İsraildəki məşhur “Sputnik” qəzetinin baş redaktoru Mark Qorin:” Ağdamdakı “Çörək evi” dünyada yeganə muzey idi. Belə bir muzeyi dağıdıb yerlə bir etməyə insan olan kəsin əli gəlməzdi, ancaq ermənilər belə bir vandalizmə də imza atıblar”
44 günlük II Vətən savaşında Azərbaycanın qazandığı zəfərdə qardaş Türkiyənin, Pakistanın və İsrail dövlətinin böyük rolu olduğu danılmaz faktdır. Dost, qardaş dar gündə tanınar prinsipinə, bu 3 dövlət çox yüksək səviyyədə əməl elədilər və Azərbaycanı necə sevdiklərini əməlləri ilə göstərdilər. Müharibədən sonra da hər üç dövlət Azərbaycanın yanında oldular, işğaldan azad olunmuş ərazilərin bərpasında, Azərbaycan Silahlı Qüvvələrinin yenilənməsi və daha da ikişaf etməsi üçün var qüvvələrini əsirgəmədilər.
Qardaş Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa bəyənnaməsi, bu yaxınlarda Türkiyə, Pakistan və Azərbaycan parlament sədrlərinin imzaladıqları üç tərəfli müqavilə, dediklərimizə canlı sübutdur. Eyni zamanda öz dost köməyini əsirgəməyən İsrail dövləti ilə Azərbaycan dövləti arasında 2 milyard dollarlıq silahların alınması barədə gedən danışıqlar göstərir ki, İsrail dövləti müsəlman olmasa da, özünü müsəlman, İslam Respublikası adlandıran və erməniyə daim dəstək verən İrandan bizə daha artıq yaxındır və kömək edir.
Ümumiyyətlə, yəhudilərlə azərbaycanlılar arasında daim sıx bağlantı olub və bu iki xalq arasında milli zəmində heç bir ixtilaf və münaqişə olmayıb. Burada, Azərbaycanda yaşamış və Azərbaycandan gedib İsraildə və Avropada məskunlaşmış yəhudilərin də böyük rolu var. Çünki onlar doğulub, boya-başa çatdıqları Azərbaycan adlı vətənlərində heç vaxt ayrı-seçkilik görməyiblər. Məhz bunun nəticəsidir ki, həm I Qarabağ savaşında, həm də II Qarabağ savaşında yəhudilər erməni işğalçılarına qarşı azərbaycanlılarla və ölkəmizdəki digər xalqlarla birlikdə döyüşərək, şəhid və qazi olmuşar. I Qarabağ savaşında ermənilərə qarşı savaşda öz tankı ilə böyük qəhrəmanlıq nümunəsi göstərmiş və ermənilərin qorxulu röyasına çevrilən Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovu göstərmək olar. Bundan əlavə, yenə I Qarabağ savaşında döyüşmüş baş leytenant Arif Abramov, tank qoşunlarının baş leytenantı Vaqif Abramov, Ağdam cəbhəsində hünər göstərən leytenant Mişa İlyayev, tank qoşunları baş leytenantı Elxan Raziel, Kəlbəcər istiqamətindəki gedən döyüşlərdə şəhid olmuş Dmitri Xanin kimi qəhrəman yəhudi oğullarını misal göstərmək olar.
II Qarabağ savaşında yenə yəhudi oğullar sinələrini Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sipər etdilər. Bakının Nizami rayonundan Boris Abramov, Səbail rayonundan Eldar Zərbəliyev, Quba rayonundan Daniel Zarmayılov və digər bu kimi yəhudi oğulları könüllü olaraq, II Qarabağ savaşında düşmənimiz ermənilərə qarşı əsl qəhrəmanlar kimi döyüşdülər. Belə igidlər bu gün işlədikləri müəssisələrdə diqqət və qayğı ilə əhatə olunmaqla bərabər, gənc nəslə örnəkdirlər.
Ən maraqlısı isə odur ki, Moskvada yaşayan, keçmiş Bakı yəhudisi olan iş adamı Qod Nisanov 44 günlük II Vətən savaşı başlayan kimi, Ermənistan sahibkarlarına məxsus məhsul dolu yük maşınlarını, sahibi olduğu Moskvanın ən böyük topdansatış bazarlarından olan “Food City” kənd təsərrüfatı məhsulları bazarından çıxarmışdı. Ən nüfuzlu erməni milyonerlərinin bununla bağlı xahişlərini və yalvarışlarını da rədd eləmişdi. Bu, bir daha yəhudilərin Azərbaycanı necə sevdiklərinin bariz nümunəsidir.
Bəli, belə oğulların sayəsində Azərbaycan yəhudi dostluğu sarsılmaz tellərlə bağlıdır. Düzdür, Avropada və dünyada güclü erməni lobbisi və diasporası bu dostluğa əngəl olmaq üçün dəridən, qabıqdan çıxır. Ancaq heç nəyə nail ola bilmirlər və bilməyəcəklər də... Axı yel qayadan nə aparar ki? Əksinə, Avropada və dünyada yaşayan yəhudilər Azərbaycan həqiqətlərini həm erməni siyasətçilərinə, həm də dünya ictimai birliyinə, düşən hər fürsətdəcə müxtəlif tədbirlər, konfranslar, elmi simpoziumlar vasitəsi ilə çatdırırlar. Elə Azərbaycanda bir həftəlik qonaq olan israilli jurnalistlər bizimlə söhbətində məhz bu mövzuya da toxundular.
Məlum olduğu kimi “Aziz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri bir həftə Azərbaycanda oldular. Nümayəndə heyətinin üzvlərinin, L.Spivakdan başqa, hamısı İsrailin tanınmış media nümayəndələridir.
Bunların arasında “Təzadlar”la mütəmadi əlaqə saxlayan və informasiya mübadiləsi edən İsrailin “Ronkino Media Group”un Marketinq direktoru Aleksandr Qul Arye, “Aziz”in informasiya saytının rəhbəri, siyasi şərhçi Yuriy Qoçarov, “Lucsheye radio”nun üzvü, “Təzadlar”ın ən fəal oxucularından və informasiya əməkdaşlığı etdiyimiz dəyərli insan və jurnalist, keçmiş Bakı sakini, hazırda İsraildə məşhur “Sputnik” qəzetinin baş redaktoru Mark Qorin və yenə də “Təzadlar”ın sevimli oxucularından olan, İsraildə 30 min tirajla çıxan “Epoxa” qəzetinin baş redaktoru Lyudmila Karasova da var.
Onu da qeyd edim ki, bu görüşün baş tutmasında 44 ildir Mark Qorinlə dostluq edən, Azərbaycanın tanınmış hüquqşünası, dəyərli ziyalı Adil Minbaşının və hüquq elmləri doktoru, professor Fuad Cavadovun böyük xidmətləri oldu. Görüşdə “Təzadlar”ın baş redaktoru Asif Mərzili, əməkdaşımız Yasəmən Məmmədli və bu sətirlərin müəllifi iştirak edirdi. Əvvəlcə “Təzadlar”ın dəvətini qəbul edib müsahibəyə razılıq verdiklərinə görə Mark Qorinə və Lyudmila Karasovaya təşəkkürümüzü bildirdik. Eyni zamanda belə dəyərli jurnalistləri Azərbaycanda görməyimizdən məmnunluğumuzu ifadə etdik. Mark Qorin bildirdi ki, onlar özlərini Azərbaycanda qonaq yox, ev sahibi kimi hiss edirlər. Söhbətimiz zamanı həm M.Qorin, həm də Adil Minbaşı Bakıda olduğu vaxtlarda olmuş maraqlı xatirələrdən və əhvalatlardan danışdılar. O dövrdə Mark Qorinin Moskvada dərc olunan “Sovetskoe industriya” qəzetində, bomba effekti vermiş yazısından və o yazının səbəbkarı Adil Minbaşının gənc vəkil kimi Ali Məhkəmənin plenumuna qədər gedən bir işdə bəraət almasından və günahsız yerə həbs olunmuş gənc bir qızın bəraət alaraq, azad olunmasından maraqlı söhbətlər oldu. Daha sonra və bizim üçün ən maraqlı olan israilli jurnalistlərin işğaldan azad edilmiş Füzuliyə, Cəbrayıla, Ağdama, Şuşaya səfərlər etməsi və onların təəssüratları idi. Burada bir detalı xüsusi qeyd etməyə ehtiyac var. Məlum oldu ki, Mark Qorin 45 il əvvəl, yəni hələ sovet dövründə Adil Minbaşının Cəbrayıldakı Böyük Sağ sahil küçəsi, ev 43-dəki 3 mərtəbəli ata evində qonaq olub. Mark Qorin nəinki Adil Minbaşının ata evini, hətta Cəbrayılın bütün gözəlliklərini yaxşı xatırlayır. İndi kövrək və təsirli səslə bildirir ki, ermənilər nəinki Adil Minbaşının ata evini, hətta bütün Cəbrayılı və işğal etdikləri digər rayonlardakı evləri söküb dağıdaraq yerlə bir ediblər.
M.Qorinin dedikləri: “Mən hələ də şokdayam. İnana bilmirəm ki, insan da bu qədər vəhşiliklər törədər? Yaxşı, tutaq ki, sən bu əraziləri işğal etmisən və müvəqqəti də olsa, buralar sənindir. Bəs niyə orda yaşayış üçün şərait yaratmamısan və olanı da darmadağın etmisən? Deməli, ermənilər özləri də dərk ediblər ki, gec-tez bu torpaqların sahibləri gələcək və ona görə də belə vəhşiliklər törədiblər. Ağdamdakı “Çörək evi” dünyada yeganə muzey idi. Belə bir muzeyi dağıdıb yerlə bir etməyə insan olan kəsin əli gəlməzdi. Ancaq ermənilər belə bir vandalizmə də imza atıblar”.
Bu yerdə söhbətə “Epoxa” qəzetinin baş redaktoru Lyudmila Karasova qoşulur: “Mən belə vəhşilikləri heç kinolarda da görməmişəm. Ağdamda bizə göstərdilər ki, ermənilər qəbirləri qazaraq, ölülərin qızıl dişlərini çıxardıblar. Mən bundan çox sarsıldım. Öyrəndim ki, qəbirlərin üstündəki sinə və başdaşlarında olan yazıları pozaraq, onları mərmər kimi satmışlar. Mən bütün bunları gördükcə, dəhşətə gəlirdim. Hətta Ağdamda məşhur bir qəbiristanlığı traktorla şumlayıb yerində taxıl əkiblər. İlahi, belə də vandalizm olarmı? Ağdamda olarkən bir qadın İsraildən gəldiyimizi biləndə necə sevindiyini sözlə ifadə edə bilmirəm. Boynumu qucaqlayıb, üzümdən öpdü. Mən onda bildim ki, azərbaycanlıların hər birinin İsrail dövlətinə və yəhudilərə necə dərin sevgisi varmış”.
Mənim üçün maraqlı idi ki, ermənilər İsraildə 44 günlük vətən savaşından əvvəl və savaşdan sonra hansı hisslərlə yaşayırlar? Bu suala Mark Qorin belə cavab verdi: “Təbii ki, mənim İsraildə yaşayan ermənilərlə müəyyən münasibətlərim var. Müxtəlif rəsmi tədbirlərdə, adi məclislərdə görüşürük, salamlaşırıq. Bu görüş zamanı mən onlara 44 günlük savaşdan əvvəl haqsız olduqlarını sübut etməyə çalışırdım. Bildirirdim ki, siz Azərbaycan torpaqlarını işğal etmisiniz. Qarabağ tarixən Azərbaycan torpaqları olub. Sizi inandırım ki, yanlış erməni təbliğatı, ermənilərin beyninə necə yeridilibsə, onların əksəriyyəti ermənilərin Qarabağa nə vaxt gəldiklərini və bu gəlişlərinə hansı müharibələrin, hansı sülh müqaviləsinin səbəb olduğunu belə bilmirlər. Mən burada erməni xalqında heç bir günah görmürəm, günah erməni millətçilərində, siyasətçilərində, milyonçu iş adamlarında və tarixi düzgün yazmayan erməni tarixçiləri və alimlərindədir. Çox təəssüf ki, Ermənistanın orta və ali məktəblərində nəinki gənclərə azərbaycanlılara və türklərə qarşı nifrət hissi aşılanır, hətta yaxın tarixi belə tələbələrə səhv öyrədirlər. Məhz bu səbəbdən Avropada və İsraildəki ermənilərin çoxu Qarabağa ermənilərin 1828-ci illərdən gəlməyə başladıqlarını bilmirlər. Mən bütün tarixi faktları onlara həmişə izah edirdim, amma başa düşmək istəmirdilər. Haqlı olaraq Vətən müharibəsi adlandırılan 44 günlük savaşda Azərbaycanın qazandığı qələbədən sonra, mənim bu yöndə işim bir az asanlaşdı. Bir çox ermənilərə əsl həqiqət məlum oldu. Özləri də gördülər ki, mənim dediklərim həqiqətdir və ermənilər Rus- Türk və Rus-İran müharibələrinin nəticəsi olaraq Qarabağa köçürülüblər”.
Növbəti verdiyimiz “Avropa dövlətlərinin işğalçıyla işğala məruz qalana fərq qoymaması və Avropa İttifaqının erməni işğalı nəticəsində ərazilərimizin misli görünməmiş dərəcədə dağıntıya məruz qalmasına baxmayaraq, Azərbaycana 150 milyon avro, bütün bu dağıntıların səbəbkarı, Ermənistan ərazisində bircə evin belə dağılmadığı halda 2,5 milyard avro yardım ayırması ikili standartların nəticəsi deyilmi”- sualına M.Qorin belə cavab verdi: “Bilirsiniz, hər bir dövlətin özünün marağı var. Etiraf etmək lazımdır ki, belə məsələlərdə erməni lobbisinin və diasporunun da güclü təsiri faktdır. Əlbəttə, bu, böyük haqsızlıqdır və sizin dediyiniz kimi, ikili standartların nəticəsidir. Amma gec-tez haqq-ədalət öz yerini tutacaq. Necə ki, indi bəzi ermənilər əsl həqiqəti, yəni Azərbaycanın haqlı olduğunu, Ermənistanın gələcək inkişafının Türkiyə və Azərbaycanla siyasi və iqtisadi əlaqələrin qurulmasından asılı olduğunu deməkdən çəkinmirlər. Tədricən bu proses geniş yayılacaq, Azərbaycan dünyada tanınmış söz və nüfuz sahibinə çevriləcək. Onda Avropa ölkələri də Azərbaycana münasibətdə ikili standarlara son qoyacaq. Azərbaycan Qafqazın ən inkişaf etmiş dövləti olacaq. Biz bunu Qarabağa səfərimizdə də gördük ki, Azərbaycan Prezident cənab İlham Əliyevin göstərişləri əsasında azad edilmiş ərazilərdə necə böyük bir quruculuq işləri həyata keçirilir”.
Söhbətə “Epoxa” qəzetinin baş redaktoru Lyudmila Karasova da qoşulur: “Biz Füzulidə olarkən aeroport tikintisinin necə sürətlə getdiyinin şahidi olduq. Bizim üçün o da maraqlı idi ki, Füzulidən Şuşaya çətin relyef şəraitinə baxmayaraq, 6 zolaqlı yol çəkilir. Olduqca əhəmiyyətli bir işdir. İşğaldan azad olunmuş ərazilərdə olarkən öyrəndik ki, Prezident cənab İlham Əliyevin göstərişi ilə Zəngilanda “Ağıllı kənd”, “Ağıllı qəsəbə”, “Ağıllı şəhər” layihələri həyata keçirilir. Ərazilərdə dövlət strukturları qurulur. İnanırıq ki, çox tezliklə bu rayonlar, kəndlər, qəsəbələr əvvəlkindən də yaxşı qurulacaq və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar. Əlbəttə, mən də, Mark Qorin də rəhbəri olduğumuz qəzetlərdə bu gördüklərimizi yazıb, dünya ictimaiyyətinə çatdıracağıq. Biz Azərbaycanda çox diqqət və qayğı, həmçinin azərbaycanlıların yüksək qonaqpərvərliklərini gördük. Bizə göstərilən belə yüksək qayğı, diqqət və qonaqpərvərliyə görə Azərbaycan xalqına, səfərimizin təşkilatçısı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə, hər birimizin adından təşəkkür edirəm”.
Lyudmila Karasova erməni vandalizminin beynəlxalq səviyyədə araşdırılmasının vacibliyini də söylədi: "...Mark Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının üzvüdür. Bildiyim qədər, komissiya böyük işlər görür... Asif Mərzili də əvvəl söylədi, rəhbəri tanınmış insandır, Salih Kurtdur. Komissiya erməni vəhşiliyini dünyaya çatdırmaqda çox iş görə bilər... Mən də, əgər icazə verilərsə, həmin komissiyanın üzvü olaram... İnanıram ki, belə də olacaq və biz birlikdə erməni vəhşiliyini dünyaya çatdıracağıq".
Bəli, israilli jurnalistlərlə olduqca maraqlı və geniş söhbət etdik. Təbii ki, o söhbətin hamısını qəzet səhifəsinə yerləşdirmək mümkün deyil. Ona görə də “Təzadlar”ın oxucuları israilli jurnalistlərlə söhbətə saytımızdakı video müsahibədə tanış ola bilərlər.
Hazırladı: Elçin MƏMMƏDLİ