Goranboy rayonundan deputat seçilmiş Anar Məmmədovun köməkçisi Elçin Cahangirovun qanuna zidd əməlləri haqqında redaksiyamıza müraciət göndərənlər şəhid ailələri deyilmiş
Qəzetimizin 10.08.2021-ci il tarixli sayında “Goranboyda deputat köməkçisi “Eldəniz Səlimovluq” edir” başlıqlı yazı dərc olunmuşdu. Yazıda özlərini şəhid ailələri kimi təqdim edən Əliyev Musa Sabir oğlu, Dadaşzadə Akif Elnur oğlu və Əliyev Sabir Elşən oğlunun Prezident İlham Əliyevə və bir çox dövlət qurumlarının rəhbərlərinə ünvanlanmış müraciəti əksini tapmışdır.
Şəhid ailələri bir surətini də “Təzadlar”a göndərdikləri müraciətlərində Goranboydan deputat seçilmiş Anar Məmmədovun köməkçisi Elçin Cahangirovun qanunsuz hərəkətlərindən bəhs etmişlər. Goranboydan olan şəhid ailələri qeyd etmişlər ki, deputat köməkçisi Elçin Cahangirov Goranboy rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevlə birləşərək soyğunçuluqla məşğul olub və bunun da nəticəsində, külli miqdarda əmlaka sahib olub. İcra hakimiyyəti başçısının birinci müavini işləmiş E.Cahangirov ayrı-ayrı insanlardan müxtəlif bəhanələrlə 10 min manatlarla pul əldə edib və müraciət sahiblərinin yazdıqlarına görə hətta şəhidlərin dəfnində onlara olunan yardımlara da əl uzadıb. Yeni gələn icra başçısı Məhərrəm Quliyev onu vəzifəsindən azad edib, ancaq hansı yollarlasa deputat Anar Məmmədovun köməkçisi vəzifəsinə yiyələnib. Bundan əlavə, şəhid ailələri E.Cahangirovun daha bir neçə qanunsuz əməllərini sadalayırlar.
Yazının dərcindən əvvəl əks tərəfin mövqeyini öyrənmək məqsədilə E.Cahangirovla əlaqə saxlaya bilmədik. Yazıdan sonra, nəhayət, adı bir çox qanunsuzluqlarda hallanan E.Cahangirovla redaksiyamızda görüşdük. E.Cahangirov onun haqqında deyilənlərin tamamilə şər-böhtan, cəfəngiyat olduğunu və bu müraciətin xüsusi qərəzlə yazıldığını qeyd etdi: “Məni yaxşı tanımaq istəyirsinizsə, buyurun, Goranboya qonaq gəlin, yerli sakinlərdən məni soruşun. Əgər bir insan məni müavin işlədiyim dövrdə haqqımda bircə pis söz desə, mən hər kəsdən üzr istəməyə hazıram. İşlədiyim dövrdə ancaq Prezident cənab İlham Əliyevin göstərişlərini can-başla yerinə yetirmişəm. Prezident cənab İlham Əliyevin müşavirələrdə tez-tez dediyi “Hər bir məmur xalqa xidmət etməlidir. Xalqın birinci xidmətçisi mən özüməm” fikirləri bizim üçün həmişə önəmli olub. Əgər Prezidentimiz belə deyirsə, biz onun yerlərdə əsgəri kimi nə karəyik ki, xalqa xidmət etməyək? Mən necə pullar mənimsəmişəm ki, bir evimi tikib başa çatdıra bilmirəm. Evimin hətta döşəməsi yoxdur. Tələbə olan qızlarım Bakıda kirayədə yaşayır. Mənim hətta maşınım belə yoxdur. Axı mənə qarşı bu adamlar çox insafsızcasına hərəkət edirlər. Buyurun, sizə bir sənəd göstərim və baxın bu adamların şəhid ailələrinə dəxli var ya yox?”.
Bu yerdə E.Cahangirov telefonunda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Goranboy rayon filialının sədri O.Əliyevin imzası ilə vatsapda olan möhürlü-ştamplı məktubunu göstərdi. Məktubda yazılıb: “Azərbaycan Respublikası Milli Məclisinin üzvü, millət vəkili cənab Anar Məmmədova.
Sizin rəsmi müraciətinizə cavab olaraq bildirirəm ki, aşağıda adları göstərilən şəxlər müxtəlif sosial şəbəkələrdə özlərini şəhid ailəsi üzvləri kimi təqdim edən Əliyev Musa Sabir oğlu, Dadaşzadə Elnur Akif oğlu və Əliyev Sabir Elşən oğlunun hər birinin ailə üzvünün, həmçinin qohumluq əlaqəsi olan hər hansı bir doğmalarının adları Goranboy rayon İcra Hakimiyyətinin aidiyyəti şöbəsində, o cümlədən bizim cəmiyyətdə şəhid statusu adı almış şəxslərin siyahısında aşkarlanmadı”.
E.Cahangirov söhbətinə davam etdi: “Gördüyünüz kimi, sizə müraciət ünvanlayan o şəxslərin şəhid ailələrinə heç bir aidiyyəti yoxdur. Mən hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindəyəm. O şəxslərin tapılıb, hüquqi qaydada cəzalandırılması üçün əlimdən gələni edəcəyəm. Şəhid ailəsi adından sui-istiafə edərək, mənim şərəf və ləyaqətimi alçaltmış, işgüzar nüfuzuma ciddi ziyan vurmuş, eyni zamanda seçildiyi ərazidə mütəmadi olaraq seçicilərinin və şəhid ailələrinin problemlərini həll edən, onlara daim qayğı və diqqət göstərən millət vəkili Anar Məmmədovun nüfuzuna kölgə salmağa cəhd edirlər. Goranboy camaatı Anar Məmmədovu əsl xalqın adamı kimi tanıyırlar. Ona həmişə öz yaxınları kimi müraciət edirlər. Heç bir seçicinin müraciəti Anar müəllimin diqqətindən kənarda qalmır. Onun köməkçisi kimi mən bütün bu işlərin içindəyəm, o problemlərin həllində mən də iştirak edirəm. Xahiş edirəm mənim bu fikirlərimi əks tərəfin mövqeyi olaraq, olduğu kimi dərc edəsiz”.
Bəli, əks tərəf kimi E.Cahangirovun mövqeyini dərc etmək bizim peşə borcumuzdur ki, bunu da yerinə yetirdik. Qaldı şəhid ailələri adından bizə müraciət edən o şəxslərə, yəqin ki, buna hüquq-mühafizə orqanları aydınlıq gətirəcək. Biz də öz araşdırmalarımızı aparacağıq və bu insanların kimliyini aydınlaşdırmağa çalışacağıq. Çünki onlar bizimlə redaksiyanın şəhər telefonunda danışarkən şəhid ailələri olduqlarını bildirdilər və biz də təbii ki, bu kateqoriyadan olan insanlara həssaslıqla yanaşdığımızdan inandıq və müraciətlərini dərc etdik. Dediyimiz kimi, araşdırmamız davam edəcək və bu şəxslərin kimliyinə aydınlıq gətirməyə çalışacağıq.
Elçin MƏMMƏDLİ