentə aldığı əsərlərindəndir. Əsasında böyük Mirzə Cəlilin "Ölülər" tragikomediyası dayanan bu kinolent bizə tanış mövzudur. Lakin rejissor tanış motivləri müasirləşdirir və bu günümüzün hadisələri ilə bağlayır. Tofiq Tağızadə xalq artisti idi. Ömrünün son illərində xüsusi studiya yaratmışdı. İşləmək istəyirdi, lakin amansız ölüm onu aramızdan tez apardı. Bu böyük sənətkarın xatirəsi kinonu sevənlərin qəlbində əbədi yaşayacaqdır.
***
Şakir QURBANOV