Muğam - Azərbaycan xalqının əsrlərcə yaratmış olduğu nadir, milli-mənəvi dəyərlərindən biridir, onu yaşatmaq, qorumaq lazımdır.

Heydər Əliyev

Ümummilli Liderimiz

Daş ürəklərdə yanıb daşları sındırdı muğam,

Haqqa düşmən olanı, haqqa tapındırdı muğam.

Nə güman eyləmisən, ondakı tilsimləri sən,

Kürü ahı ilə qurutdu, salı yandırdı muğam.

Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram,

Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

Bəxtiyar Vahabzadə

Xalq şairi

Əziz oxucu, çox illərdir həm nəsrlə, həm də nəzmlə qələmimdən çıxan irili-xırdalı bədii-publisist yazılarımla həmsöhbətik. Bu illər ərzində şəxsi tanışlığımız olmasa da, sənə təqdim etdiyim yazılarımla sanıram yaxşı bir ünsiyyət qurmuşam. Düşünürəm ki, yazdıqlarımın hamısı ürəyincə olmasa da, bəyənib qəbul etdiklərin də az deyil. 

 Məlumdur ki, yazarın qələmindən çıxan irili-xırdalı mətləblər heç də hamı üçün eyni olmur. Bu da təbiidir, insanlar müxtəlif olduğu kimi, maraq dairələri də fərqlidir. Ətrafdakı varlıqların heç də hamısına eyni rakursdan yanaşılmır. Onların bəzisinə məftunluqla, sevgi-sayğı ilə bağlanır, necə deyərlər, məcnunsayağı münasibət göstərirlər.

Yeri gəlmişkən söyləyim ki, “Leyli və Məcnun” tarixçəsi bir əfsanədir. Lakin bu əfsanənin özündə də bir realllıq var. Yüzilliklərdir İslam aləmində Yaxın və Orta Şərq xalqları arasında geniş yayılmış bir ifadədir. Şəxsin varlığa olan sonsuz münasibətidir.

013

Əziz oxucu, səninlə fikir mübadiləsi qurmaq üçün, mətləbin bu qədər genişliyi ilə şərhini verməkdə məqsəd və məramım var. Çünki varlıq olaraq hər insanın maraq göstərdiyi sonsuz bir istəklə, vurğunu olduğu sahə, sahələr vardır. Bir ziyalı kimi, mən də maraq dairəm barədə fikrimi sizinlə bölüşmək istəyirəm.

Musiqi ilə muğam dinləyirəm mən,

Muğamat nəğmələr xəzinəsidir.

Təmiz məhəbbətlə seçən, sevilən

Odlu ürəklərin vurğun səsidir.

    

“Rast”ında məna var göylərdən dərin,

“Şahnaz” sədasıdır düşüncələrin.

“Şur” xəstə Qasımın, böyük Mirzənin,

Aşıq Ələsgərin “Zənguləsidir”.

 

“Zabul” yada salır hicran qəmini,

“Qatar” xatırladır vüsal dəmini.

“Mahur “ arzuların silsiləsini,

Məcnunlar, Kərəmlər nəşidəsidir.

Ulu muğamın sirli-sehrli dünyası barədə bir qəzet məqaləsi çərçivəsində yazı hazırlamaq çoxdankı arzum idi. Lakin heç bir musiqi təhsilim olmadığından həmişə bu fikirdən, istəkdən daşınmışam. Nə yaxşı ki, uca Allahın mənə verdiyi ömrün 85-ci ilinin tamamına cəmi 8 gün qalmış bu mövzu təkrarən məni özünə cəlb etdi. Artıq görmək, yazmaq qabiliyyətim qalmadığından Bakı Ali Slavyan Universitetinin məzunu nəvəm Almaz Bəxtiyar qızını köməyə çağırdım. Söylədiklərimi yazıya o aldı. İnşallah uğurlu olar!

015

Muğama maraq və meylimin başlanğıcı, gənclik illərimlə bağlıdır. Anam Yetər İbrahimxəlil qızının qardaşı oğlu Allahverdi müəllim qramafonda Xan Şuşinskinin ifasında “Şahnaz” muğamını səsləndirdi (Muğamın adını Allahverdi müəllim vala yapışdırılmış kağızın üzərindən oxudu).

Çox illər, çox qərinələr keçsə də, bu hadisə yaddaşımda özünə dərin yer qazandı.

Ustad xanəndə, muğam bilicisi, vətən mövzusunda maraqlı mahnıların müəllifi mərhum Əlibaba Məmmədov həmişə sağlığında söyləyərdi ki, muğam daha çox Azərbaycan xalqına məxsusdur. Azərbaycan muğamındakı tamlıq, bütövlük digər xalqlara məxsus muğamlarda demək olar ki, yoxdur.

Bu anda Qarabağ döyüşlərində iştirak edən, şəhidlik zirvəsinə ucalmış hərbçimiz Xudayarın sağlığında oxuduğu, hörmətli Əlibaba Məmmədovun bəstələdiyi “Vətən yaxşıdır” mahnısını xatırlayıram. Bu kövrək mahnı indi də məni kövrəldir.

014

Muğam nəzəriyyəçiləri, ustad xanəndələr söyləmişlər ki, Azərbaycan muğamı son dərəcə mürəkkəb, çoxşaxəli bir ifa tələb edən musiqi sahəsidir. Yaxşı səs imkanı olub dərin tamaşaçı, dinləyici nüfuzu qazanmış xanəndə 25-30 il ərzində muğamın az bir hissəsinə, sirlərinə bələd ola bilər. Yeddi əsas muğamdan və onun ayrılıqda ifa olunan şöbələrindən ibarət muğam milli musiqimizin əvəzsiz xəzinəsi sayılır.

Muğam adətən üçlükdə, xanəndə - əlində qaval, tarzən - sinəsində tar, kamançaçı - dizi üstə kamança ilə müşayiət edilir. Geniş tərkibdə ansamblla da ifa olunur. Əgər dəstgah halında xanəndə tərəfindən oxunacaqsa, öncə dəramətlərdən, rənglərdən, müxtəlif təsniflərdən və mərhələlərdən keçir. Bu hal xanəndəni qarşıdakı ağır bir işə - muğam ifasına hazırlayır.

Musiqimiz geniş, rəngarəng olduğu kimi, musiqi alətlərimiz də çoxdur. Hər birisi dəyərlidir. Kamil ifaçı tələb edir. Lakin tarla müqayisə oluna biləcək ikinci bir musiqi alətimiz yoxdur. Tar 2.5 oktava səs imkanına malikdir. Ən mürəkkəb musiqini ifa etməkdə problem yaratmır.

XIX əsrin ortalarına qədər digər xalqlarda olduğu kimi, bizdə də tar dizi üstdə çalınardı. Qarabağ, Şuşa musiqi məktəbinin layiqli davamçısı Mirzə Sadıqcan Əsəd oğlu tar üzərində təkmilləşdirmə aparmış onu diz üstdən götürərək sinəyə qaldırmışdır. 22 pərdədən 11 simdən 3 hissədən ibarət tar xüsusən muğamların ifasında əhəmiyyətli rol oynayır. Tar, çanaq, qol və kəllədən ibarətdir. Çanaq hissəsi bir qayda olaraq tut ağacından hazırlanır. Qol və kəllə hissəsi armud və ərik ağacından ərsəyə gətirilir. Kəllə hissəsindən bir qədər aşağıda pərdələrdə pəs, ortada, orta pərdələrdə və nəhayət çanaq hissəsinin başlanğıcında zil pərdələrdən istifadə olunur. Muğam ifa edən xanəndə səs imkanını nəzərə alıb tarın yuxarıda sözügedən pərdələrdə səsini oturtmağı bacarmalıdır. Yəni pərdədən kənara çıxmamalıdır. Hər bir muğam bir əsas hissə və müxtəlif şöbələrdə oxunur. Xanəndə tarın müşayiəti ilə bu şöbələrə əməl etməlidir. Şöbədən-şöbəyə keçidi pozmamalıdır.

Muğam o üzlü, bu üzlü Azərbaycanımızın hər yerində, xüsusən Bakı, Abşeron, onun kənd və qəsəbələrində, Qarabağda, Şuşada, Ağdamda, Şirvanda, Şəkidə daha çox sevilir. Bu diyarlarda toy şənliklərində adətən muğamdan istifadə olunur. Tanınmış muğam ifaçıları, xanəndələr toylarda, el şənliklərində öz məharətlərini göstərirlər.

012

Xatırlayıram ki, 1975-ci ilin isti payızında Zaqatalada, rayon Mədəniyyət evində Məhsul bayramı keçirilirdi. Bayram münasibətilə respublikamızın adlı-sanlı əməkçiləri, onlarla birgə tanınmış sənət adamı, muğama dərindən bələd olan gənc xanəndə, Üzeyir Hacıbəyovun məşhur “Leyli və Məcnun” operasında Məcnun rolunun bənzərsiz ifaçısı Baba Mirzəyev də vardı. Bayram tədbirinin rəsmi açılışına qədər Baba Mirzəyevlə səmimi münasibətimiz yarandı. Bacım qızı Elmiranın toy şənliyi olacaqdı. Cəsarət edib Baba Mirzəyevi həmin tədbirə - Elmira Cəfər qızı ilə Əyyub Kamal oğlunun toy şənliyinə dəvət etdim. Razılıq verdi. Və beləliklə də 1975-ci il oktaybr ayının 25-də Baba Mirzəyev ansamblı ilə birlikdə qız evinə təşrif buyurdu. Təvazökarlıqdan uzaq olsa da vurğulayım ki, bəlkə də rayonumuzda belə tanınmış xanəndənin iştirakı ilə keçirilən ilk toy şənliyi idi. Yaddaşımda qalmışkən deyim ki, yeznəm Cəfər Qəhrəman oğlu və bacım Gözəl Əhməd qızı ilk övladlarının toy şənliyində musiqi seçimini mənə tapşırmışdılar. Bu səpkili musiqi seçimi mənim muğama, muğamata olan sonsuz istək və məhəbbətimdən, hörmətimdən irəli gəlirdi.

Azərbaycan muğam ifaçılığı məktəbi (belə adlandırsam səhv olmaz) keçən yüzilliklər ərzində böyük, şanlı-şərəfli bir yol keçib. Bu yolun nə vaxtdan başlanması haqqında fikir söyləmək mümkün olmadığı kimi, nə zaman tamamlanacağı barədə də nəsə demək çox çətindir. Qənaətimiz belədir ki, nə qədər Azərbaycan xalqı var, muğam da onun milli dəyəri olaraq yaşayacaqdır. UNESCO-nun qeyri-maddi irs siyahısında yer alan muğam xalqımızın yaratmış olduğu musiqi mədəniyyətinin aparıcı bir hissəsidir.

Ömrümün ötüb illəri ərzində muğama olan sonsuz istək və arzumla əlaqədar dinlədiyim və sənətlərinə heyranlıqla məftun olduğum neçə-neçə muğam ifaçısı - xanəndə var. Bu xanəndələrin oxuduqları muğamları dinləməkdən yorulduğum heç yadıma gəlmir. Təkcə onu vurğulayım ki, 2005-ci ildən 2023-cü ilə qədər respublikamızda keçirilən muğam müsabiqələrinin daimi dinləyicisiyəm. Ustad sənətkarların böyük zəhmətlərini dəyərləndirməsəm, günah olar. Müasir dünyamızın nadir səs sahibi  Alim  Qasımovun  dünyanın  bir  çox  ölkələrində,  xüsusən “Vətən” cəmiyyətinin xətti ilə Almaniyada verdiyi solo konsertlər dünya xalqlarını Azərbaycan muğamına məftun etmişdir. Seyid Əzim Şirvaninin məşhur  “Dustlər, mən görən ol dilbəri-ziba kim idi? Dağıdan gül üzünə zülfi-mütərra kim idi?” beyiti ilə başlayan qəzəli Alim Qasımova böyük hörmət qazandırmışdır.

Hər bir muğam həvəskarı kimi, mənim də səslərini, oxu tərzini bəyəndiyim onlarca xanəndələrimiz vardır. Onların sırasında Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski (hər ikisi val yazısı ilə), Xan Şuşinskinin bütün oxuduqları, xüsusən “Şahnaz”, Yaqub Məmmədovun hər bir muğamı, xüsusən “Mənsuriyyə”, Hacıbaba Hüseynovun bütün ifaları, Əlibaba Məmmədovun yaradıcılığı, ələlxüsus “Hümayun”, Arif Babayevin “Segah”ı, Şahmalı Kürdoğlu, Mənsum İbrahimovun “Qarabağ” şikəstəsi və sair daha çox xoşuma gəlir. Rübabə xanım Muradova öndə olmaqla, Azərbaycan qadın xanəndələrinin, eyni zamanda muğam müsabiqələrindən sonra tanınmış gənc xanəndələrin ifa etdikləri hər bir muğamı məftunluqla, yorulmaq bilmədən dinləməkdən zövq alıram.

005

Nə yaxşı ki, barələrində çox qısa şəkildə söz açdığım xanəndələrin ifa etdikləri muğam nümunələri Azərbaycan radiosunun qızıl fondunda saxlanılır. Xəsisliklə olsa da hərdən-hərdən radio dalğalarında dinləyicilərə təqdim olunur.

Mənimlə həmfikir insanlar yəqin hiss etdilər ki, muğam dünyası bir möcüzədir. Bu möcüzənin sirlərini açmaqda mən çox acizəm.

Maraq dairəmin ikinci xətti rəngkarlıqla, rəssamlıq sənəti ilə bağlıdır. Bu onilliklər ərzində adi qara karandaş, sulu, yağlı boya, flamastirlərlə çəkdiyim rəsm nümunələrinin müəyyən nümunələrini çap etdirdiyim hər üç kitabımda verməyə çalışmışam. Rəsm çəkməyə marağımın yaranmasında anam Yetər İbrahimxəlil qızının qardaşı oğlu Cəfər Qəhrəman oğlunun, Zaqatala Pedaqoji texnikumunda təhsil aldığım illərdə rəsm müəllimim Bayraməli Muradovun böyük təsiri olmuşdur. Maraq kəsb edən cəhətdir ki, Bayraməli müəllim çəkdiyim rəsm nümunələrini nəzərdən keçirdikdən sonra mənə bir qutu yağlı boya, bir fırça və sol əldə tutulan rəsm taxtası bağışlamışdır.

Əziz oxucular, sizlərin dəyərli vaxtınızı almış olsam da belə, mövzu üzrə yaddaşımda qalan düşüncələrimi tam şəkildə yazıya ala bilmədim. Bəlkə bu heç mümkün də deyil. Qoy uca Allah, hamınızı qorusun! 

Sabir Qurbanov,

pedaqoq-veteran, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Zaqatala rayonu, Kəpənəkçi kəndi

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN