K.Beydullayev: “Kənardan bu, möcüzə kimi görünə bilər, amma mən bu prosesdə özümü qəhrəman saymıram”.

Yer üzündə hər gün yüzlərlə xəstə insana orqan köçürülərək həyata qaytarılır. Müalicəsi başqa yolla mümkün olmayan xəstələrin həyatda qalması üçün yeganə çıxış yolu orqan transplantasiyasıdır. Bu gün transplantologiya – müasir elmin ən mühüm nailiyyətlərindən biridir, tibb sahəsində əldə edilən ən yüksək zirvədir.

Transplantologiya perspektiv sahə olub, şübhəsiz ki, nə vaxtsa insanlar tərəfindən adi tibbi əməliyyat kimi qəbul olunacaq, hələlik isə bu sahədə təcrübəli və peşəkar həkimlər sayladır. Belə həkimlərdən biri Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, cərrah-transplantoloq Kamran Beydullayevdir.

-Kamran həkim, Siz 15 ildən çoxdur ki, orqan transplantasiyası əməliyyatları həyata keçirirsiniz. Təcrübənizdə daha çox hansı əməliyyatlar olub?

-Bəli, mən son 15 ildə ümumi cərrahiyyə əməliyyatları ilə yanaşı, orqan transplantasiyası əməliyyatlarını da icra edirəm. Bunlara qaraciyər və böyrək transplantasiyası əməliyyatları daxildir. Ümumi cərrahiyyə əməliyyatlarına isə seçim qoymuruq, bütün cərrahi əməliyyatları - qida borusundan başlamış mədə, mədəaltı vəzi, bağırsaqlar, öd yolları, dalaq və s. - hamısını icra edirik. Ümumi cərrahiyyə əməliyyatlarında statistika aparmamışıq, amma yəqin ki, bu statistika digər böyük ümumi cərrahiyyə mərkəzlərinin statistikasından çox da fərqlənməz. Qaraciyər transplantasiyası ilə bağlı olaraq bu sahənin əməliyyatlarında daha dərin biliyə və vərdişlərə malik olduğumuz üçün hepatobiliar əməliyyatlarla bir az daha çox rastlaşırıq. Qaraciyər, öd yolları, mədəaltı vəzi xəstəlikləri ilə bağlı müraciətlər çox olur.

Mən fəaliyyətimin son 15 ilində 1000-ə qədər böyrək transplantasiyası, 350-yə qədər qaraciyər transplantasiyası əməliyyatlarında iştirak etmişəm. Qeyd edim ki, Azərbaycan üçün bu rəqəm yetərincə böyük rəqəmdir və mən bu rəqəmi söyləməkdən qürur duyuram.

-Bu illər ərzində icra etdiyiniz transplantasiya əməliyyatlarında hansısa yeniliklər, dəyişikliklər varmı?

-Bəli, biz fəaliyyətimizi ən müasir elmi nailiyyətlərə əsaslanaraq davam etdiririk,  dünya tibb sahəsində baş verən hər bir yeniliyiı izləməyə çalışırıq. Bu yaxınlarda ABŞ-ın nüfuzlu Elsevier nəşriyyatının çap etdirdiyi “Transplantation Proceedings” jurnalında həmmüəlliflərdən biri olduğum 2 məqaləmiz dərc olunub. Böyrək transplantasiyası əməliyyatlarında donorlar üzərində laparoskopik əməliyyatlar edirik, bu proses 40-45 dəqiqə çəkir, bu da yetərin qədər yüksək vərdişlərimizin yarandığını sübut edən amildir. MDB məkanında uşaqlarda qaraciyər transplantasiyası əməliyyatlarında  donor əməliyyatını ilk dəfə biz laparoskopik yolla icra etmişik, cəmi 2 əməliyyat icra olunub, hazırda bu istiqamətdə işlərimiz davam edir.

Artıq bəzi ölkələrdə böyrək transplantasiyası əməliyyatlarında böyrək donorlarını robotik üsulla əməliyyat edirlər. Yaxın vaxtlarda Azərbaycanda lazımi cihaz alınarsa, biz böyrək donorları üzərində robotik əməliyyatlar həyata keçirməyi planlaşdırırıq. Qaraciyər transplantasiyası əməliyyatlarında isə yaxın vaxtlarda meyitdən orqan köçürülməsi prosesinin işə düşməsini gözləyirik. Ümid edirik ki, bunu da Mərkəzi Gömrük Hospitalının Сərrahiyyə və orqan transplantasiyası şöbəmiz uğurla həyata keçirəcək.

-Müalicəsi yalnız orqan transplantasiyası olan bəzi xəstəliklərə yoluxmamaq üçün peyvəndlər mövcuddur. Bu xəstəliklərə qarşı peyvənd olunmaqla, qarşısını almaq mümkündürmü?

