Artiq 5 ildir ki, Azərbaycanda 27 mart tarixi “Elm günü” kimi qeyd olunur.
Belə ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.
Bu gün elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.
Xatırladaq ki, Azərbaycanın 2022-ci il üçün təsdiq olunan dövlət büdcəsindən elmə 202.9 milyon manat ayrılıb. Sənədə əsasən, bu, büdcə xərclərinin 0,7 faizi deməkdir. 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə isə təxminən 10.6 faiz çoxdur. Vəsaitin 134 milyon manatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və 46 tabeli qurumuna yönəldiləcəyi nəzərdə tutulmuşdu.
***
Qeyd edək ki, AMEA-dan narazılıqlar da az deyil. Rəhbərlər dəyişsə də bu narazılıqlar hələ də aradan qalxmır. Ümumilikdə isə Azərbaycan elminin dünya ilə ayaqlaşan inkişaf tempinə çata bilməməsi təəssüf doğurur. Bu barədə mətbuatda mütəmadi olaraq alimlərin şikayətləri, ekspertlərin fikirləri, təklifləri dərc edilir, sosial şəbəkələrdə qızğın polemikalar gedir - Azərbaycanda elmi dərəcəsi olanların sayının günbəgün artımı baş versə də elmi - tədqiqat sahələrində fəaliyyət göstərən alimlərin sayının hələ də kifayət qədər olmadığı, bunun da elmi inkişafın keyfiyyətinə təsir etdiyi, bu sahədə böyük potensialı olan gənc nəsillərin inkişafına mane olunduğu, AMEA-da idarəetmənin lazımi səviyydə qurulmadığı, həmçinin elmdə məmurlaşma getdiyi üçün bütün bu və digər halların baş verdiyi bildirilir.
Bir zamanlar, Xalq şairi Bəxtiyar Vahabzadə də “Elmimiz nə üçün geri qalır? məqaləsində elmimizdə həlli vacib və aktual olan bəzi məsələləri gündəmə gətirmişdi. Lakin belə görünür ki, şairin o zaman diqqətə çatdırdığı həlli vacib olan elmi problemlərin bir çoxu bu gün də aktualdır...
Onu da diqqətə çatdıraq ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzaladı. Fərmana əsasən, AMEA-nın bəzi elmi müəssisə və təşkilatları, habelə digər qurumları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi.
Və bundan sonra Azərbaycan alimlərinin daha böyük elmi nailiyyətlər əldə edəcəyi gözlənilir.
JASMİN