Əminliklə demək olar ki, Ordumuz Qarabağı yadellilərdən necə təmizlədisə, Müşfiq Hətəmov da SPACE-ni yad niyyətlilərdən o cürə təmizləyəcək...
...Kim deyirsə ki, “SPACE” kanalının rəhbər sarıdan bəxti gətirməyib, bu qənətlə qətiyyən razı deyiləm. Çünki bu kanalın doğum və ayaq üstə olub fəaliyyət göstərmə tarixi gözümün qarşısında, yaddaşımın ən iti yerindədir.
Unutqanlar üçün deyim ki, “Space” fəaliyyətə başladığı 1997-ci ildən başlayraq 2001-ci ilə kimi bu, kanala Prezidentin sabiq köməkçisi, tanınmış politoloq Eldar Namazov, 2001-2006-cı illərdə isə yenə də təcrübəli televiziya mütəxəssisi Etibar Babayev rəhbərlik edib. Hətta onu da deyim ki, həmin illərdə “Space”nin canlı efirində o dövrün tanınmış aparıcıları məmurları jurnalistlərlə debata çağırardı. Belə debatlarda şəxsən özüm dəfələrlə iştirak etmişəm, uzun illər tamaşaçı yaddaşında müzakirə mövzusu olan və sözün yaxşı mənasında səs-küy yaradan müzakirələrin “ağırlıq mərkəzi”ndə olmuşam. Olduqca maraqlı və gerçək müzakirələr aparılardı.
Mən hələ onu demirəm ki, bu kanalın maraqlı layihələri ictimai müzakirələrdə daim üstün reytinqə malik idi. Gənc muğam və estrada ifaçılarının yarışmaları keçirilərdi, istedadlılar önə çıxarılardı, ictimai əhəmiyyət kəsb edən mövzular qabardılar və müzakirəyə verilərdi. Siyasi, bədii, iqtisadi və s. mövzularda isə tanınmış, nüfuzlu icmalçılar efirə çıxardı... Bu, əslində, o dövrdə bəzi TV jurnalistlər üçün bir məktəb idi.
***
...Günlərin birində, daha dəqiqi, 2006-cı ildə teleşirkətə kinorejissor Vaqif Mustafayev rəhbər gətirildi. Ta 2021-ci ilin fevralın ayının 5-dək. Yəni, 15 il! Bu yaxınlarda isə Vaqif Mustafayev bu vəzifədən qalmaqalla getdi.
Yəqin Amerika kəşf etmərəm desəm ki, məsələn, adətən, rəhbərlər vəzifədən gedəndə özləri ilə ya babat pul, böyük malikanələr, bağ-bağça, şadlıq evləri, restoranlar, zavodlar, xarici ölkələrin banklarındakı yatırımları... apararlar. Ya böyük nüfuz və xətir-hörmət! Ya da korrupsiya əməllərinə görə 15 illik həbsxana həyatı!
Bəs Vaqif Mustafayev 15 illik “Space” fəaliyyətindən və həyatından nə apardı? O, bu 15 il ərzindəki fəaliyyətindən nə apardı deyə bilmərəm, aparıbsa, halal xoşu olsun. Amma onu dəqiq bilirəm ki, o, özündən sonra zamanında tamaşaçılarını ekranı başına toplayıb həsrətlə verilişlərini gözlətdiyi bir telekanalın adına möhürlənmiş “Mikayıl Şou” kimi mağar təfəkkürlü veriliş aparıcılığını və ekranda adı görünəndə kanalı dərhal dəyişən tamaşaçı kütləsini qoyub getdi... Bir də mağar müğənnilərinin toplaşdığı bir məkanı-meydanı! Ən betəri isə böyük ənənəsi olmuş bir telekanalın olan-qalan müsbət nə imici var idisə, onu da götürüb zibil qutusuna atıb getdi...
***
Vaqif Mustafayevin peşəkar kino bilicisi, tanınmış ssenarist olmasına qəti şübhəm yoxdur. Və həm də onun bu 15 illik TV rəhbərliyində “2” almasına da qəti şübhəm yoxdur. İnciməz yəqin desəm ki, mümkünsə, “Space”-nin 4-5 il əvvəlki adını çəkmək istəmədiyim bəlli aparıcılarının ətrafına jurnalistikadan kənar məlum “peşə biliciləri”ni, media cameəsində mənfi və neqativ ad çıxarmışları ekspert qismində ekran başına yığıb millətə tərbiyədən, qeyrət və namusdan, mədəniyyətdən “dərs” keçdirənlərin və keçənlərin sifətinə bir də baxsın! Və bir də yaxşı olar Mikayıl Güləddinoğlunun tarixi ənənəsi olan bir TV-nin adı ilə necə toyxana məclisi qurduğunu yadına salsın. Guya Vaqif Mustafayev bilmirdi ki, rəhbəri olduğu o efirdə nə baş verirdi?! İndi çoxluğun yadında rəhmətlik Brejnevdən qalma dövrün hind filmlərinin yayımı qalıb. Çünki “Space” hind filmlərinin nümayiş yeri olan yeganə kino zalı kimi xatırlanmaqdadır! Məncə, bütün bunlara əməllicə təəssüflənmək olar!
***
...Və nəhayət, sözü çox uzatmadan gəlirəm mətləbə: 20 may 2021-ci il tarixdən “Space”-nin rəhbərliyi Müşfiq Hətəmova etibar edildi. Mən “Təyin olundu” demədim və bunu mütləq nəzərə alın!
Heç bir ay deyil, bu TV-kanalın sifətinə baxın, bədii dildə desəm, ekranın sifəti açılıb, üzü gülümsəyir...
Zarafat kimi də qəbul edə bilərsiniz, bir dostum ötən il mənə dedi ki, nəvəmin 3 yaşı var, hələ də dili açılmır, neçə həkimə aparmışıq, bir nəticəsi yoxdur... Dedim, bunun çox sadə bir yolu var: “Space”-ni aç, “Mikayıl-Şou”nu ekrana gətir, qoy nəvən baxsın, dərhal dili açılacaq...
Bunu həm də ciddi şəkildə deyirəm. Çünki belə duzsuz, mənasız, lağlağı və s. kimi verilişlər Azərbaycanda nə qədər lal adamların dilini açıb...
***
...Müşfiq Mürşüd oğlu Hətəmov haqqında bilgim belədir ki, o, tanınmış ssenaristdir, kinoprodüserdir, 8 il “Azərbaycanfilm” kinostudiyasının direktoru olub. Azərbaycanın Əməkdar incəsənət xadimidir... 2000-ci ildə təsis etdiyi “MM” MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olub. 2002-ci ildən 2006-ci ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb. O, nəhayət, 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik edib.
Belə bir təcrübəli və mədəniyyət bilikli şəxsin-mədəniyyət xadiminin “Space” kimi böyük ənənəsi-keçmişi olan telekanala rəhbər təyinatı heç bir halda təsadüfi ola bilməz. Seçən haqlı və doğru olduğu qədər, seçilən də bu etimada layiqli bir dəyərə sahib şəxsdir. Deməli, “uman yerdən küsərlər” deyib “Space”-dən uzun illərdir küsmüş və haqlı incimiş tamaşaçılarla “barışmağın” və dost olmağın yolu və bu yolun bilicisi tapılıb. Qalır ona dəstək olmaq, Space-dəki üfunət iyi verən dəstənin fəaliyyətini doğru qiymətləndirib onları biryolluq kənarlaşdırmaq.
Qısası, ciddi islahatlara getmək vaxtı və məqamıdır! Bağlanası verilişləri bir-bir sadalamaq istəmirəm, çünki gəlin, əyri oturub düz danışaq, verilişin və telekanalın nə günahı? Əksinə, həmin verilişlərin “qapısını” o verilişləri şəxsi niyyətinə və təcrübəsiz, bəsit dünyagörüşünə qurban verənlərin üzünə bağlamaq kifayətdir! O qədər təcrübəli, savadlı reportyorlar və jurnalistlər var ki! Gəlin Space-nin qapılarını belə jurnalistlərin üzünə taybatay açaq. Çünki bu qapı 12 oktyabr 1997-ci il tarixdə “anadan olmuş”, son 15 ildə “paralic” keçirmiş, amma artıq “xəstəlik” diaqnozu dəqiq qoyulub müalicəyə yatımlı edilmiş Space-nin tamaşaçılarının üzünə taybatay açıq olacaq!
Sonda: öyrəndim ki, hazırda Space-də 365 nəfər çalışır. Düşünürəm, 3-5 naşının bəlli efir vəziyyətinə saldığı bir kanalda bu qədər işçi varsa, niyə onlar təxminən 700 gözün qarşısında baş verənlərə susub gözlərini yumublar???
Gəldim yazının nidasına: Vaqif Mustafayev “Space”-nin tarixi ənənəsinə və imicinə, tamaşaçı sevgisinə nöqtə qoyub gedib... Amma şəxsən mən bir tamaşaçı kimi inanıram ki, Ordumuz Qarabağı yadellilərdən necə təmizləyibsə, təcrübəli Müşfiq Hətəmov da “SPACE”-ni yad niyyətlilərdən o cürə təmizləyəcək... Əsas odur ki, onun bu məsələdə təmiz niyyəti var...
Asif Mərzili