-Söhbət yəqin ki, hepatit B virusundan gedir, çünki qaraciyər sirrozuna gətirib çıxaran xəstəliklərdən yalnız hepatit B-yə qarşı peyvənd mövcuddur. Hepatit C-yə qarşı peyvənd hal-hazırda təəssüf ki, mövcud deyil. Situasiya belədir ki, biz adətən son dönəm qaraciyər xəstəlikləri ilə qarşılaşırıq, onların yeganə yolu transplantasiya qalır ki, biz də onu icra edirik.

-Əksər hallarda insanlar hər hansı xəstəliyə yoluxduqdan sonra həkimlərin dedikləri analizləri verir və gözləmədiyi, heç bir ağrı onları narahat etmədən hepatit virusunun daşıyıcısı olduqları məlum olur. Hepatiti vaxtında aşkarlamaq üçün nə etmək lazımdır?

-Hepatit olub-olmamağını bilməyin ən düzgün, etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir. Burada xroniki qaraciyər xəstəliyi törədən hepatit B və hepatit C-dən söhbət gedirsə, onların B-də 20%-i kəskin formada keçir, yəni saralma ilə müşahidə olunur, C-də isə saralma hallarına daha az rast gəlinir. Digər hallarda hepatitə yoluxma hiss olunmur, yuxarı tənəffüs yollarımın katarı kimi, qrip kimi qısa xəstəlik əlamətləri müşahidə olunur, bunlar qeyri-spesifik əlamətlərdir. Ona görə də yeganə yol analiz verməkdir.

-Orqan transplantasiyası zəruri olan xəstəliyə məruz qalmış insan üçün donor tapmaq nə qədər çətin prosesdir? Donora qarşı tələblər hansılardır?

-Mən hazırda transplantasiya komandasında donorlarla daha çox məşğul oluram. Donor üçün ilk tələbimiz – qan qrupunun xəstənin qan qrupuna uyğun olmasıdır, qaraciyər transplantasiyası üçün yaşı 18-dən 55-ə qədər, böyrək transplantasiyası üçün isə 18 yaşdan başlayaraq yuxarı yaş həddi qoymamışıq.

İkincisi, könüllü, təmənnasız qaraciyərinin bir parçasını verən insanlar, bu, ilk növbədə, qohumlardır, emosional və ya genetik bağlılığı olan insanlar ola bilər. Bunlar ilkin seçim üçün şərtlərdir. Donor sağlam olmalıdır, çünki o da böyük əməliyyata məruz qalır.

Üçüncü şərt əməliyyatın texniki icrasının mümkünlüyünü aydınlaşdırmaqdır. Bəzən elə olur ki, bir xəstə üçün bir donor tapmaq kifayət edir və əməliyyat icra olunur. Elə hallar da olur ki, 10 namizəd donor kimi yoxlanılır, heç biri uyğun gəlmir...

Hazırda bütün dünyada donor qıtlığı var, bu səbəbdən də marjinal donorlar istifadə olunur. Dünyada KADAVRA proqramı var. Bizim ölkəmizdə bu istiqamətdə iş gedir. Əgər bu proqramı qurmaq mümkün olarsa, bunun hesabına müəyyən mənada donor qıtlığı məsələsi həll edilmiş olar.

-Həkim-transplantoloq kimi xəstələrinizə orqan köçürdükdən sonra keçirdiyiniz hisslər barədə nə deyə bilərsiniz? Bir insanı yenidən yaşatmaq Sizin üçün nə deməkdir?

-Həqiqət budur ki, biz bunu adi, gündəlik bir iş kimi qəbul edirik. Bəlkə də karyeramın ilk illərində hər uğurlu əməliyyatdan sonra qürur kimi bir hiss yaşayırdım. Professional vərdişdənmi irəli gəlir, - deyə bilmərəm, hazırda elə bir xüsusi hiss keçirmirəm. Qəribə görünsə də, deyərdim ki, bəlkə də bu bir tərəfdən yaxşıdır, o mənada ki, emosiyalar sənin qərar verməyinə təsir etmir. Təsəvvür edin, həyatının son günlərinii sayan bir insan əməliyyatdan sonra özünü yenidən həyata qayıtmış insan kimi hiss edirlər. Kənardan bu möcüzə kimi görünə bilər, amma mən bu prosesdə özümü qəhrəman saymıram.

-Maraqlı müsahibəyə görə Sizə təşəkkür edirik. Sizə bu məsuliyyətli işinizdə uğurlar arzulayırıq.

Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilara Zamanova

(Xüsusi olaraq "Təzadlar" üçün)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN